04 dekabr 2020 16:25
378

“Shell” “Convent” NEZ-də işlərini tam dayandırdı

“Royal Dutch Shell Plc” ABŞ-ın Luiziana ştatında yerləşən və istehsal gücü sutkada 211,146 barel təşkil edən “Convent” neft emalı zavodunun (NEZ) geridönüşsüz dayandırılmasına başlayıb.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, “Convent”i mərhələli şəkildə ləğv edirik və bunu mümkün qədər təhlükəsiz formada edəcəyik”, - “Shell”in rəsmi nümayəndəsi Körtis Smit deyib.

Məlumatlı mənbələr agentliyə bildiriblər ki, NEZ-nin yekun bağlanışına “Shell”in onu satmaq cəhdləri nəticəsiz qalandan sonra - noyabrın 30-dan başlanılıb. Əvvəlcə bazar ertəsi gücü 12 min barel olan izomerizasiya qurğusu dayandırılıb, çərşənbə axşamı isə gündəlik 36 min barel dizel yanacağını hidrotəmizləmə qurğusu bağlanıb.

Xatırladaq ki, “Shell” noyabrın 5-də COVID-19 pandemiyası dövründə tələbatın azalması səbəbindən NEZ-nin zərərli hala gəldiyini əldə əsas tutaraq zavodu həmişəlik bağlayacağını bildirmişdi.

Daha əvvəl də xəbər verildiyi kimi, koronavirus pandemiyası səbəbindən yanacaq istehlakında azalma baş verdikdən sonra yanacaq tələbatının bərpa olunmasının qeyri-müəyyən perspektivləri ilə əlaqədar sənaye nəhəngləri Asiya və Şimali Amerikadakı neft emalı zavodlarını kütləvi şəkildə bağlayırlar.