Çindən gətirilən «CoronaVAC» mütəxəssislər tərəfindən yoxlanmış, sınanmış, təhlükəsiz vaksindir.
Dünyanı dolaşan, bütün ölkələrin iqtisadiyyatına, insanların həyat tərzinə, dövlətlərarası münasibətlərə təsir edən COVID-19-la bağlı həyəcanlı rəqəmlər arxayınlığa asas olmadığını göstərir. Müxtəlif ölkələrin mütəxəssislərinin araşdırmaları nəticəsində pandemiyaya qarşı vaksinlər hazırlansa da, koronavirusun yayılma sürətinin azalması ilə bağlı göstəricilər dəyişilsə də, hələ ki, COVID-19-a qalib gələn ölkə yoxdur. Pandemiya ilə bağlı açıqlamalardan aydın olur ki, dünya üzrə bu təhlükəli infeksiyaya yoluxanların sayı 100 milyona yaxınlaşır. 2 milyondan çox insan isə pandemiyanın qurbanı olub. Mütəxəssislərin ümumi rəyi budur ki, pandemiyaya qalib gəlmək üçün dünya əhalisinin 60 faizdən çoxunda virusa qarşı immunitet formalaşmalıdır.
Bütün dünyanı bürüyən COVID xəstəliyi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamına əsasən fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının, həkimlərimizin və qonşu ölkələrin təcrübəsinə uyğun quran Operativ Qərargah yaradılmışdır. İnsan, maliyyə, inzibati resurslar səfərbər olunmuş, pandemiya ilə mübarizə məsələlərinə həsr olunmuş müşavirələrdə vəziyyətdən çıxış yolları ilə bağlı müzakirələr aparılmışdır. Qısa müddətdə test laboratoriyalarının sayı artırılmış, maska və dərman qıtlığı aradan qaldırılmış, yeni süni tənəffüs aparatlarının (ECMO) alınması təmin edilmişdir. Xüsusi olaraq bu xəstəliklə mübarizə üçün qısa müddət ərzində modul tipli xəstəxanalar yaradılmış, mövcud xəstəxanaların formatı və reanimasiya şöbələrinin şəraiti dəyişdirilərək koronavirusla mübarizəyə cəlb edilmişdir.
Bəzi aylarda ümumi karantin sərtləşdirilmiş rejimlə əvəz olunmuş, təbii olaraq iqtisadiyyatda, sosial sferada, insanların davranışlarında məhdudiyyətlər tətbiq edilmişdir. COVID-19-la mübarizəyə birbaşa olaraq 644 milyon manata qədər vəsait sərf olunmuşdur. Bu il üçün isə büdcədə hələlik birbaşa 261 milyon manat nəzərdə tutulmuşdur. İqtisadiyyata ümumilikdə təqribən 2,5 milyard manatdan artıq dəstək göstərilmişdir. Xüsusilə işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə dörd dəfə 190 manat birdəfəlik ödəmə verilmişdir. Bu da toplam olaraq 450 milyon manat vəsait deməkdir. Xəstəliyin yayılma dinamikası da stabil deyil. Müxtəlif aylarda tətbiq olunan karantin rejimlərinin sərtləşdirilməsi ilə bəzi hallarda yumşalma hiss olunsa da, vətəndaşlarda yaranan arxayınlıq ciddi tədbirlərin tətbiqini qaçılmaz edir. Pandemiyanın yayılma riskinin ən çox hiss edildiyi Bakı Metropoliteninin, iri ticarət obyektlərinin, əhaliyə kosmetik xidmət göstərən mərkəzlərin fəaliyyətlərinin dayandırılması, məktəblərdə distant təhsilin tətbiqi, bəzi mağazaların onlayn xidmətə keçməsi, pandemiyanın qarşısının alınması üçün nəzərdə tutulan məhdudiyyətlər nəticəsində yoluxanların sayında azalma hiss olunur. Görülən tədbirlər nəticəsində nisbətən yumşalma, stabillik yarandığı üçün yanvarın 18-dən ölkədə bəzi məhdudiyyətlərin aradan qaldırılması o demək deyildir ki, təhlükə arxada qalıb. Karantin rejiminin tətbiqi ilə virusa yeni yoluxanların sayının, ölüm hallarının azalması ilə müqayisədə xəstəlikdən sağalanların sayının 2-3 qat artması ölkədə həyata keçirilən sanitar-epidemioloji vəziyyətin nəzarət altında olması ilə bağlıdır. Son həftələrdə gündəlik yoluxma statistikasında müşahidə olunan azalmalar insanlarda yaranan psixoloji gərginliyi də aradan qaldırır.
Ancaq unutmayaq ki, COVID-19-un fəsadları, yayılma riski hələ davam edir. Bu baxımdan yeni yoluxma hallarının qarşısının alınması üçün tibbi maskalardan, qoruyucu vasitələrdən istifadə, ara məsafənin gözlənilməsi kimi xəbərdarlıqlara əməl olunmalıdır. Virusun yayılması üçün münbit şərait olan kütləvi toplaşmaq hallarına qarşı mübarizə qüvvədədir. Ən etibarlı seçim vaksinasiyanın tətbiqidir. Artıq Almaniyada, İtaliyada, İspaniyada, virusun ikinci ştammı qeydə alınan Böyük Britaniyada, ABŞ-da, Çində, Rusiyada, Türkiyədə vaksinasiyanın tətbiqin prosesinə başlanılıb.
«Koronavirus, əlbəttə ki, bütün dünya üçün çox böyük sınaq idi. Hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə çıxır. Vəziyyət tam nəzarətdədir» söyləyən Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyinin nəticəsində Azərbaycan da vaksinasiya prosesinə qoşulan ölkələr sırasındadır. İnsan amilinə diqqət və qayğının ön planda saxlanıldığı Azərbaycanda da yanvarın 18-dən etibarən COVID-19-a qarşı peyvəndləmə prosesinə başlanılıb. Respublikamızda bir neçə ölkədə sınaqdan keçirilən Çinin «Sinovac» şirkətinin istehsalı olan «CoronaVAC» vaksininə üstünlük verilib.
Bakı Sağlamlıq Mərkəzində keçirilən ilk vaksinasiya prosesində iştirak edən, peyvənd olunan respublikanın səhiyyə naziri Oktay Şirəliyevin mətbuata açıqlamasında qeyd olunduğu kimi, «CoronaVAC»ın mənfi təsirləri hiss olunmayıb. Peyvənd olunanlardan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ölkə üzrə vaksinasiya kampaniyasının uğurla davam etdiriləcəyini bildirmişlər. «Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası»na əsasən, ilk növbədə əhalinin sosial və tibbi cəhətdən yüksək risk qrupuna daxil olan insanların peyvənd ediləcəyi nəzərdə tutulur. Gün ərzində çoxsaylı insanlarla təmasda olan «ASAN xidmət»də, DOST mərkəzlərində, nəqliyyatda, bank sektorunda çalışanların vaksinasiya prosesinə cəlb olunmalarına xüsusi diqqət göstəriləcək. Birinci mərhələdə tibb işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları prosesə cəlb olunacaq. Əsas məqsəd odur dünyada geniş yayılmış pandemiyanın qarşısını almaq, insanların immunitetini gücləndirmək, infeksiyanın yayılma riskini məhdudlaşdırmaqdır. Tənəffüs sistemində nasazlığı olanlar, xroniki hemodializ xəstələri, II tip şəkərli diabetdən əziyyət çəkənlər də ilk vaksin olunanlar qrupuna daxildirlər. İki dozadan ibarət olan peyvəndin birinci vaksinini vurduranlar virusa yoluxsalar belə, xəstəliyi yüngül keçirəcəklər.
Yeniliyin tətbiqi, mahiyyətinin açıqlanması, səmərəsi ilə bağlı təsəvvür yaratmaq həmişə çətin olduğu üçün maarifləndirmə işinin gücləndirilməsi ilə insanlarda ümumi fikir formalaşdırmaq təcrübəsi bu gün daha aktualdır. Xəstəliyin fəsadlarından qorxuya düşən insanlarda peyvəndlə bağlı düzgün fikir formalaşdırmaq, vaksinasiya prosesini uğurla davam etdirmək üçün ilk növbədə tibb işçilərinin fəallığı lazımdır. Bütün dünya dövlətlərində tətbiq olunan peyvəndlərlə bağlı müxtəlif fikirlərin formalaşması insanlarda təlaş yaradır, peyvəndlər barədə neqativ rəylər eşidilir. Amma unutmaq olmaz ki, Ümumdünya Səhiyyə Təşkilatının dünyada tanınan mütəxəssisləri tərəfindən sınaqdan çıxarılan, dəfələrlə yoxlanılan, lisenziya alan vaksinlərin tətbiqinə icazə verilir. Bu baxımdan tam əminliklə demək olar ki, ölkəmizə gətirilən «CoronaVAC» təhlükəsiz və fəsad verməyən vaksindir.
Xuraman İsmayılqızı, «İki sahil»