10 iyul 2020 18:58
930

Pandemiya ilə mübarizə tədbirləri davamlılıq tələb edir

2019-cu ilin sonlarından başlayaraq dünya dəhşətli koronavirus pandemiyası ilə ilə üz-üzə gəlməli oldu. Heç bir ölkənin, heç bir kəsin gözləmədiyi anda meydana gələn bu virus qısa bir vaxt ərzində sərhədləri aşaraq bütün dünyanı cənginə aldı. Çinin Uhan şəhərində meydana gələn COVID-19 inkişafetmə səviyyəsindən asılı olmayaraq Amerika Birləşmiş Ştatları, ən inkişaf etmiş Avropa dövlətləri, digər ölkələr bu virusla mübarizəyə bütün güclərini vermələrinə baxmayaraq tam olaraq pandemiyaya qalib gələ bilmirlər. Belə ki, virus milyonlarla insanın yoluxmasına, yüz minlərlə insanın ölümünə səbəb oldu və hələ də can almağa davam edir. Ümumdünya Səhiyyə Təşkilatı və dünya dövlətləri bu çətin və ağır vəziyyətdən çıxmaq üçün müxtəlif yollar tapmağa çalışır. Azərbaycan dövləti də  COVID-19 pandemiyasına qarşı dərhal və təxirəsalınmaz mübarizə aparan və müvafiq tədbirlər görən ölkələr içərisində ən birincilərdəndir. Belə ki, virusun yayılmağa başladığı vaxtdan dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə vəziyyətin tam nəzarətə götürülməsi, adekvat mübarizə tədbirlərinin görülməsi, pandemiyanın nəticələrinin minimuma endirilməsi məqsədilə verilən tapşırıqlar icra olunması öz müsbət nəticələrini verdi. Digər tərəfdən, pandemiyanın təsir etdiyi bütün digər fəaliyyət sahələri -səhiyyə, təhsil, nəqliyyat, kənd təsərrüfatı və başqa aidiyyəti dövlət qurumları tapşırıq və tövsiyələrə uyğun olaraq paralel və əlaqəli fəaliyyət göstərməyə başladılar. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və islahatları sayəsində yoluxmanın minimuma endirilməsi, xaricdən yoluxan insanların ölkəmizə keçməsinin qarşısının tam və vaxtında alınması məqsədilə ölkəmizin xarici dövlətlərlə bütün dövlət sərhədləri dərhal qapadıldı.

Görülən işlərin davamı olaraq qorucuyucu geyimlərlə və maskalarla bağlı tələbatın tam ödənilməsi, məqsədi ilə dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılışlarında iştirak etdikləri Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsi, Sumqayıtda "Gilan Tekstil Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsi istifadəyə verildi.

Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub.

Yeni növ koronavirus pandemiyasının ölkə iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci il dövlət büdcəsindən bir milyard manatın, eyni zamanda, pandemiyanın yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə doxsan yeddi milyon manatın ayrılması mübarizə tədbirləri çərçivəsində görülən mühüm və əhəmiyyətli işlərdən biridir.

Bu gün Azərbaycan dövləti Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ilə qlobal səviyyədə mübarizə tədbirləri çərçivəsində görülən işlərə dəstək vermək məqsədilə ümumilikdə 10 milyon dollar məbləğində vəsait ayırdı. Təşkilatın Baş direktoru Azərbaycan Prezidentinə məktub ünvanlayaraq pandemiya ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərə verdiyi dəstəyə görə təşəkkürünü bildirib və ölkəmizin sistemi fəaliyyətini yüksək qiymətləndirib. Həmçinin dövlətimiz pandemiya dövründə aidiyyəti beynəlxalq təşkilatlar və dünya dövlətləri ilə əlaqəli şəkildə birgə fəaliyyət göstərərək qarşılıqlı təcrübə mübadilələrinin aparılmasında maraqlı oldu. Təbii ki, bu siyasi startegiyanın müsbət nəticələri özünü göstərməkdədir. Hazırda statistik nəticələrə və bu nəticələrin dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisəli təhlilinə nəzər salsaq görülən işlərin və atılan addımların əhəmiyyəti barədə müsbət qənaətə gələ bilərik.

Nigar Orucova, “İki sahil”