25 aprel 2019 11:04
2278

Sosial media marketinqi: müasir, effektiv, onlayn reklam metodu

Modern dövrün populyar tələbləri sırasında  sosial  media xüsusi yer tutur. Bunun nəticəsidir ki, statistik göstəricilərdə internet istifadəçilərinin sayı artaraq 80 faizə qədər yüksəlib. İnsanların sosial mühitə bu qədər maraqlı olması isə sosial media marketinqinin meydana gəlməsinə zərurət yaratdı.

Bəs sosial media marketinqi nədir?

Sosial media marketinqi hər hansı bir məhsulun və ya xidmətin sosial mediada (“Facebook”, “Instagram”, “Twitter” və s.) tanıtımının təşkil olunmasıdır.

Sosial media marketinqi günümüzün və gələcəyin ən effektiv reklam modellərindən biridir.  Məhz  buna görədir ki, sosial şəbəkələr biznes sferasının xüsusi diqqət mərkəzində dayanır, dünyanın məşhur brendləri və ixtisaslaşmış şirkətləri  sosial media və ondan istifadəni daim diqqət mərkəzində saxlayırlar.

Sosial mediada  marketinqin bu qədər məşhur olmasının əsas səbəbləri isə minimum reklam xərci, sürətli, operativ tanıtım və   kütləvilik və yayım  sərhədsizliyidir.

Hazırda 1.5 milyarddan çox istifadəçisi ilə dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” şübhəsiz ki, marka sahibləri üçün uğurlu reklam platformalarından biridir. Dünyada və eləcə də ölkəmizdə daha çox gənclərin aktiv olduğu, lakin hər yaş qrupundan olan insanların asudə vaxtlarını keçirdiyi və istifadəçilərinin gündən-günə artdığı “Instagram” 2015-ci ildən reklam platformalarını açıq elan etmişdir. “Facebook” reklamlarında olduğu kimi  “Instagram” reklamlarında da göstəriş sayına (CPM) və klikləmə sayına görə (CPC) ödəniş formaları mövcuddur.

Rəqəmsal marketinq mütəxəssisi Fidan Həsənzadə  mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, sosial media  brendin məzmunun və profilinin tanınması üçün əsas onlayn vasitələrdəndir:”İnsanlarla davamlı və ardıcıl ünsiyyət qurmağa imkan verir.  Sosial media marketinq bütün marketinq növlərinin arasında ən çox effektivli vasitədir. Onun köməyi ilə istifadəçilər müştərinin saytına daxil olaraq bloqlar, hər gün baş verən yeniliklər, forumlar və təklif edilən məntəqələr barədə məlumat toplaya bilir. Sosial media Marketinqdə reklam paylaşaraq istənilən qədər müştəri toplamaq mümkündür. Sosial şəbəkələrdə auditoriyanı pulla ələ almaq mümkün deyil, onların inamını qazanaraq sayını artıqmaq lazımdır. Sosial media platforması auditoriya ilə əlaqə saxlamaq üçün ən müasir üsuldur. Sosial mediadakı reklam həm canlılığı, həm də doğruluğu ilə daha çox məşhurluq qazanıb. Sosial media istifadəçilərinin daha diqqətli və aktiv olduğunu nəzərə alsaq bu sahənin marketinq üçün nə qədər əlverişli olduğu aşkar edilir.Sosial şəbəkələr reklam üçün digər yollardan daha sərfəlidir. Bu yolla istənilən qədər auditoriya kütləsi toplayaraq reklam etmək mümkündür. Artıq bir neçə ildir ki televiziya, qəzet və jurnallarda olan reklamlar kəskin şəkildə azalmışdır, amma bu dövrdə sosial media üzərində yetişən yeni layihələr gündən-günə populyarlaşaraq həm inkişaf etmiş, həm də reklam qiymətləri kəskin şəkildə qalxmışdır. Sosial mediada reklam əldə etmək üçün sosial media hesabın faydalı və səliqəli olmalıdır. Çünki faydalı profillər insanların marağını cəlb edir. Daha çox ixtisaslaşmış profil, hesablar reklam verənlər üçün sərfəlidir. Məsələn, hansısa kosmetik və ya qulluq vasitələri auditoriyası xanımlar olan, onlar üçün maraqlı paylaşımlar edən profillərlə çalışır və ya uşaq bezi, uşaqlar üçün oyuncaqlar, geyimlər satanlar hamilə və ya körpəsi olan bloggerlərlə çalışmağı üstün tutur. Müasir dövrdə sosial şəbəkələrdə hesabı olmayan insanlar  azlıq təşkil edir. Alıcı kütlə də sosial media istifadəçisidir. Buna görə də sosial media reklam üçün çox böyük əhəmiyyət kəsb edir. Sosial media hesabı puldan əvvəl imicə hədəflənir. Hesabın sahibi  və ya brendin marketing meneceri əvvəlcə qərar verməlidir ki, onun üçün satış önəmlidir, yoxsa imic. Bunu sıraladıqdan sonra sosial media meneceri ilə bölüşməlidir. İşinin peşəkarı olan sosial media meneceri də   brend strategiyasına uyğun sosial media strategiyası hazırlamalı və bu strategiyanın hədəfinə uyğun sosial media idarəetməsi ilə məşğul olmalıdır. Yalnız bu halda sosial mediadan gəlir əldə etmək mümkündür. Məhsulun alıcıları, doğru hədəf kütləsi, yaş, cins, davranış və bu qəbildən bilgilərlə auditoriya qurulmalı və reklam bu auditoriyaya verilməlidir.”

Sosial media mütəxəssisi Orxan Rzayev isə    qeyd etdi ki, sosial media  ən sərfəli  və effektiv reklam metodudur: “Bu gün çox kiçik bizneslərin belə sosial media səhifələri var. Bir çox iş adamları yeni biznesə başlayarkən “Facebook” səhifəsi açır və müştərinin  bir hissəsini onun üzərindən toplayacağına inanır. Deməli, sosial şəbəkələr reklam üçün çox əlverişlidir, həm də ən üstün cəhəti budur ki, pulsuzdur. “Facebook”, “Twitter”, “LinkedIn”, “Pinterest”, “YouTube”, “GooglePlus”, “VKontakte”, “Instagram” kimi sosial şəbəkələrin hər biri tamamilə ödənişsiz sizə biznesiniz üçün səhifə açmağa imkan verir.”

Orxan Rzayev, həmçinin əlavə etdi ki, sosial media kommunikasiya və müştəri məmnuniyyəti üçün çox yararlıdır: “Sosial media gördüyünüz işin nəticəsi barədə ani rəylər almağınıza kömək edəcək. İzləyiciləriniz başqaları ilə sizin haqqınızda danışacaq, qoyduğunuz müzakirələrdə iştirak edəcək və ya sizə birbaşa mesaj yaza biləcəklər. Bütün bu müzakirələri, rəyləri və mesajları oxuyub cavablamağınız bir anda sizin haqqınızda müsbət fikirlər yaradacaq. Brendinizlə bağlı bütün yazıları izləməyinizi görənlərdə öz brendinizə qarşı diqqətli və cavabdeh olduğunuz (bunları oxuyursunuzsa, mən əminəm ki, siz beləsiniz) təəssüratını verəcək və onlarda sizə qarşı inam qazandıracaq. Bütün bu saydıqlarımız doğrudan da gözəldir və brendinizlə biznesinizlə bağlı yaxşı imaj yaradacaqdır. Ancaq bütün rəylər yaxşı olmaya da bilər. Belə hallarda çətinliklə qarşılaşmış müştərilərə vaxtında cavab verməklə narazılıqların daha da genişlənməsinə və əsassız şəkildə genişlənməsinə yol verməyə biləcəksiniz. Problem həll olunduqdan sonra neqativ yazıları da sonradan başqalarının oxumaması üçün silə biləcəksiniz. Unutmayın: sizin səhifənizdə hər şey gözəl olmalı, hər kəs gördüyünüz işdən razı qalmalıdır. Yaranmış çətinliklərin isə asanca aradan qaldırıldığını və çıxış yollarını da görmək eyni problemlə qarşılaşan alıcılarınıza ipucu olacaqdır. Dövrün tələblərinə uyğun olaraq sosial media marketinqi sürətlə inkişaf edir və dəyişir. Nəticə  isə bu sahənin  mütəxəssislərini daha məsuliyyətli və aktiv olmağa “dəvət edir”. Təbii ki, reklamla həm tanınmaq, həm də gəlir götürmək istəyiriksə, seçdiyimiz reklam kampaniyasının fərqli, peşəkar, müasir xüsusiyyətləri özündə birləşdirməsi çox vacib məqamdır. Önəmli olan nə istədiyimizi öncədən bilib, bu yolda effektiv olacaq uyğun alətlərin seçilməsidir.”

Yaqut Ağaşahqızı, “İki sahil”