08 noyabr 2019 16:07
107

Paytaxt məktəblərində Dövlət Bayrağı Günü

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib.

BŞTİ-dən bildirilib ki, təhsil müəssisələrində məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Dövlət Bayrağı Gününə həsr olunan konfrans, ədəbi- bədii gecə, disput, dəyirmi masa və mühazirə təşkil edilib. Eləcə də məktəblərdə dövlət atributlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri, idman yarışları keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.

“Dalğalanan bayraq”, “Mənim bayrağım”, “Bayraq mənliyimdir”, “Bir kərə yüksələn bayraq bir daha enməz!”, “Bayrağımız baş tacımız”, “Qarabağda dalğalan, bayrağım”, “Bayrağımız qürur mənbəyimizdir!”, “Mənim bayrağım ən gözəl bayraqdır” və digər mövzularda təşkil olunmuş tədbirlər Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirlərdə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib. Bildirilib ki, ölkə başçısının müvafiq Sərəncamı ilə təsis edilən Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir.

Çıxış edənlər Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırıb, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər. Həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımızın düşmən işğalından azad ediləcəyinə, üçrəngli bayrağımızın doğma Qarabağımızın hər bir guşəsində dalğalanacağına əminlik bildirilib.

Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar təqdim ediblər.