18 yanvar 2019 10:22
1220

Struktur islahatları: səbəb də məlumdur, məqsəd də...

Prezident İlham Əliyev hələ yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkədə həyata keçiriləcək struktur islahatlarının anonsunu vermişdi. Göründüyü kimi, artıq  bu istiqamətdə atılan real addımlar özünü çox gözlətmədi. Beləliklə də, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında, Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında, Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə bu prosesə start verildi.

Şübhəsiz, Sözügedən fərmanlarla Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin,  Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yaradılması ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə mövcud potensialdan səmərəli istifadə edilməsi məqsədinə xidmət edir. 

Eyni zamanda, digər Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətlərinin özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilməsi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Strateji Araşdırmalar Mərkəzinin ləğv edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyinin, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyinin ləğv edilməsi və onların fəaliyyətinin ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilməsi  dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaqla bərabər, dövlət büdcəsinin vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi də daşıyır.

Söhbət ondan gedir ki, ölkədə idxalı əvəz edən sənaye məhsullarının istehsalının artırılması, eyni zamanda, ölkənin müdafiə siyasətinin başlıca istiqamətlərindən olan müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsi bu sahədə fəaliyyət göstərən yüksək inkişaf potensialına malik müəssisələrin qabaqcıl təcrübə və texnologiyalar əsasında modernləşdirilməsinin həyata keçirilməsini zəruri edirdi. Həmçinin aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə yanaşı, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərfi ilə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsinin labüdlüyü bu sahədə islahatları qaçılmaz edirdi.

Ləğv edilmiş qurumlara gəlincə, onlardan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Strateji Araşdırmalar Mərkəzi dövlət büdcəsinə xərclərini artırmaqdan savayı, demək olar ki, heç nə ifadə etmirdi. Hərçənd ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun yaradılması müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələbləri nəzərə alınaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, dövlətin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi daşıyırdı. Lakin göründüyü kimi, bu qurum sadalananların öhdəsindən demək olar ki, gələ bilmirdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin qarşısında duran əsas vəzifələr isə ölkəmizin  xaricdə müsbət imicinin formalaşmasını, ölkədən kənarda kütləvi informasiya vasitələrində müxtəlif materialların yayılmasını təşkil etmək, müasir dövrün qlobal çağırışlarına uyğun olaraq ölkənin inkişaf strategiyasının təhlilini (yeni texnologiyalar, enerji təhlükəsizliyi, terrorizm, beynəlxalq maliyyə və iqtisadi sistemlər, demoqrafiya, səhiyyə və s. sahələrdə) həyata keçirmək, mövcud siyasi vəziyyətə xüsusi diqqət yetirməklə ölkənin daxilində və xaricində ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi inkişafın elmi təhlilini həyata keçirmək, qonşu dövlətlərdəki dəyişiklikləri proqnozlaşdırmaq, ölkənin daxili və xarici siyasətində atılan addımların genişmiqyaslı şərhini vermək, müxtəlif sahələrdə nailiyyətlərinin təbliğini təşkil etmək və həyata keçirmək, normativ-hüquqi aktların elmi komentariyalarını hazırlamaq və digərləri idi. Ancaq bu qurum da mövcud kadr potensialından səmərəli istifadə etməməsi səbəbindən üzərinə düşənləri yerinə yetirməkdə çətinlik çəkirdi. Belə halda bu dövlət qurumunun  vəzifələrini onlardan daha çox müstəqil qurumlar, Milli Məclisin deputatları, ayrı-ayrı sahələr üzrə ekspertlər həyata keçirirdilər.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ləğv edilməsi isə ölkəmizdə bərpa olunan enerjinin gələcək inkişafının özəl investisiyaların cəlb olunmasında görülməsi ilə izah oluna bilər. Belə ki, ötən ilin sonunda energetika nazirinin müavini Samir Vəliyev “Bərpa olunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığı” mövzusunda keçirilən  “dəyirmi masa”da bərpa olunan enerji mənbələrinin potensialından daha səmərəli istifadənin bu sahənin inkişafının özəl sektorun vasitəsi ilə mümkün olduğunu vurğulamışdı. O bildirmişdi ki, qarşıdakı illərdə bərpa olunan enerji sahəsində özəl təşəbbüslərə, özəl investisiyalara əsaslanan layihələr həyata keçiriləcək.

Eyni zamanda, ölkədə özəl investisiyanın cəlb edilməsini hədəfləyən normativ-hüquqi bazanın formalaşdırılmasına, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanmasına başlanılıb və 2019-cu ilin aprel-may aylarına Azərbaycanda bərpa olunan enerji ilə bağlı qanun layihəsinin hazır olması nəzərdə tutulub.

Məqsədi ölkədə elmi-texniki potensialın qorunması, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə edilməsi, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi olan Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu indiyədək  dövlət sifarişi əsasında təbiət, texniki, humanitar və ictimai sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olsa da, bundan sonrakı fəaliyyətini  özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirməli olacaq. Söhbət ondan gedir ki, ölkədə elmi-texniki potensialın qorunması, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə edilməsi dövlətlə bərabər özəl sektorun da marağında olan məsələdir və bu qurumun  ödənişli xidmətlər göstərmək imkanına malik olması dövlət büdcəsinin xərclərinin azalmasına şərait yaradır.

Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu vəzifəsi isə artıq aktuallığını itirib və əldə edilən təcrübənin xidmət formasında xaricə ixracı quruma özünümaliyyələşdirməyə imkan verir. Bu prinsip qurumla bağlı dövlət xərclərini aradan qaldırmış olur.

Ölkə başçısının Fərmanı ilə ləğv edilən, fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilməsi nəzərdə tutulan katibliklərdən və işçi qruplarından söz düşəndə isə sözügedən komissiyaların və Şuranın sədrləri və sədr müavinləri indiyədək bu qurumlardakı fəaliyyətlərini ictimai əsaslarla davam etdiriblər. Bu mənada  katibliklərin və işçi qrupların ictimai əsaslarla təşkili komissiyaların və Şuranın fəaliyyətinə təsir edə bilməz. 

Bundan başqa, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanları optimallaşdırma, strukturun və idarəetmənin daha da təkmilləşdirilməsi ilə bağlı siyasətin davam olduğunu, həmçinin digər dövlət orqanları və qurumlarına da sirayət edəcəyini deməyə imkan verir.  

Həyata keçirilən struktur islahatları, eyni zamanda, idarəetmədə yeni meyarları müəyyən etmiş olur ki, burada  idarəetmə mexanizmlərinin daha da təkmilləşdirilməsi, mövcud potensialdan səmərəli istifadə edilməsi ilə bərabər, özünümaliyyələşdirmə prinsipi də əsas prioritetləri təşkil edir.

Xatırladaq ki, dövlətimizin başçısı sözügedən Nazirlər Kabinetinin iclasındakı nitqində indiki idarəetmədə strukturun köhnəldiyini,  onun yenisi ilə əvəz olunmasının vacibliyini vurğulayıb: “Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib.”

Prezident İlham Əliyev hazırda dünyada əks prosesin getdiyinə işarə edərək idarəetmənin daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görməyin əhəmiyyətini qeyd edib: “Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər.”

Ceyhun Piriyev, “İki sahil”