21 fevral 2020 19:29
1882

Səfər etdiyiniz ölkələrdə hansı cərimələrlə üzləşə bilərsiniz?

Dünyanı səyahət etmək əlbəttə ki, çox əyləncəli bir işdir. Lakin başqa ölkəyə səfər edərkən həmişə oradakı qayda-qanunları nəzərə almaq lazımdır, çünki bir çox yerlərdə qayda pozuntusuna görə turistləri cərimələr, hətta bəzən daha ciddi cəzalar gözləyir.

Məsələn, bizim ölkədə istənilən mağazadan uşağınıza “kinder-surpriz” ala bildiyiniz halda, ABŞ-da buna görə 300 dollar cərimə oluna bilərsiniz. 1938-ci ildə ölkədə yeməli olmayan predmetlərin məhsulun içərisinə qoyulması qadağan olunub.

İspaniyanın bir sıra çimərliklərində şampun və ya yuyucu maye istifadə etmək qəti qadağandır. Bu qaydanı pozanları 1500 avro cərimə gözləyir. Qadağa dəniz suyunun təmizliyinin qorunması məqsədi daşıyır. İspaniyanın Malyorka adasında çimərlikdə zibil qoyub gedənlər 300 avro cərimə olunurlar. Çimərlikdə spirtli içkilərin istifadəsinə görə isə orada daha yüksək cərimə məbləği müəyyən edilib.

Tailandda ölkə rəhbərinə, krala böyük hörmət bəslənilir. Pul əskinazları üzərində onun şəkli olduğuna görə, pullara çox ciddi yanaşılır. Orada pulu, əzmək, cırmaq, yerə atmaq, hətta arxa cibdə saxlamaq belə olmaz.

Tailandda filləri yedirtmək də qadağandır. Buna görə, 300 dollar civarında cərimə müəyyən edilib.

Afinada Akropolu hər il milyonlarla turist ziyarət edir. Yunanıstan hökuməti bu unikal arxitektura abidəsini qorumaq üçün əlindən gələni edir. Min illərlə yaşı olan bu abidəyə gələn turistlərə yumşaq altlıqlı ayaqqabılar geyinmək tapşırılır, dikdaban ayaqqabı geyinən xanımlar içəri buraxılmır.

Genuya körfəzinin sahilində yerləşən məşhur Cinque Terre parkında turistlərə tur zamanı tərlik geyinmək qadağandır. Bu, qayalı ərazidə yaralanmalara səbəb olur. Ona görə, hətta polis əməkdaşlarından da turistlərin ayaqqabılarını yoxlamaq tələb olunur.

ABŞ-lı turistlərdən biri Sinqapurda olarkən səkiyə tüpürmüşdü. Turist dərhal bir polis tərəfindən dayandırılaraq 300 dollar cərimə olunmuşdu. Üstəlik, onu iki gün ərzində ödəmək lazım idi. Əks təqdirdə cərimənin miqdarı  2000 dollara qədər arta bilərdi.

Bizə elə gəlir ki, ictimai nəqliyyatdan ödəniş etmədən düşmək ciddi bir qayda pozuntusu deyil. Lakin Misirdə və bir sıra Avropa ölkələrində buna görə turistlərə 1500 avroyadək cərimə tətbiq olunur və növbəti dəfə həmin ölkəyə getmək üçün viza almaq istədikdə ciddi problemlər yaranır.

Küçədə nə qədər isti olursa olsun, Romada fəvvarədə çimməyi ağlınıza gətirməyin. İl ərzində bu şəhərdə polis yüzlərlə belə qayda pozuntusu ilə qarşılaşır və 900 avroyadək cərimə yazır.

İtaliyanın bir çox kurort bölgələrində  dəniz kənarında balıqqulağı, hətta qum toplamaq qadağandır.

İspaniyada turistlər hovuza qonaq otağının eyvanından tullanmağı adət etmişdilər. Ölkə hökuməti məcbur qalıb, 400 avro cərimə tətbiq etməli oldu.

Avstriyanın paytaxtı Vyanada isə ictimai nəqliyyatda öpüşmək qadağandır və buna görə 50 avro cərimə tətbiq olunur.

2008-ci ilin 1 may tarixindən Venesiyada mərkəzi meydan sayılan San Markoda göyərçinləri yemləmək qadağan olunub. Şəhər administrasiyası hesab edir ki, orada göyərçinlər həddindən artıq çoxdur və küçənin çirklənməsinə səbəb olur. Bu qərardan ən çox əziyyət çəkənlər quşlar üçün yem satıcıları olmuşdu, lakin onlar məhkəməyə müraciət etsələr də, uduzmuşdular.

Nubar Süleymanova, “İki sahil”