05 iyun 2020 11:41
1454

Səmayə Məmmədova: Hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir - FOTO/VİDEO

İkisahil.TV-nin bugünkü qonağı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovadır

-Səmayə xanım, koronavirusla mübarizə dönəmindəyik. Məlumdur ki, pandemiya bir çox sektorların fəaliyyətinə  ciddi  təsirlər edib. Bəs, idman sahəsinə necə təsir etdi?

-Əfsuslar olsun ki, koronavirus infeksiyası gözlənilmədən təkcə bizi yox, bütün dünyanı qlobal səviyyədə öz cənginə aldı, və öz mənfi təsirini göstərdi. Mənfi təsirə məruz qalan sahələrdən biri də idman sektoru idi. Mən xüsusi olaraq qeyd etməliyəm ki, idmanın tarixində ilk dəfə olaraq Beynəlxalq  Olimpiya Komitəsi qərar qəbul etdi ki, 2020-ci il üçün Tokioda nəzərdə tutulan Olimpiya Oyunları 2021-ci ilə keçirilsin.  Bu təbii ki, bütün idmançılara öz mənfi təsirini göstərdi. Olimpiya Oyunlarına hazırlıq mərhələli şəkildə aparılan bir prosesdir.  Çünki Olimpiya Oyunlarından qayıdan kimi idmançılar üçün xüsusi proqramlar  hazırlanır. Onlar bu proqramla mərhələli şəkildə işləyirlər. Son bir ildə isə  artıq proqram daha gücləndirilmiş şəkildə olur. Çünki lisenziya  xarakterli turnirlər məhz son bir ildə  start götürür. Azərbaycanlı idmançılarda bəzi idman növlərində  artıq lisenziya qazanmışdılar. Güləş idman növü ilə məşğul olan idmançılar isə lisenziya xarakterli turnirlərə yollanmalı idilər. Məsələn o yarış  Macarıstanda keçiriləcəkdi amma dayandırıldı. Boksçularımız  Londonda olarkən yarış başladı.  İlk gündə boksçularımız çox yaxşı başlamışdılar. Artıq xəbər gəldi ki, Londonda belə bir qərar verildi ki, yarış dayandırılsın və idmançılar geri qaytarıldılar. Əfsuslar olsun ki,  həmin idmançılar üçün bu, psixoloji baxımdan gözlənilməz bir zərbə oldu. Təbii ki, bu, idmana öz mənfi təsirini göstərməyə bilməzdi. Bununla yanaşı, idman qurğularının bağlanması,  təlim-məşq toplantılarının dayandırılması, idmançıların ev şəraitində  məşğulliyyəti  gərginlik yaratdı. Çünki idmançı öyrəşib ki, xüsusi qrafiklə işləsin. Onların özlərinin xüsusi məşğul olduqları məkanları və rejimləri var. Təbii ki, vəziyyətlə əlaqədar idmançılar onlayn şəkildə məşğul olmağa başladılar.  Gündəlik olaraq sağlamlıq və psixoloji durumları ilə bağlı Gənclər və İdman Nazirliyinə və Milli Olimpiya Komitəsinə hesabatlar verirdilər.

Onu da qeyd edim ki, idman qurğularının bağlanması təbii ki, əhaliyə də mənfi təsirini göstərdi. Çünki idman qurğularından mütəmadi olaraq istifadə edən çoxsaylı insanlarımız, vətəndaşlarımız var idi. Artıq Olimpiya Oyunlarının növbəti ilə keçirilməsi ilə bağlı  qərar qəbul olunanda  Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi ilə birgə bəyanat hazırladı.  Bu bəyanatda bir neçə mərhələ əks olundu. İlk olaraq qeyd olundu ki, bizim üçün ən ümdə məsələlərdən biri idmançıların psixoloji və fiziki durumunun saxlanılmasıdır. Çünki idmançılar bu yarışa artıq hazır idilər. Bax bu durumu saxlamaq lazım idi. İkincisi, isə ehtiyatda olan idmançıların siyahısının hazırlanmasıdır. Çünki səmimi etiraf edək ki, elə idmançılarımız var ki, onların fiziki imkanları artıq növbəti ildə Olimpiya Oyunlarında qələbə qazanmaları üçün imkan verməyəcək. Buna görə də Deməli, artıq ehtiyat idmançıların hazırlanmasına ehtiyac var idi. Bunun üzərində xüsusi olaraq işlər gedir. Təbii ki, mütəmadi olaraq nazirliyə hesabatlar daxil olurdu.

-Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq 2020-ci il “Könüllülər ili» elan edildi.  Necə düşünürsünüz, bu, 2007-ci ildə elan olunan “Gənclər ili”nin  davamıdırmı?

-Könüllülərdən danışanda ilk olaraq bir tarixə ekskursiya etmək istərdim.  Azərbaycanda könüllülüyün tarixi 1998-ci ildən  başlayır. İlk dəfə olaraq İdman Nazirliyi BMT-nin Könüllülük Proqramı ilə birgə  Könüllülər Proqramına imza  atdılar. Azərbaycanda 600 nəfərdən ibarət könüllülər yarandı. 2000-ci ildə Olimpiya Oyunlarına idmançıları yolasalma mərasimində həmin o könüllülər də iştirak  edirdilər. Bakıda keçirilən mötəbər tədbirlərdən biri olan «Eurovision» mahnı müsabiqəsində 3500-ə yaxın könüllü iştirak etmişdi. Çox maraqlı  və təəccüblü məqam ondan ibarət idi ki, gələn bütün gənclərin  ilk sualı ondan ibarət olurdu ki, «Mən könüllü olub nə edəcəyəm?»,  «bundan Mənə nə fayda var?», «Mən səhnədə müğənnini görəcəyəmmi?» . Onlara cavab veriləndə ki, ola bilər ki, sən səhnədə olmayasan, nəqliyyat könüllüsü olasan, texniki məsələrlə məşğul olacaqsan o zaman  hətta inciyib gedənlər də oldu. Deyirdilər ki, mən müğənnini görməyəcəmsə, bu, mənim nəyimə lazımdır... Amma sevindirici haldır ki, bu gün Azərbaycanda böyük bir könüllü ordusu var.  İstər «ASAN» könüllüləri olsun istərsə də Miqrasiya könüllüləri.  Təbii ki, «Eurovision» mahnı müsabiqəsindən sonra 2015-ci ildə ilk Avropa Oyunlarında 7 mindən çox könüllü var idi.  İştirak  edən könüllülərə Avropa Oyunlarının sonunda cənab Prezident İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın imzası ilə diplomların təqdim olunması inanın ki, könüllülük hərəkatını nəinki genişləndirdi, insanlarda, gənclərdə, valideynlərdə könüllülüyə çox böyük maraq yaratdı.  Sonra İslam Həmrəylik Oyunlarında, Formula 1 yarışlarında  könüllülərin fəaliyyəti əvəzsiz idi. Bu gün  valideynlər var ki, hər hansı bir layihə həyata  keçiriləndə  öz övladının əlindən tutub iştirak üçün cəlb edir.  Formula 1 yarışları zamanı könüllülərin toplanması zamanı 10 min nəfər qeydiyyatdan keçmişdi. 10 min nəfərin hamısı müsahibəyə gəlmişdi.  Bu gün də pandemiya dövründə könüllülər passiv olmadılar. Prezidentin çağırışına əsasən sosial müdafiəyə və  dəstəyə ehtiyacı olan insanlara dəstək oldular, qayğısına qaldılar.  Nə qədər qurumlara könüllülərimiz dəstək göstərir. Könüllülərin ürəyində olan o yardımsevərlik,  mərhəmət hər bir halda özünü göstərir.

- Ölkə başçısının gənclərə əsas çağırışlarından biri milli ruhda tərbiyə olunmaları, dövlət maraqlarını hər şeydən üstün tutmalarıdır. Azərbaycan gəncləri çağırışları necə cavablandırır?

- Bu gün ölkəmizi beynəlxalq miqyasda uğurla təmsil edən, eyni zamanda, respublikamızın ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayan Azərbaycan gəncləri tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər. Bu gün əhalinin 27 faizini gənclər təşkil edir. Qeyd etməliyəm ki, gəncələrimiz Gənclər və İdman Nazirliyinin  müxtəlif sahələri əhatə edən layihələrində çox fəal iştirak edirlər. Pandemiya dönəmində tətbiq olunan karantin rejimi ilə əlaqədar Gənclər və İdman Nazirliyi  qarşısına məqsəd qoydu ki, gəncləri diqqətdən kənar qoymaq olmaz.  Pandemiya dönəminə uyğun layihələr həyata keçirdi. Nazirlik «Zoom» proqramı vasitəsilə 150-dən çox gəncin iştirakı ilə iclas keçirdi.  Onlarla müzakirələr aparıldı. Suallardan biri də o idi ki, gənclər arasında beynəlxalq miqyaslı əlaqələr necə qurulucaq, çünki gediş-gəliş dayandırılıb sərhədlər bağlıdır və yaxud da biznes sahəsində çalışan şəxslər bu dönəmdən nə cür yararlana bilərlər.  Orada vətənpərvərlik mövzusu da var idi ki, gənclərin layihələrə cəlb olunması hansı şəkildə aparıla bilər.  Daha sonra Gənclər və İdman naziri Azad Rəhimovun rəhbərliyi ilə, 70-dən çox idarə rəisinin iştirakı ilə böyük bir iclas keçirildi.  Orada da region gənclərinin istər nazirliyin, istərsə də regionun daxili layihələrinin həyata keçirilməsində aktivliyinin təmin olunması xüsusi olaraq vurğulandı. Layihələrimizdən bir neçəsi sırf vətənpərvərlik mövzusunda idi. Burada 3D formatında  Şuşa, Kəlbəcər, Füzuli  ilə bağlı çəkilmiş videomateriallarda sanki sən o şəhəri, o rayonu bütünlüklə virtual olaraq gəzirsən. Gənclərə imkan yaradıldı ki, evdə qala-qala Qarabağımızın tanıtımından, təbliğatından istifadə etsinlər.  Bu fürsətdən istifadə edib daha geniş təbliğat işləri aparsınlar. Bizim «Facebook» üzərindən hazırladığımız çox maraqlı  layihəmizdən biri də «Mənim qəhrəmanım» adlanır. Orada 3 minə yaxın qəhrəmanın şəkli var idi.  İkinci Dünya müharibəsində,  eyni zamanda,  Qarabağ döyüşlərində doğmalarını itirən insanlarla bağlı gənclərə fürsət yaradıldı ki, onlar layihə vasitəsilə qəhrəmanlarımızı həm tanıtsınlar, həm də tanıtsınlar.  Bu gün gənclərimiz Azərbaycanın tanıtımı istiqamətində beynəlxalq səviyyədə çox böyük işlər görürlər. Bizim müxtəlif sahələrdə çox böyük uğurlar qazanan gənclər təşkilatlarımız var. Düşünürəm ki, gənclərimiz cənab Prezidentin çağırışına cavab olaraq Azərbaycanımızın  dünyada daha yaxından tanıdılması məqsədilə bacarıqlarını fəal şəkildə göstərəcəklər.

-Gənclərimizin dövlət idarəçiliyində irəli çəkilməsi qarşıdakı dövrlər üçün nə vəd edir?

-Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr, milli dəyərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsinin rəhnidir. Hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir. Əslində gənclərin indiki mərhələdə rəhbər vəzifələrə irəli çəkilməsi üçün uzun illərdir ki, baza formalaşdırılıb, uğurlu siyasət həyata keçirilib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, artıq ölkədə bütün sahələrdə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb. Hazırda dövlət idarəetməsinin müxtəlif sferalarında bu potensialdan səmərəli istifadə etmək imkanları yaranıb.Gənc kadrlara etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından da əhəmiyyətlidir.

Ümumilikdə gənclərin rəhbər işlərdə irəli çəkilməsi bir sıra digər aspektlərdən də təqdirəlayiqdir. Gənclər mütəmadi olaraq yeniliklərə can atır, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərirlər. Bu isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Digər tərəfdən, yeni nəsil yaşlı nəsillə müqayisədə müasir dövrün tələblərinə daha tez uyğunlaşır, elmi-texniki tərəqqinin nailiyyətlərini daha tez mənimsəyir, onun tətbiqinə üstünlük verir. Bu baxımdan yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birlikdə tətbiqi idarəçilik sistemində daha çox səmərə verə bilər

Şəmsiyyə Əliqızı,

Yaqut Aslanova,

«İki sahil»