29 yanvar 2020 10:32
1221

Sosial-iqtisadi islahatlar ölkəmizə sabitlik və rifah gətirir

2020-ci ildə ÜDM-in həcminin 48 milyard dollara çatması gözlənilir

Azərbaycanda iqtisadi islahatların ən yeni mərhələsi məhz 2018-2019-cu illəri əhatə edir. Bu dövrdə iqtisadiyyatdakı liberal dəyərlər, azad fəaliyyət, şəffaflıq daha da genişlənərək sahibkarlara, fiziki şəxslərə geniş fəaliyyət imkanları yaradıb ki, bu da istehsalın daha da artmasına, yeni iş yerlərinin açılmasına səbəb olub. 2019-cu ildə vergi sahəsində aparılan islahatlar imkan verir ki, vətəndaşlar daha çox qazansınlar, onların biznesləri genişlənsin.

Eyni zamanda, son bir neçə il ərzində vətəndaşların məşğulluq probleminin həlli və sahibkarlığın inkişafı üçün bir çox qurumlar yaradıldı. KOBİA, ABAD kimi sosial və iqtisadi inkişafa yardım edən bu qurumların geniş fəaliyyəti üçün dövlət maliyyə dəstəyini əsirgəmədi. 

KOBİA - İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir və ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına dəstək verir.

ABAD (Ailə Biznesinə Asan Dəstək) isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb. Qurum kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə fəaliyyətdədir.

Həmçinin kənd təsərrüfatı sahəsindəki islahatlar da imkan verib ki,   qeyri-neft sektorunun ÜDM-dəki payı artsın və ixrac potensialımız genişlənsin. Ən mühüm məqam isə kənd təsərrüfatında ixrac məhsullarının istehsalının artırılması oldu. Nəticədə 2019-cu ildə 2018-ci ilə nisbətən ölkəmizin qeyri-neft sektorunda ixrac 42 faiz artıb.

Qeyd edək ki, ötən il dünyanın aparıcı beynəlxalq təşkilatları, tanınmış siyasətçiləri və iqtisadçıları Azərbaycanın həyata keçirdiyi iqtisadi islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstəriblər. Məsələn, 2018-ci ildə Dünya Bankı tərəfindən hazırlanan “Doing Business - 2018” hesabatında Azərbaycan dünyada  iqtisadi islahat aparan 29 ölkə arasında qərarlaşıb.

Avrasiyada isə bu göstərici üzrə  ilk üçlükdə olub. Həmçinin Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan “2018-2019 Qlobal Rəqabətlilik Hesabatı”nda da Azərbaycan əmək bazarının səmərəliliyi üzrə göstəricidə  9 pillə irəliləyib.

Digər önəmli məsələ isə odur ki, Azərbaycan ötən ildə bütün inkişaf kateqoriyalarına görə MDB ölkələri arasında birinciliyini qoruyub saxlayıb. Xüsusilə qeyd edilməlidir ki, son 16 ildə Azərbaycan dövləti hətta G20-yə daxil olan bəzi ölkələrin iqtisadi inkişaf göstəricilərini üstələyib.

Təbii ki,  ötən illərdə qazanılan iqtisadi uğurlar növbəti illər üçün də inkişaf tendensiyası yaradır. “Standard&Poor’s” (S&P) beynəlxalq reytinq agentliyinin  hesabatında gələcək üç il ərzində inkişaf edəcək ölkələrin ilk sıralarında Azərbaycanın da adı var. Hesabatda  2019-cu il Azərbaycan iqtisadiyyatında inkişaf ili kimi dəyərləndirilib. Rəqəmlərlə ifadə edilsə ÜDM-in artımı 2019-cu ildə 3,5 faiz (47 milyard dollar) olub. 2020-ci ildə isə ÜDM-in daha da artaraq 48 milyard dollara çatması gözlənilir. 

Azərbaycanın iqtisadi inkişafının dünyanın ən mötəbər reytinq cədvəllərində yer alması bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlara beynəlxalq aləm tərəfindən verilən ən yaxşı dəyərdir. Eyni zamanda, beynəlxalq aləmdə iqtisadi inkişaf reytinqimizin yüksəlməsi ölkəmizə yeni və daha iri həcmdə investisiyaların axınını şərtləndirir.

Elçin Zaman,

“İki sahil”