24 sentyabr 2020 19:37
2233

SOCAR Amerika Neft İnstitutunun nüfuzlu API Spec Q1/Q2 standartlarını tətbiq edəcək FOTO

SOCAR-ın yeni inkişaf strategiyası planına uyğun olaraq yeniliklərin Şirkətdə tətbiqi davam etdirilməkdədir. Strategiyanın əsas prinsiplərindən biri təkmilləşdirilmiş effektiv idarətmə sistemi və beynəlxalq standartların tətbiqidir. Bu məqsədlə nəzərdə tutulan fəaliyyətlər Amerika Neft İnstitutu (API – American Petroleum Institute) tərəfindən hazırlanan və dünyanın ən qabaqcıl neft-qaz korporasiyaları tərəfindən tətbiq olunan API spec Q1/Q2 Keyfiyyət İdarəetmə standartlarının, Proseslərin təhlükəsizliyi (Process Safety), Boru Kəmərlərində Təhlükəsiz İdarəetmə (Pipeline SMS) və İstismar dövrünün (Həyat dövrü – 18LCM (Life Cycle Management) idarə olunması API proqramlarının SOCAR-da tətbiqinə başlanılmasının planlaşdırılmasından ibarətdir.  Bu istiqamətdə yaxın günlərdə Amerika Neft İnstitutu ilə memorandum (niyyət sazişi) imzalanması planlaşdırılır ki, bu da, öz növbəsində şirkətin struktur vahidlərində sözügedən standartlar və proqramların tətbiqinin həyata keçirilməsinə zəmin yaradacaq. Memorandumun əhatə dairəsi SOCAR struktur vahidlərinin daha tələbkar və spesifik olan API standartlarına müvafiq sertifikatlaşdırılması və emal, hasilat və nəql üzrə qurumların Texniki, Keyfiyyət və SƏTƏMM idarəetmə sistemlərinin qabaqcıl təcrübədə olduğu kimi API standartlarına uyğunlaşdırılmasından ibarətdir. 2021-ci ilin sonuna qədər, plana uyğun olaraq, API Spec Q1/Q2 Keyfiyyət İdarəetmə standartlarının Şirkət üzrə tətbiqinin reallaşdırılması nəzərdə tutulur.

API Spec Q1 və Q2 Keyfiyyət sistemi, ISO 9001 Keyfiyyət sistemi ilə müqayisədə, tələb olunan proseslər və uyğunluqlar baxımından daha spesifikdir. Bütün digər keyfiyyət rəhbərliyinin əsas məqsədi müştəri məmnuniyyəti ilə müştəri gözləntilərini qarşılamaqdır. API Keyfiyyət İdarəetmə Sistemi isə eyni zamanda effektiv proseslərin izlənilməsini, tullantıların azaldılmasını, səmərəliliyin və təşkilatın gəlirlilik səviyyəsinin artırılmasını hədəfləyir. ISO idarəetmə sistemlərinin ümumi və monoton yanaşmasından fərqli olaraq, daha spesifik tələblər tətbiq edilməklə idarəetmə sistemlərinin qurulmasına və bununla da, bazarda rəqabətədavamlı, dayanıqlı biznes vahidi modelinin yaradılmasını hədəfləyir. Mükəmməl bir audit və monitorinq sistemi quran Amerika Neft İnstitutu, yoxlanılan şirkətdən auditora qədər, bütün proseslərə tərəfsiz və ayrı-ayrılıqda nəzarət edir.

API Spec Q1 Keyfiyyət İdarəetmə Sistemi standartı  ISO 9001 Keyfiyyət İdarəetmə Sisteminin xidmət sektoruna istiqamətləndiyi və məhsullara nəzarətin kifayət qədər effektiv olmaması düşüncəsi ilə yaradılıb. Bu standarta sahib olmaq sistematik yanaşma ilə davamlı olaraq yüksək keyfiyyətdə məhsul və xidmət potensialı qazandırır. API Spec Q1 sertifikatlaşma proqramı üçün eyniadlı standartın tələblərinin icra olunması və auditdən uğurlu keçilməsi ilə həm qeyd edilən sertifikat, həm də ISO 9001 standartına uyğun beynəlxalq sertifikata layiq görülür. Bu, əsasən montaj, texniki xidmət, yarımfabrikat və təmir sahələrində tələb edilən sertifikasiya proqramıdır.

API Spec Q2 sertifikatlaşma proqramı vasitəsi ilə xidmət və xidmətlə əlaqəli məhsullar üzrə keyfiyyət idarəetmə sistemlərinin sertifikatlaşdırılması həyata keçirilir. Bu sənaye spesifikasiyasına uyğun olaraq, quyuların layihələndirilməsi, tikintisi, bütün növ quyu və texniki xidmətləri, avadanlıqların təmir və sazlamasını sertifikatlaşdırmaq mümkündür.

Bu standartların tətbiq edilməsi və beynəlxalq təcrübənin mənimsənilməsi nəticəsində SOCAR struktur vahidlərinin bazarda daha rəqabətli olması təmin ediləcək, müştərilərin cəlb edilməsi rahatlaşacaq və müştəri məmnuniyyətinə töhfə veriləcək.

Eyni zamanda, API Proseslərin təhlükəsizliyi (Process Safety) – Əməliyyat sahəsinin dəyərləndirmə proqramını da diqqət mərkəzində saxlayır. Belə ki, emal və hasilat proseslərinin təhlükəsizliyi üçün müstəqil ekspert qrupu tərəfindən monitorinqlərin keçirilməsi əməliyyatların bütövlüyü üçün hər zaman əvəzedilməz metoddur. Bu metod kənarlaşma və uyğunsuzluqların aşkar edilməsi üçün çox vacibdir. Bu proqram vasitəsilə nümunəvi xarakter daşıyan dəyərləndirilmənin keçirilməsi və davamında yaradılmış yerli mütəxəssislərin cəlb olunduğu qrupa təlimlərin keçirilməsi ilə proseslərin təhlükəsizlik səviyyəsinin ölçülməsi uyğunsuzluqlarının, kənarlaşmaların araşdırılması, düzəldici və önləyici tədbirlərin görülməsi reallaşacaq.

API tərəfindən işlənib hazırlanmış növbəti proqram Boru Kəmərlərində Təhlükəsiz İdarəetmə Sistemini (Pipeline SMS) əhatə edir. Bu proqram neft və qaz boru kəmərlərinin operator heyəti üçün həyata keçirilir. Belə ki, operatorlara tələb olunan qaydaları qavramağa, idarəetmənin bütün mərhələlərində təhlükəsizlik səylərini başa düşməyə, idarə etməyə və davamlı olaraq yaxşılaşdırmağa xidmət edir.

İstismar dövrünün (Həyat dövrü – 18LCM (Life Cycle Management)) idarə olunması API proqramlarından biri kimi olduqca əhəmiyyətli rol oynayır. Bu proqram neft və qaz sənayesində istifadə edilən məhsul, avadanlıq və ya əsas vəsaitlərin istismar ömrünün doğru idarəolunması metodlarını müəyyən edir. Təmin olunan məhsulun istismar ömrünün müəyyən edilməsi yollarını aydınlaşdırmaqla yanaşı, tələb olunan fəaliyyət növləri və davamlı inkişafı da özündə ehtiva edir.

API standart və proqramlarının SOCAR-da tətbiqi davamlı inkişafın bünövrəsinin qoyulmasına, əməliyyat effektivliyinin artırılmasına, əməliyyat riskləri azalmasına və struktur vahidlərinin ölkədaxili strateji və ölkəxarici beynəlxalq tenderlərdə iştirakına və son nəticədə qalib gəlməsinə zəmin yaradacaq!

Yaşar Lətiov,

SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti