28 oktyabr 2020 21:39
1832

SOCAR “Neft və Qaz-2020” beynəlxalq konfransında iştirak edir

Aşqabadda XXV Türkmənistanın “Neft və Qaz-2020” (OGT - 2020) beynəlxalq konfransının ilk iş günü başa çatıb. Türkmənistan bitərəfliyinin 25 illiyi ilə əlamətdar olan forum ilk dəfə olaraq videoformatda keçirilir və Aşqabaddan dünyanın onlarla ölkəsinə yayımlanır.

"İki sahil" xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) forumun sponsorlarından biridir.

"Türkmənqaz" və "Türkmənnebit" dövlət konsernlərinin təşkil etdiyi konfransın işində dünyanın 30 ölkəsindən 100-dən çox şirkət, aidiyyatı qurumların və idarələrin, elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak edib.

"OGT-2020" yubiley konfransının gündəliyinə dünya enerjisinin inkişafı və bu sahədəki beynəlxalq əməkdaşlıqla bağlı geniş məsələlər daxildir.

Forum iştirakçıları Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan qaz kəməri layihəsinin reallaşdırılması prosesinin gedişatı, Türkmənistan şelfinin Xəzərin yeni geoloji-geofiziki məlumatları və dünyanın ən iri "Qalkınış" qaz yatağı ilə tanış olublar.

Qeyd edək ki, konfrans sabah işini davam etdirəcək. Konfransın ikinci günü Enerji Xartiyası müqaviləsinin modernləşdirilməsi, COVID-19-dan sonra enerji dünyasında təbii qazın rolu, neft və qaz bazarlarında son tendensiyalar, Xəzər dənizinin Türkmənistan sektorunun dəniz bloklarının mənimsənilməsi üçün investisiyaların cəlb edilməsi, Türkmənistan qazının dünya bazarlarına ixrac marşrutlarının diversifikasiyası, Türkmənistanın qaz və neft emalı sahələrinin işlənməsində innovativ texnologiyaların tətbiqi və digər aktual mövzular müzakirə olunacaq.