01 dekabr 2020 14:54
1323

SOCAR əməkdaşı bu il öz doğum gününü Qarabağda qeyd edib FOTO

SOCAR əməkdaşı Nicat Zeynalov İkinci Qarabağ müharibəsində iştirakından yazıb.

"İki sahil" xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti rəsmi sosial media hesabından Nəqliyyat İdarəsinin böyük mühəndisi, əslən Qərbi Azərbaycandan olan 26 yaşlı müharibə iştirakçısı haqda paylaşım edib.

Bildirilib ki, atıcı əsgər Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub və hərbi səfərbərliyin elan olduğu ilk gündən İkinci Qarabağ müharibəsində iştirak etdiyinə görə qürurludur.

Eləcə də, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin müharibədə iştirak edən qəhrəmanlarından olan, dünən 43 yaşını qeyd edən “Bibiheybətneft” NQÇİ-nin quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi Bəxtiyar Vəliyev bu il doğum gününü Qarabağ torpağında, qalib ölkənin, qalib zabiti kimi qeyd edib. 44 günlük hərbi əməliyyatlarda Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı rayonları, Hadrut qəsəbəsi, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak edib.

NQÇİ-nin quyuların əsaslı və yeraltı təmiri üzrə usta Aqşin Bağırov da zabit kimi Füzuli, Cəbrayıl, Qubadlı, Kəlbəcər rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib, düşmənə sarsıdıcı zərbələr endirib.

Həmçinin, idarənin lay təzyiqinin saxlanması üzrə operatoru Faiq Əliyev kollektivdə olduğu kimi, ordu sıralarında da öz nizam-intizamı, verilən tapşırıqları lazımi səviyyədə yerinə yetirməyi ilə fərqlənib. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən Faiq düşməni torpaqlarımızdan qovan igidlər sırasındadır.