Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
28 sentyabr 2020 18:16
552

Qurbanovlar ailəsi erməni təxribatının qurbanı oldu - FOTO

Ailə üzvlərindən ikisi məktəbli idi - dünya erməni faşizmini görsün

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri müxtəlif növ iriçaplı artilleriya qurğuları və digər silahlardan atəşə tutması nəticəsində mülki əhali, o cümlədən qadın və uşaqlar qətlə yetirilib, yaralanıb, həmçinin bir çox evə və mülki obyektə ciddi ziyan dəyib.

Ermənistan silahlı birləşmələrinin ölkəmizin dinc əhalisinə növbəti dəfə toplarla atəş açması nəticəsində Naftalan rayonu, Qaşaltı Qarayonlu kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü olmaqla bütövlüklə bir ailə, o cümlədən uşaqlar həlak olub. Eyni zamanda, 19 nəfər mülki şəxs müxtəlif növ bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.

AZƏRTAC-ın bölgə müxbiri Qaşaltı kəndində olub, erməni təxribatının izlərini lentə alıb.

Kənd icra nümayəndəsi Bəhərçi Bayramov bildirib ki, sentyabrın 27-də və bu gün səhər düşmənin intensiv artileriya atəşi Qaşaltıda da açıq-aydın eşidilirdi: “Qurbanovlar ailəsi də həmin vaxt evdə olublar. Onlar bu atəş səslərini eşidərək həyətə çıxıblar. Elə bu vaxt düşmənin hədəfinə tuş gəliblər. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində yüksəkliklər azad olunduqdan sonra erməni təxribatının qarşısı alındı. Kənd sakinləri düşmənin dinc sakinləri hədəfə almasını, bu vəhşiliyi qəzəblə qarşılayırlar”.

Qeyd edək ki, təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir.

Qeyd edək ki, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozub.