07 aprel 2020 17:05
1224

Tibbi maska istehsalı: Həm qıtlığı aradan qaldıracaq, həm də idxalı

Azərbaycanda qısa müddətdə tibbi maska istehsalına başlanması xüsusi əhəmiyyət kəsb edir. Söhbət ondan gedir ki, bu, ilk növbədə ölkədə maska qıtlığını aradan qaldıracaq. Belə ki, indiyədək ölkəmizdə tibbi maskaya tələbat idxal hesabına ödəndiyindən dünyada tələbatın artması Azərbaycanda da çatışmazlığın yaranmasına səbəb olmuşdu.  Elə bundan irəli gələrək bəzi hallarda tibbi maska qıtlığı süni qiymət artımının yaranmasına şərait yaratmışdı. Bu mənada yerli istehsalın təşkilinin əsas səbəblərindən birinin də apteklərdə və digər ticarət yerlərində süni qiymət artımına yol verməməkdir. Eyni zamanda, Nazirlər Kabinetinin qərarı ilə ixracına qadağa qoyulmasına baxmayaraq ölkədən külli miqdarda maska çıxarmağa cəhd edənlər də az deyildi. Ancaq görülən tədbirlər sayəsində qısa müddətdə hər iki əməlin qarşısı alındı.

Digər tərəfdən, dünyada tibbi maskaya tələbatın kəskin artması istehsalçı ölkələrdə nəinki bu məhsulun, həmçinin istehsal avadanlıqlarının və xammalın ixracının dayandırılması müşahidə olunur. Belə ki, koronavirusun ilk dəfə dünyanın əsas tibbi maska istehsalçısı olan Çində meydana gəlməsi bu ölkənin virusla mübarizənin pik dövründə həmin məhsul üçün digər ölkələrə üz tutmasına səbəb olmuşdu. Hazırda isə dünyanın ən iri iqtisadiyyatlarına malik ölkələri belə tibbi maskaya olan kəskin tələbi idxal hesabına ödəməyə çalışırlar. Belə şəraitdə yerli istehsalın qurulmasını həm dövlətin, həm də milli sahibkarlığın uğuru da hesab etmək olar.

Qeyd edək ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan yaradır. İstehsalçıya, həmçinin İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir. Bundan başqa, tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Bu isə istehsalın idxaldan asılılığını azaldan faktordur. 

Bütün bu sadalananlar həm də onu deməyə əsas verir ki, Azərbaycanda yaradılmış infrastruktur qısa müddət ərzində lazım olan istehsalat sahələrini təşkil etməyə imkan yaradır. Necə ki, son vaxtlar ölkədə ən çox tələb olunan məhsul tibbi maska idi və iki həftə ərzində bu sahədə tələbatı ödəyəcək müəssisə quruldu. Bu sıraya heç şübhəsiz ki, ötən ayın sonunda istifadəyə verilmiş “Yeni klinika” tibb müəssisəsini də əlavə etmək olar. Məsələ burasındadır ki, təxminən bu ilin üçüncü rübündə istifadəyə verilməsi planlaşdırılmış müəssisənin ötən ayın sonunda açılışının edilərək koronaviruslu xəstələrin istifadəsinə verilməsi ölkəmizin  pandemiya ilə mübarizə imkanlarının bariz göstəricisidir.  

Sözügedən müəssisənin yerli tələbatı hansı səviyyədə ödəməsi məsələsinə gəlincə, birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcəyi nəzərdə tutulub. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik  200-250 min tibbi maskaya çatdırılacaq. Elə koronavirus pandemiyasının yayılmasından sonra gündəlik tələb də bu saydadır. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan bu müəssisə hesabına özünü maska ilə təmin edəcək və onun idxalına ehtiyac olmayacaq.

“Bakı Tekstil Fabriki"nin təsisçisi Səkinə Babayeva bildirib ki, Azərbaycan istehsalı olan tibbi maskalar gələn həftə satışa çıxarılacaq. Belə demək mümkündürsə, artıq növbəti həftədən tibbi maska üçün onlarla  aptekə müraciət etməyə ehtiyac yaranmayacaq.  Bir sözlə, tibbi maska istehsalı koronavirusla mübarizə dövründə qıtlığı aradan qaldırmaqla yanaşı,  Azərbaycanın bu sahədə idxaldan asılılığını aradan qaldırmağa imkan verəcək.

Ceyhun Piriyev, “İki sahil”