KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

24 dekabr 2019 12:12
2941

Prezidentin doğum günü ərəfəsində verdiyi ismarıc

İyul, 2015. Prezident İlham Əliyevlə

“Mən parlament üzvlərinin fəaliyyətinə qiymət vermək istəmirəm. Çünki bu, hakimiyyətin başqa qoludur. Ancaq yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar. Əgər belə olarsa, bax, dediyim o ictimai nəzarətin bir forması da bu olacaq. Çünki bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin. Yəni, ona xalq dəstək verməlidir.”

Olduqca aydın, açıq, birmənalı ismarıcdır. Bu fikirlər Prezident İlham Əliyevin dekabrın 23-də bir qrup jurnalistə ilin yekunlarıyla bağlı verdiyi geniş müsahibədə öz əksini tapıb. O, bir çox məsələlərlə yanaşı parlamentin buraxılması və yeni seçkilərə gedilməsinə də aydınlıq gətirib. Göründüyü kimi, Prezident deputatlarla bağlı xalq arasında yayğın olan durumdan narahatdır, bunu dilə gətirməklə seçiləcək yeni tərkibə indidən öz mövqeyini çatdırır.

Prezidentin bu mövqeyi həm də ondan xəbər verir ki, o, iddialıların seçkidə dəstəyi kimdənsə deyil, xalqdan gözləməsini tövsiyə edir. Seçici xalqdır, onun dəstəyini almağa layiq olanlar da parlamentdə oturmalıdır.

Ümumilikdə götürəndə cənab Prezidentin müsahibəsi olduqca geniş spektri əhatə etməsi baxımından hələ uzun müddət müzakirə və şərh ediləcək. İstər Avropaya inteqrasiya məsələsi, istər Ermənistanın işğalçılığı, istər Şərq tərəfdaşlığı, istərsə də kadr və struktur islahatları baxımından Prezident İlham Əliyevin dedikləri hər kəs üçün bir ismarıc, həm də sonrakı mərhələdə fəaliyyətə işıq tutacaq mayak özəlliyi daşıyır.

Bu müsahibədə “niyə” suallarına geniş, aydın və birmənalı cavab verildi. Eyni zamanda “əvəzində nə” suallarına da olduqca arqumentləşdirilmiş – tutarlı cavablar eşitdik. Bir liderin bu qədər aydın və məntiqli – əsaslandırılmış nitqi, əlbəttə ki, həm də nitq bacarıqlarını araşdıran, öyrənən, mənimsəmək istəyənlər üçün əlavə fürsətdir.

Bu gün – dekabrın 24-ü Prezident İlham Əliyevin doğum günüdür. 58 yaşı tamam olur. İdeal yaş həddidir. Çox gənc deyil ki, təcrübə və müdriklik problemi olsun. Çox yaşlı da deyil ki, işləmək üçün enerji çatışmazlığı hiss etsin. Məhz bu yaş civarı dövlət idarəetməsində müdriklik və enerjinin vəhdəti dövrüdür. O baxımdan Azərbaycan üçün olduqca önəmli bir mərhələdə – inqilabi islahatlar dövründə İlham Əliyevin prezident postunda olması ölkəmiz üçün əlavə şansdır. Onun geniş beynəlxalq təcrübəsi, dünya liderləri arasında seçkin bir mövqedə olması, qətiyyəti-qərarlılığı Azərbaycanın bir zamanlar tanınmaz bir ölkədən indi çox məşhur bir ölkəyə çevrilməsinə səbəb olub. Bugünkü Azərbaycan heç şübhəsiz məhz İlham Əliyevin əsəridir. İstər sosial-iqtisadi inkişaf, istər siyasi dinamiklik, istər ölkənin qlobal mərkəzə çevrilməsi bütün anlamlarda Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin atdığı təməllər üzərindəki uzaqgörən strategiyanı uğurla gerçəkləşdirməsinin eyni dərəcədə uğurlu nəticəsidir. Bu baxımdan Prezident İlham Əliyevi həm də belə uğurlu-bacarıqlı siyasətinə görə təbrik etmək olar.

Biz də öz növbəmizdə Prezident İlham Əliyevi həm də doğum günü münasibətilə təbrik edirik. O, biz jurnalistlərin ən yaxın dostudur. Bizim əməyimizə qiymət verən, hər əməlimizə layiqli diqqət göstərən lider olmaqla İlham Əliyev əsl xalq adamı olduğunu sübuta ehtiyacı olmayacaq şəkildə təsdiqləyib. Əlbəttə, belə bir liderlə-prezidentlə nə qədər qürur duysaq azdır.

Bir daha sözügedən müsahibəyə qayıdırıq. İstərdik ki, deputatlığa iddia edənlər cənab Prezidentin bu ismarıcını ciddi şəkildə diqqətə alsınlar. Əslində, onun bu ismarıcı yeniləşən parlament üçün bir yol xəritəsidir. Əgər dünənə kimi parlamentdə oturub səsləri çıxmayan, xalqla ümumiyyətlə təmasdan qaçanlar yenidən iddia edəcəksə, artıq ölkə başçısına – liderə sayğısızlıq olacaq. Biz cənab Prezidentin yaşlı dövlət adamlarını islahatlar dalğasında hörmətlə vəzifədən yola saldığı zaman söylədiklərini də xatırlayırıq. Onda İlham Əliyev ümid etdiyini bildirmişdi ki, digər yaşlı dövlət adamları da bu örnəkdən çıxış edər. Lakin sonradan bəziləri bunun müzakirəsini açıb cənab Prezidentin yenidən məsələyə qayıtmasına səbəb oldular. İndi də parlamentə seçilmək iddiasında olanlara bir ismarıc verilir. Bizcə, onlar bu ismarıcı düzgün dəyərləndirməlidirlər…

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?