KÖŞƏ

Rəşid Faxralı

Sən qalibsən, Azərbaycan əsgəri!

19 oktyabr 2020 19:59
10531

Vətən müharibəsindən reportaj 

         Füzuli şəhəri də işğaldan azad edildi!..

         Köksüm ürəyimə darlıq edir...

         Nə gözəl sevincdir, İlahi, nə gözəl sevincdi!. Zaman-zaman itirdiyimiz torpaqları qaytara bilməmişik. İndi torpaqlarımızı döyüş-döyüş azad edirik! Torpaqlarımız işğaldan tamamilə azad ediləcək! Döyüş bölgəsindən gözəl ovqatla qayıtmışdım, reportajı daha gözəl ovqatla yazıram...

                                                                   ***

Azərbaycan əsgərinin mövqe qələbəsi də bir tarixdir, mövqe qələbələri Böyük Qələbənin tərkib hissəsidi. Bu qələbələr düşmənə də, havadarlarına da ağır təəssüflər yaşadır: Azərbaycan Ordusu Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ problemini hərbi yolla həll edir. Həm də qüdrətli ordu olduğunu təsdiqləməklə həll edir. Torpaqlarımızı işğaldan azad edəcək döyüşlərin əməliyyatıdı. Düşmən döyüş-döyüş geri çəkilir, strateji yüksəkliklər ermənisizləşdirilir, düşmən döyüş texnikalarını, uçuş aparatlarını, canlı qüvvəsini itirir.

Döyüş bölgəsinə bu düşüncələrlə çatmışam.

Hər tərəfdə müharibə ovqatı var. Bu ovqatın qələbə ovqatı olduğunu duymaq çətin deyil. Müharibə aparmanın tələbləri imkan verən məsafəyəcən yaxınlaşmaq, müharibəni, döyüşləri görmək istəyənlərin sırasında 10-12 yaşlı iki uşaq da var, onların inadkar yerişini gözlərinə köçürənlər də...

       Döyüşlər gedir...

Bir az əvvələ kimi artilleriyaçılarımızla nəfəs-nəfəsəydim, qarşı tərəfə mərmilər buradan atılacaqdı. Müharibə aparmanın tələbi kimi atışı xeyli aralıdan izləyirəm və bunu da jurnalist taleyimə şükranlıq bilirəm. Mərmilərin qarşı tərəfə – düşmənin mövqelərinə uçuşu könlümü telləndirir. Baxıram və az sonra qarşı tərəfdən eşidiləcək partlayış səslərini düşüncələrimə köçürəcəyim anların tezləşməsini arzulayıram. Atış içində düşündüklərimi pıçıldamağa macal tapmamış gözlədiyim səslər göy üzünə ürəyimdən boylanır, göy üzü mövqe qələbəsinin boyuna tən olan o səsləri ürəyimdə oxşayır...

         Bir səs sonrakı səsin başlanğıcıdır elə bil. Səslərin bir-birini belə izləməsi, belə tamamlaması qələbə üvertürası kimi eşidilir. 2016-cı ilin aprelindən yaddaşıma bir əsgər sözü hopub:  Öz əlimizlə öz torpaqlarımızı yaralamağa məcburuq. Dediklərini də xatırlayıram, özünü də. Düşündürücü düşüncələri vardı. Döyüş növbətçiliyinə gedəndə də, qayıdanda da Lələtəpənin o tərəfinə boylanırdı. Qaşları çatılırdı, baxışları dolaşıq düşürdü. Şəhidlərdən söz düşəndə qürurqarışıq təəssüfü közə dönüb dodaqlarını yandırıdı. Onda həmin əsgərə “Torpaqlarımızın yaraları işğaldan qurtulanda qaysaqlayacaq. Bu məcburolma torpaqlarımızın işğaldan qurtuluşu üçündü”, – demişdim. İndi artilleriya atışı getdiyi vaxtlarda düşüncələrimdə bir kükrəyiş duyuram. Bəlkə indi həmin əsgər də döyüşlərdədi, belə atışları o da görür, eşidir. Bizim kimi ona da əyan olur ki, artilleriyaçılarımızın atdığı hər mərmi nifrətimizin, qəzəbimizin mərmisidi.

         Göy üzünü qara bulud topası bürüyür. Bu bulud təbiətin buludu deyil, bu bulud topası düşmənin üstünə çökəcək (və çökən!) azərbaycançılıq bulududur!..

          Uzaqlarda mərmilər partlayır. Bu partlayışların səsi qələbə nidası kimi eşidilir. Dəqiqələr ötüşür, gümanlarımız təsdiqlənir. Tuşlayıcıları bağrıma basmaq keçir könlümdən...

          Belə bir atışı 1992-ci ilin yayında Goranboy əməliyyatından az sonra Tərtərdə, Şıxarxda Qəzənfər Babacanovun batareyası Ağdərəni artilleriya atəşinə tutanda görmüşdüm. Hər mərmi səsinə uçunurdum: bu, Tofiq Hüseynovun qisası, bu, Əlif Hacıyevin qisası, bu, qarda-sazaqda donanların qisası, bu, qar dizləyə-dizləyə uzaqlaşanda kürəyinə güllə dəyən ağsaqqalın qisası, bu, əsir düşməsin deyə əvvəl qızını, sonra özünü öldürən atanın qisası, bu atasız-anasız qalan körpələrin qisası, ...

        O anlarda baxışlarımız Qəzənfərin baxışlarına sarılıb Ağdərəyə meyillənmişdi...

        Artilleriya atəşlərı Ağdərədə də, Kəlbəcərdə də, Zəngilanda da görmüşəm. Əsgərlərimizin atışları düşüncələrimin bəsirət gözünə dönüb, bu həmlələrin, hücumların qələbəni tezləşdirəcəyinə inanmışam, atışları artilleriyaçılarımızla nəfəs-nəfəsə izləmişəm. Hərdən mövqelərimizə düşən mərmilər düşüncələrimi çilikləyib, hərdən gümanlarımı dolaşığa salıb.  Sentybarın 27-dən başlayan əks-hücum əməliyyatında belə deyil; düşmən mövqelərimizə mərmi ata bilmir, döyüşlərdən çəkindiyinə görə mülki əhali ilə döyüşür, həm də uzaqdan-uzağa. Gəncəyə, Mingəçevirə. Tərtərə, Bərdəyə raketlər atır. Dünya hələ ki, səsini “içinə çəkib”. “Azərbaycan!” deyənlər də, “can Azərbaycan!” deyənlər də bu döyüşlərin iştirakçılarına güvənir, inanır ki. döyüşlər Böyük Qələbəylə tamamlanacaq!..

         Artilleriya atışından sonra əsgərlərlə söhbətləşirəm. Əsgərlər Suqovuşanın ermənisizləşdirilməsindən danışırlar. Hər kəlmədə qürur var, qürura tən olan həsəd var. Bu qürurun da başlanğıcı Vətən sevgisidi, həsədin də; qürur – qələbədi, həsəd  o qələbənin iştirakçısı olmamağın həsədidi. Düşmənin mövqelərinə sarı bu qüruru, bu həsədi yaşayanların əhatəsindən baxmaq da qürurdu. Yelin yelə, əlin ələ, odun oda, közün közə, sözün sözə qovuşmasında yaşanılan duyğuların ən gözəli suyun suya qovuşmasında yaşanılmasıymış, həm də Suqovuşanda, istəyin istəyə, niyyətin niyyətə qovuşduğu yerdə! “Suqovuşanda yaşanılan sevinc Böyük Qələbə günü daha əzəmətlə yaşanılacaq böyük sevincin başlanğıcıdır” deyirəm. 

Qələbə ruhunun cazibəsində əsgərlərlə, zabitlərlə əks-hücum əməliyyatından, ilkin qələbələrdən, ermənilərin erməniliyindən – Mingəçevirə, Gəncəyə atılan raketlərdən, humanitar atəşkəs elan ediləndən sonra şəhidlərimizi çıxardanlarımızın atəşə tutulmasından danışırıq. Çatılan qaşlar görürəm, tündləşən baxışlar görürəm, avtomatının qundağını sıxan barmaqlar görürəm. “Atam müharibə veteranıdı. Uşaqlığımdan evimizdə müharibəli söhbətlər olub, atamın döyüş yoldaşları döyüşlərdən danışıb. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra həqiqi hərbi xidmətdə oldum. Xidmətimi zabit kimi davam etdirməyi qərara aldım. Bu qərara görə indi bu döyüşlərin içində özümə nə qədər minnətdaram! Bu qərara gəlməsəydim, indi təəssüf ürəyimi üzürdü...”, – zabit Rüstəm Abdullayevin kəlmələri könlümü telləndirir. Mənə elə gəlir ki, indi döyüşməyə gücü olanların döyüşlərdən uzaqda olmaq istəməyənlər qələbədən sonra acı təəssüflər yaşatmayacaq, yaşanılacaq illəri üyüşdürəsi təəssüfü olmayacaq. Döyüşməyə gücü olanlar döyüşlərə getmək istəyir...

Döyüşlər başlayandan bəri biz də düşmənə xeyli hərbi zərər yetirmişik.

           Zabitin qürurlu kəlmələrini gizir Mirtağı Sadıqov tamamlamışdı:

           –Bu döyüşlər Azərbaycanın işğaldan azad edilməsinə hesablanmış əks-hücum əməliyyatlarının davamıdır. Bu döyüşlər Azərbaycan Ordusunun qalibiyyət döyüşləridir və tam qələbə ilə tamamlanacaq.

           –Yəni, Azərbaycan əsgəri qalibiyyət bayrağıdır, – demişdim.

           Bu söhbəti xatırladıram. Əsgər yoldaşının burxulan ayağına təpitmə qoyan əsgəri göstərən zabitin əsgərə sevgisi, deməli, Vətənə sevgisi mənə qazanılan mövqe qələbə qədər könül xoşluğu verir:

          –Döyüşdə iştirak edənlərin hamısı bunların mənəvi qardaşıdır. Əsgərin tibbi yardıma ciddi ehtiyacı yoxdur, zaman-zaman burxulan ayağa təpitmə qoyulub. Bir-iki saata anadangəlmə olacaq.

           O ucalıqda döyüşün içində döyüş iştirakçısı olan zabitin dediklərini həm etibarlı, həm kövrək, həm də qəti təsəlli bilirəm və Azərbaycan əsgərinə xitabən deyirəm: Qalibiyyət bayrağısan, Azərbaycan əsgəri!..

Şuşada dalğalanacaq Bayrağı mən də öpüb gözlərimin üstünə qoymaq istəyirəm...

Orada döyüş əmri ilə barmağı tətiyə uzalı əsgərlər görəcəm, o əsgərlərlə çiyin-çiyinə dayanan əsgərlərin əlində qələbə ruhuyla dalğalanan bayraq görəcəyəm...

Azərbaycan əsgərinin qələbə ruhuna, qələbəsinə görə döyüşçülərimizə vəfa borcu kimi deyəcəyəm ki, Vətənin tətiyə uzalı barmağı sənsən, Qələbə ruhuyla dalğalanan Qalibiyyət bayrağı sənsən, Azərbaycan əsgəri!