KÖŞƏ

Qvami Məhəbbətoğlu

Paşinyanın saxtalaşdıra bilməyəcəyi reallıq

19 fevral 2020 20:37
5492

Sən demə, Nikol Paşinyan administrasiyası baş nazirin xarici ölkələrdə etdiyi uğursuz çıxışları da saxtalaşdırırmış. Bu günlərdə Angela Merkel ilə Nikol Paşinyan arasında keçirilən görüşü buna misal göstərmək olar. Məlumata görə, baş nazirin rəsmi saytında həmin görüşün erməni dilinə tərcümədə yayımlanan videoyazısı ilə Almaniya Kanslerinin rəsmi səhifəsində yerləşdirilmiş videoyazı arasında müəyyən fərqlərin olması üzə çıxıb. Belə ki, Angela Merkel öz çıxışında Ermənistanda məhkəmə-hüquq islahatları kontekstində Venesiya Komissiyasını xatırladıb, amma erməni dilinə tərcümədə bu barədə heç bir kəlmə də yoxdur. Onu da qeyd edək ki, bu, rəsmi çıxışların və bəyanatların Ermənistanın baş nazirinin komandası tərəfindən təhrif olunduğu ilk hadisə deyil. Hətta bəzi görüşlərdə çəkilmiş kadrlara Nikol Paşinyanın və onun komandasının  düzəlişləri də əlavə olunur.  Bu faktlar bir daha ondan xəbər verir ki, ümumiyyətlə, tarixi saxtalaşdırmaq ermənilərin qanındadır. Bu mənada bu günün hadisələrini saxtalaşdıran ermənilərin törətdikləri Xocalı, Qaradağlı soyqırımlarını, eləcə də Sumqayıt faciəsini özlərinəməxsus şərh etmələri  əslində heç də təəccüb doğurmamalıdır.

Şübhəsiz, bütün bunlar  öz sərsəm bəyanatları, populist çıxışları ilə dünyanı “heyrətləndirən” Nikol Paşinyanın xalqın gözündən salınmamasına yönəlmiş addımlardır. Amma fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə səsləndirilən fikirlərə Nikol Paşinyan administrasiyası əl gəzdirə bilmədi. Çünki həmin debat canlı olaraq yayınlanırdı. Məhz həmin yayım zamanı erməni xalqı öz “lider”inin nəyə qadir olduğunu gördü və onları hara sürüklədiyinin şahidi oldu. Halbuki bu debata qədər ermənilər Nikol Paşinyanın bu qədər miskin vəziyyətdə olduğunu təsəvvür belə etməzdilər. Odur ki, bu debatdan sonra Nikol Paşinyana qarşı etirazlar artmaqdadır. Hətta baş nazirin debat zamanı məğlub duruma düşməsi erməni diasporunu  da hiddətləndirib. Bu isə o deməkdir ki, Münxen debatı Ermənistanda gözlənildiyi kimi böyük mənəvi və psixoloji sarsıntı yaradıb. Başqa sözlə desək, debat Azərbaycanda nə qədər müsbət reaksiya doğurubsa, ermənilərdə də elə o miqyasda böyük bir xof yaradıb.

Eskspert Hatəm Cabbarlı mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, erməni xalqı anlamağa başlayıb ki, sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpasını təmin etməlidir: “İndi erməni xalqı yaxşı dərk edir ki, ərazisindəki hərbi baza, müasir dünyada mövcud olan xristian təəssübkeşliyi, kənar dəstək olmasa, Ermənistan heç zaman işğal etdiyi Azərbaycan torpaqlarını öz nəzarətində saxlaya bilməyəcək.  Göründüyü kimi, vədlərlə hakimiyyəti ələ keçirən, amma baş nazir olduğu iki ilə yaxın müddətdə onların heç birini yerinə yetirməyən Nikol Paşinyan işğalçı ölkə üçün böyük təhlükəyə çevrilib. Bir tərəfdən də Ermənistanda sosial-iqtisadi göstəricilər pisləşib, üstəlik, xarici borclar artıb. Ermənistanda müşahidə olunan hallardan biri də yenidən çoxsaylı etiraz aksiyalarının başlanmasıdır. Ancaq Nikol Paşinyan belə bir şəraitdə öz feysbuk səhifəsində yalanlarını davam etdirir, üstəlik, ölkəsinin “parlaq inkişafı”ndan dəm vurur, yəni bütün bunları özünəməxsus formada saxtalaşdırmaqda davam edir. Amma daha ona inanan yoxdur”.

Ekspertin fikrincə, digər tərəfdən, Azərbaycan islahatları genişləndirməklə, beynəlxalq nüfuzunu yüksəltməklə, iqtisadiyyatını və ordusunu gücləndirməklə işğalçı ölkəyə təzyiqləri artırmaqdadır: “Prezident İlham Əliyevin həmin debatda Nikol Paşinyana öz müqəddəratınızı təyin etmək üçün başqa bir yer tapmağı tövsiyə etməsi isə bir daha hər bir ermənini dərindən düşünməyə vadar edib. Artıq Münxen debatından nəticə çıxaran erməni ekspertləri də bunu etiraf edirlər və vəziyyətin uzun müddət belə davam etməyəcəyini açıq-aydın  bildirirlər. Görünən isə budur ki, Nikol Paşinyan və onun komandası nə qədər  çalışsa da bu reallığı heç vaxt, heç cür saxtalaşdıra bilməyəcək”.