14 iyun 2019 15:27
1001

Sumqayıtda tibb işçilərinin peşə bayramı qeyd olunub - FOTO

Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar Sumqayıtda tədbir keçirilib. Tədbirdə şəhərin səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak ediblər.

Öncə Sumqayıt şəhərində səhiyyənin inkişafı ilə bağlı hazırlanmış sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirib və şərəfli işlərində uğurlar arzulayıb.

Şəhər rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.

Çıxışlardan sonra bir qrup tibb işçisi Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub. Tədbir konsert proqramı ilə davam etdirilib.

Orxan Vahidoğlu, “İki sahil”