21 avqust 2019 18:01
286

Siyavuş Novruzov: Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür

Siyavuş Novruzov,

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini,

Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri

Mehriban xanım Əliyeva: Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır

Bütün fəaliyyətini bu prinsiplər əsasında quran Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP-ın Sədr müavini, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfirinin gördüyü işlər beynəlxalq səviyyədə yüksək dəyərləndirilir

“Mənə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, cənab Prezident, Sizin və mənə inanan bütün insanların etimadını doğrultmağı bacaracağam.” Mehriban xanım Əliyeva bu fikirləri dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci Vitse-prezidenti təyin edildikdən sonra Təhlükəsizlik Şurasının keçirilən iclasında bildirmişdir. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti onun bu təyinatını şərtləndirdi. Möhtərəm Prezidentimiz İlham Əliyev həmin iclasda bu fikirləri bildirmişdir: “Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.»

Azərbaycan Respublikasının Birici Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP-ın Sədr müavini, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafı, həqiqətlərimizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması, dünya xalqlarının mədəniyyətinə inteqrasiyası istiqamətində gördüyü işlərin miqyası o qədər genişdir ki, onları bi yazıda əhatə etmək qeyri-mümkündür. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu missiyasına uyğun olaraq müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği istiqamətində gördüyü işləri, həmçinin ictimai-siyasi fəaliyyətini də nəzərə alsaq onun dövlətimiz və xalqımız qarşısında xidmətlərinin ölçüyə gəlməz dərəcədə böyük olduğunu bir daha görərik. Ölkə daxilində və dünya arenasında həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan ölkə Prezidenti İlham Əliyev Mehriban xanım Əliyevanı Vətənimizin ən ali mükafatı - «Heydər Əliyev mükafatı» ilə təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır: «Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycannın olduğu kimi dünyaya təqdim edilməsi- bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşür.»

İllər keçdikcə görülən işlərin miqyası daha aydın görünür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YAP-ın Sədr müavini,  YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hər kəsə gələcəyi ilə bağlı düzgün seçim etməsinə yardımçı olan müsahibələrinin birində «İnsanlarda hansı keyfiyyətlərə qiymət verirsiniz» sualına cavabını xatırlatmaqla bugünkü uğurlarına yol açan ümumiləşdirməni aparmış olarıq. Mehriban xanım Əliyeva həmin suala cavabında bildirmişdir: «Saflığı və mənliyi, səmimiliyi və xeyirxahlığı, ağlı və peşəkarlığı. Heç bir ifadədə süniliyi qəbul etmirəm. Təəssüf ki, müasir həyat quruluşu çox şeyi yox edir, insana yeni-yeni bilik, bacarıq, imkan verərək, bəzən onun mənəvi tamlığını tapdalayır. Uğurun, firavanlığın arxasınca qaçmaq, bunlara nəyin bahasına olursa olsun, nail olmaq istəyi insanları tanınmaz dərəcədə dəyişir, bu da məyusluq gətirir. Düzdür illər ötdükcə mən insanların zəifliklərinə və bir çox şeylərə daha dözümlü yanaşmağa başlamışam. Lakin özüm üçün yolverilməz saydığım şeylərə görə, başqalarını da bağışlaya bilmərəm. Xoşbəxtlikdən məni həm ailəmdə, həm də peşəkar fəaliyyətimdə yalnız parlaq, pozitiv, səmimi və xeyirxah insanlar əhatə edir. Onlarla ünsiyyət həmişə sevinc gətirir.»

Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür

Mehriban xanım Əliyevanın gördüyü işlər təkcə ölkəmizdə deyil, dünya miqyasında təqdir olunur. Ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülməsi, eyni zamanda, Azərbaycanın bu və ya digər ölkələrlə, təşkilatlarla əlaqələrinin inkişafına verdiyi töhfələrindən irəli gəlir. Mehriban xanım Əliyeva 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə YUNESKO-nun xoşməramlı səfiri adına, 2005-ci il iyunun 9-da ictimai, messenatlıq və xeyriyyəçilik fəaliyyətinə, həmçinin, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin messenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı”na, həmçinin, iki mötəbər mükafata - Fransa dövlətinin “Şərəf Legionu” ordeninə və YUNESKO-nun “Qızıl Motsart” medalına, eyni zamanda, Krans Montana Forumunun Qızıl medalına, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomuna, Azərbaycanda “Heydər Əliyev” ordeninə, Rusiyada Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə, İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeninə layiq görülüb. Mehriban xanım Əliyeva, həmçinin bu günlərdə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub.

Göründüyü kimi, təltiflərinin hər biri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə bələdçilik edir.

Xeyriyyəçilik, humanizm Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil edir

Qayğı, mərhəmət, sosial öhdəlik kimi keyfiyyətləri hər kəsin yaddaşına həkk etdirməyə xidmət edən layihələrin müəllifi kimi çıxış etmək Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindəndir. Onun timsalında insanlığa sevgini, ehtiyacı olanlara mərhəmət və şəfqəti görürük. Mehriban xanımın bu sahədəki fəaliyyətini təhlil etdikdə bir daha əminliklə deyirik ki, Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsası Mehriban xanım Əliyeva tərəfindən qoyulub. O, atıdığı addımları ilə gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir. Mehriban xanım Əliyeva müsahibələrinin birində bu fikri açıqlayır ki, müasir Azərbaycanda xeyriyyəçilik institutunun inkişaf perspektivləri ilk növbədə, ölkəmizin gələcək iqtisadi inkişafı, sosiomədəni modernləşməsi, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və cəmiyyətimizin mənəvi tərəqqisi ilə bağlıdır.

Təbii cəmiyyətin demokratikləşməsi və humanistləşməsi yolu ilə irəlilədikcə, ölkəmizdə xeyriyyəçiliyin tərəqqisi yolundakı mənəvi-əxlaqi maneələr də aradan qalxacaq. Əlbəttə ki, bu vacib sektorda Mehriban xanım Əliyevanın əsasını qoyduğu ənənənə və nümunəvi fəaliyyət müasir Azərbaycan xeyriyyətçilik institutunun daha da inkişafına yeni imkanlar açır, stimul verir. Onun 2017-ci ildə Azərbaycanın Birinci vitse-prezienti kimi təqdimatı mərasimində söylədiyi bu fikirləri də xatırlatmaq istərdik: «Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır.» Bu prinsiplərə söykənərək uğur səhifələrinin sayını artıran Heydər Əliyev Fondunun fəaliyyətini belə səciyyələndirmişdir: «Rəhbərlik etdiyim Heydər Əliyev Fondu artıq 13 ildir ki, öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub. Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Biz Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik. Biz infrastruktur layihələri icra edirik. Eyni zamanda, biz 13 il ərzində ayrı-ayrı insanların problemlərinə heç zaman biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.» Bu fikirlər Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil edən prinsiplərin ümumiləşdirilmiş ifadəsidir.

İnsan amilinə yüksək dəyər verilən ölkəmizdə Amnistiya aktlarının qəbulunda Mehriban xanım Əliyevanın təşəbbüskar kimi çıxış etməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Təbii ki, bu, onun humanistliyindən, mərhəmətindən irəli gələn addımlardır. «Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik”» söyləyən, ümummilli lider Heydər Əliyevin ədalət və insanpərvərlik ideyalarını davam və təbliğ etdirən Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Amnistiya aktları sayəsində yenidən cəmiyyətə qayıdan insanlar bu xeyirxahlığı humanizm prinsiplərinin qələbəsi kimi dəyərləndirirlər. 

Heydər Əliyev Fondu: Sosial-mədəni, humanitar layihələrin təşəbbüskarı

Mehriban xanım Əliyevanın siyasi xadim kimi fomalaşmasında ulu öndər Heydər Əliyev siyasi məktəbinin rolu inkaredilməzdir. Ulu öndər Heydər Əliyev irsinin təbliği məqsədilə 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Yarandığı gündən qarşısına qoyduğu ali məqsədlərin gerçəkləşdirilməsi naminə inamla çalışan, qısa müddətdə strateji əhəmiyyət daşıyan bir sıra layihələri gerçəkləşdirən Heydər Əliyev Fondu 15 ildə cəmiyyətdə xeyirxahlıq ünvanına çevrilib. Fondun fəaliyyəti, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təminatına yönəlib, qısa müddətdə bu sahədə böyük işlər görülüb.

Əvvəldə də qeyd etdiyimiz kimi, Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək edib. Bütün bununla yanaşı, Fond xarici ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində də yaxından iştirak edir. Fond Fransada Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayını, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək edib. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə də dəstək verib.

Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, tariximizin qorunması istiqamətində xidmətlərinin miqyasını aydın şəkildə görək və dəyərləndirək. Azərbaycan bu il YUNESKO-nun İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdi. Bu mühüm tədbir, eyni zamanda, Mehriban xanım Əliyevanın Azərbaycan-YUNESKO əməkdaşlığına verdiyi töhfələrə işıq saldı. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri YUNESKO-nun müvafiq siyahılarında yer alıb. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin YUNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu təsdiqləyir. YUNESKO-nun İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin qurumun Ümumdünya İrs Siyahısına daxil edilməsi də uğurlarımız sırasındadır.

Fondun təşəbbüsü ilə həyata keçirilən layihələr sırasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regionlarında 300-dən çox yeni məktəb binasının inşa olunub və lazımi avadanlıqlarla təchiz edilməsini xüsusi qeyd etməliyik. Məktəblərin kompyuterləşdirilməsi əsas tələb kimi ortaya qoyulub. Bu günümüzün əsas çağırışı “hər uşağa bir kompyuter”dir. Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri də vətəndaşların təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlayır, uğurlu nəticələr əldə edir. Fondun təhsillə bağlı layihələri sırf Azərbaycanla məhdudlaşmır. Belə ki, 2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi Heydər Əliyev Fondunun diqqətindən kənarda qalmayıb, məktəbə kompüter dəsti və dərs vəsaitləri göndərilib. 2008-ci ilin fevralında isə Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək, yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqlarla təmin olunub. Eyni zamanda, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Rusiyada, Gürcüstanda, Misirdə yeni məktəb binaları tikilərək istifadəyə verilib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşkilatçılığı ilə həyata keçirilən layihələrin əsasında uşaqlara qayğı da xüsusi yer tutur. Uşaq evlərinin və internat məktəblərinin ən müasir səviyyədə təşkilinə diqqəti artıran Mehriban xanım Əliyeva körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün əlindən gələni əsirgəmir. «Diabetli uşaqlara ən yüksək qayğı» layihəsi çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və digər dərmanlarla təmin edilmişdir. Bakıda talassemiyalı xəstələr, uşaqlar üçün Mərkəzin, tələbatı ödəyəcək qədər Qan Bankın yaradılması gələcək nəslin sağlamlığı üçün ən böyük töhfədir. «Talassemiyasız həyat naminə» layihəsi çərçivəsində görülən işlər də deyilənlərin təsdiqidir. Heydər Əliyev Fondu ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına köməklik göstərib. Valideyn hamayəsindən məhrum olan bütün uşaqları doğma övladı kimi sevən, qayğısını əsirgəməyən «Hər uşağın ailəyə ehtiyacı var» söyləyən Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, heç bir internat, uşaq evi - ən müasir, bütün tələblərə cavab versə belə- heç vaxt ailə mühitini, ailə tərbiyəsini əhatə edə bilməz.

Təbii ki, bunlar Heydər Əliyev Fondunun xidmətlərinin sadəcə az bir hissəsidir. Mehriban xanım Əliyeva bir tərəfdən humanizm, mərhəmət, xeyriyyəçilik və qayğıkeşliyi özündə ehtiva edir, digər tərəfdən Heydər Əliyev Fondunun prezidenti kimi elm, ədəbiyyat, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən yüzlərlə dəyərli layihənin, mədəni irsimizin qorunması və beynəlxalq arenada təbliği proqramlarının müəllifidir.

Azərbaycan həqiqətlərinin təbliğində Heydər Əliyev Fondunun rolu böyükdür

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir. Ermənilərin iç üzünün dünyaya çatırılması üçün müxtəlif dillərdə nəşr olunan kitablar, ingilis, fransız, ərəb, alman, rus dillərində “Qarabağ həqiqətləri” bukletlər Fondun bu sahədəki fəaliyyətinin əyani vəsaitləridir.

Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün dünyanın aparıcı dövlətlərinin paytaxtlarında və böyük şəhərlərində dünya ictimaiyyətinin diqqətini çəkən, həmin ölkələrin siyasi, mədəni, elmi elitasını bir araya toplayan tədbirlərə də imza atıb. Məhz, Moskvada, Berlində, Strasburqda, Buxarestdə, Cenevrədə, Ankarada, İstanbulda, Parisdə, Vaşinqtonda, Nyu Yorkda, Varşavada, Londonda, Dubayda, Haaqada, Kiyev və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyaların keçirilməsi, xarici ölkələrdə Fondun hazırladığı “Xocalı soyqırımı” filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunması, Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin, fotoşəkillərin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilməsi, Fondun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu və “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” kitablarının dünya ölkələrində paylanması beynəlxalq ictimaiyyətdə Azərbaycan həqiqətləri barədə dolğun təsəvvürün formalaşdırılması işinə xidmət edir, töhfələrini verir.

Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə keçirilən beynəlxalq səviyyəli tədbirlər də həqiqətlərimizin təbliğinə böyük töhfədir. Belə ki, Azərbaycanın ev sahibliyi etdiyi «Euvrovision» mahnı yarışmasının, həmçinin ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının dünyaya səs salan təqdimatları deyilənlərin bariz nümunəsidir. İlk Avropa Oyunlarının açılış mərasimini xatırlasaq, bu tədbirin Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsinin 24-cü ilinə təsadüf etməsi ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayımın başlamasında öz ifadəsini tapmışdır. 24 illik yolun, yerləşdiyi coğrafi məkanın Azərbaycana qazandırdığı uğurlar müxtəlif təqdimatlarla ölkə və dünya ictimaiyyətinə çatdırıldı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva açılış mərasimində çıxış etmişdir: «Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır. Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun!»
 «Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan ölkədir. Multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir» söyləyən Mehriban xanım Əliyeva bildirmişdir ki, bu tədbir Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında oynadığı rolu nümayiş etdirir: «Müstəqil dövlət kimi biz gəncik. Cəmi 24 yaşımız var. Yaşımız bu axşamkı mərasimdə geriyə saymağın məhz həmin rəqəmdən başlanılması ilə üst-üstə düşür. Son 24 il ərzində ölkəmizdə sürətli inkişaf, irəliləyiş və müasirləşmə müşahidə olunub. Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı bizə bu cür böyük idman tədbirini keçirmək imkanı yaradır. Mehriban xanım bu əminliyi də ifadə etmişdir ki, gələn illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və “Bakı–2015”-in parlaq ruhunun atəşi orada olacaq.

Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın malik olduğu imkanların, ən əsası tolerantlıq, multikulturalizm təcrübələrinin təqdimatıda əhəmiyyətli rol oynadı. Azərbaycandan dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajı ünvanlandı. Qərblə Şərq arasında körpü rolunu oynayan, sivilizasiyalararası dialoq məkanı sayılan, böyük nüfuz qazanan, hazırda dünyanın ən sabit, geosiyasi əhəmiyyəti ilə fərqlənən Azərbaycan mədəniyyətlərin qovuşduğu ölkə kimi bir daha mövqeyini möhkəmləndirdi.

Vətən, torpaq, xalq sevgisinin vəhdəti

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti də nümunədir. 1992-ci ildən ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının fəal üzvü olub və bu gün partiyanın Sədr müavini kimi müasir müstəqil Azərbaycanın davamlı inkişafına töhfələr verir.

Mehriban xanım Əliyeva 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. O, deputat kimi fəaliyyət göstərdiyi müddətlərdə çox böyük işlər görüb, təmsil etdiyi rayonun sosial-iqtisadi problemlərinin həlli istiqamətində mühüm addımlar ataraq, seçicilərinin yüksək etimadını qazanıb. Mehriban xanım bu missiyasını da yerinə yetirərkən məsuliyyətin önəmini əməli fəaliyyəti ilə təsdiqləyib.

Mehriban xanım Əliyevanın bütün mükafatları sırasında öndə dayanan xalq sevgisi, məhəbbəti onun Azərbaycanın Birinci Vitse-prezidenti kimi təyinatında da xüsusi rol oynadı. Daim insanların arasında olan, onların qayğıları ilə maraqlanan Mehriban xanım Əliyeva özü haqqında yaratdığı portretdə səmimilik kimi keyfiyyətə də xüsusi yer ayırdı.

Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasını şərtləndirən amillər sırasında böyük idarəçilik təcrübəsi və xalqının sevgisini qazanması ilə yanaşı, həm də ölkə Prezidenti İlham Əliyevin ən yaxın silahdaşı, yardımçısı, mənəvi dəstəkçisi olmasıdır. Mehriban xanım Azərbaycanın Birinci Vitse-prezidenti kimi təqdimatı mərasimində bildirmişdir: «Mənim fəaliyyətim haqqında dediyiniz sözlərə, verdiyiniz qiymətlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Mənim üçün belə bir qiymətə layiq olmaq böyük şərəfdir. Sadaladığınız hər bir uğurun, hər bir nailiyyətin arxasında Sizin köməyiniz, Sizin dəstəyiniz durur.» Məhz bu birlik fonunda Azərbaycan davamlı uğurlara imza atır, ən yüksək zirvələri fəth edir.

Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP-ın Sədr müavini, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya çoxşaxəli fəaliyyətində uğurlar arzulayıram.