21 noyabr 2019 21:14
965

Regionlararası əməkdaşlıq bir-iki istiqamətlə məhdudlaşmır

Xəbər verildiyi kimi, noyabrın 22-23-də Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək. Azərbaycan və Rusiyanın dövlət rəsmilərinin, deputatların, biznes dairələri nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə sənaye, turizm, kənd təsərrüfatı və humanitar sahələr üzrə dəyirmi masalar təşkil ediləcək, forumun plenar iclası keçiriləcək.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında son illər Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin  genişləndiyini vurğuladı: “Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Bu ilin ilk 9 ayının nəticələrinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 20 faiz artıb. Bu isə  MDB ölkələri ilə Rusiyanın qarşılıqlı ticarətində ən yaxşı göstəricidir. Onu da qeyd edək ki, Cənubi Qafqaz dövlətləri arasında Rusiya Azərbaycana 4,6 milyard investisiya yatırıb, bu isə ölkələrimizin iqtisadi münasibətlərinin strateji xarakter almasının bariz nümunəsidir. Özü də bu investisiyalar əsasən kənd təsərrüfatı, turizm, energetika sahələrinin inkişafına daha çox istiqamətləndirilib. Hazırda Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. İki ölkə arasında birgə layihələr də gerçəkləşdirməkdədir. Məsələn, Rusiya ilə birgə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer”, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsi layihələri həyata keçirilir, Gəncə Avtomobil Zavodu Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlıq edir, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələr reallaşdırılır. Hacıqabulda izolyasiya materialları istehsalının təşkilini də Azərbaycan-Rusiya əməkdaşlığının önəmli nümunələrindən biri saymaq olar”. Müsahibimiz, həmçinin iki ölkə arasında turizm və humanitar sahələrdə də səmimi əməkdaşlığın olduğunu bildirdi.

Azərbaycan-Rusiya əməkdaşlığında regionlararası əlaqələrin rolunu vurğulayan Milli Məclisin deputatı qeyd etdi ki, hazırda ölkəmizin Rusiyanın 80-ə yaxın federal subyekti ilə iqtisadi əlaqələri mövcuddur və bu əlaqələr getdikcə genişləndirilir: “Elə bu ilin sentyabrın 12-də Rusiya Federasiyasının iqtisadi baxımdan daha çox inkişaf etmiş Sverdlovsk vilayəti nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüş buna misaldır. Həmin səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Sverdlovsk vilayəti Hökuməti  arasında ticarət-iqtisadi, elmi-texniki və digər sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata keçirilməsi haqqında Saziş imzalanıb. Göründüyü kimi,  regionlararası əməkdaşlıq bir-iki istiqamətlə məhdudlaşmır, mümkün olan bütün təmas nöqtələrinin daha geniş diapazonunu əhatə edir. Yeri gəlmişkən, xatırladım ki, 2018-ci ildə Azərbaycanın Sverdlovsk vilayəti ilə ticarət dövriyyəsi 83% artaraq 95 mln. dollara çatıb. 2019-cu bu göstəricinin 100 mln. dollardan çox olmasını hədəflənib”.

Milli Məclisin deputatı, həmçinin bildirdi ki, bu əməkdaşlıqda Azərbaycan da çox fəallıq göstərir: “Məsələn, Həştərxan şəhərində Azərbaycan İş Mərkəzi, Yekaterinburq şəhərində Azərbaycan Şərab Evi fəaliyyət göstərir. Moskva şəhərində Azərbaycan məhsullarının geniş çeşiddə təqdim olunduğu “Azərbaycan nemətləri” mağazası açılıb. 2021-ci ildə Yekaterinburqda iri logistika mərkəzinin istifadəyə verilməsi planlaşdırılır”.

A.Badamovun fikrincə, əldə olunan bu uğurlar hər şeydən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin böyük xidmətləridir: “Belə ki, Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişafında ilk növbədə dövlət başçıları arasındakı möhkəm dostluq münasibətlərinin, qarşılıqlı təmasların müstəsna rolu var. Yeri gəlmişkən, “Valday” Beynəlxalq Diskussiya Klubundakı tarixi çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasındakı münasibətlərin mövcud səviyyəsini belə qiymətləndirmişdir: “Ölkələrimiz arasında münasibətlər strateji əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, biz bir-birimizi strateji tərəfdaşlar adlandırırıq”.

Milli Məclisin deputatı daha sonra dedi: “Şübhəsiz, X Azərbaycan-Rusiya Regionlararası Forumda Azərbaycanın sənaye, kənd təssərrüfatı potensialı, eləcə də turizm ilə əlaqədar məsələlər bir daha nəzərdən keçiriləcək və yeni hədəflər açıqlanacaq. Bu mənada ənənəvi olaraq keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu Rusiya Federasiyası və onun subyektləri ilə əməkdaşlığın genişləndirilməsində olduqca əhəmiyyətli platformadır. Bu forumun strateji əməkdaşlığı daha da möhkəmləndirməklə yanaşı, iqtisadi-ticari əməkdaşlığın inkişafına böyük təkan verəcəyinə də əminəm”.

Qvami Məhəbbətoğlu, “İki sahil”