31 may 2020 12:28
869

Türkiyədə təhsil alan azərbaycanlı: Cənab Prezident, nə yaxşı ki, varsınız və hər zaman var olun!

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması ilə bağlı gördüyü işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

“İki sahil” dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.

Bakı şəhərindən Elnur Hüseynzadə: “Çox hörmətli cənab Prezident! Bu məktubu yazmaqda məqsədim odur ki, gündən-günə inkişaf edən müstəqil Azərbaycan Respublikasının dövlət başçısına - Sizə təşəkkürümü bildirim. Mən bunu özümə bir vətəndaşlıq borcu hesab edirəm. Həm ölkəmiz inkişaf edir, həm də insanları narahat edən məsələlər öz həllini tapır. Həmçinin bildirmək istəyirəm ki, Sizin COVID-19 pandemiyası dövründə söylədiniz “Biz birlikdə güclüyük!” çağırışınız hər bir vətəndaş kimi, mənə də qürur hissi yaşatdı və ruhlandırdı. Sizin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın köməyi sayəsində biz bu pandemiyadan qalib çıxacağıq. Vaxtında atılmış addımlar, gördüyünüz operativ işlər, qəbul etdiyiniz düzgün qərarlar xalqımızı bu epidemiyadan az itkilərlə çıxarmağa zəmin yaradır. Siz öz əməli fəaliyyətinizlə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu sübut edirsiniz. Bütün bunlar onu göstərir ki, dövlətimiz etibarlı əllərdədir. Əziz Prezidentimiz, xalqa göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha təşəkkür edir, uzun ömür, cansağlığı arzulayıram. Uca Tanrının nəzəri üzərinizdən əskik olmasın.”

Quba rayonunun Qımılqışlaq kəndindən Səmral Əhmədxanov: “Möhtərəm cənab Prezident! Bəşəriyyətin bəlasına çevrilən COVID-19 infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması üçün Sizin rəhbərliyinizlə respublikamızda görülən qabaqlayıcı tədbirləri, zəruri profilaktik işləri dəstəkləyirik. Biz gənclər Sizin sevginizi, qayğınızı hər zaman üzərimizdə hiss edirik. Mən bir gənc olaraq inanıram ki, ölkəmiz Sizin sayənizdə bu bəlaya qalib gələcək və yeni inkişaf yoluna qədəm qoyacaqdır. Hər zaman olduğu kimi, bu çətin günlərdə də biz Sizinlə həmrəyik və istənilən çağırışınıza qoşulmağa hazırıq. Azərbaycanın gələcəyi üçün birgə addımlamaq hər birimizin borcudur. Allah hər bir işdə Sizə kömək olsun!”

Füzuli rayonunun Böyük Bəhmənli kəndindən Vəfa İbrahimov: “Hörmətli cənab Prezident! Mən bir vətəndaş olaraq Sizin daim xalqa göstərdiyiniz qayğı və dəstəyə görə minnətdarlığımı bildirirəm. Bütün dünyanı sarsıdan qorxunc, gözə görünməz koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısı Sizin qabaqlayıcı tədbirləriniz sayəsində, xalqa olan maddi və mənəvi dəstəyinizlə alındı. Çıxışlarınız, tövsiyələriniz və göstərişləriniz bizdə ruh yüksəkliyi yaratdı. Buna görə ailəm və öz adımdan Sizə təşəkkürümü bildirirəm. Biz Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən gələcəyimizə inanırıq.”

Bakı şəhərinin Nərimanov rayonundan Əziz Hüseynov: “Çox hörmətli cənab Prezident! Əvvəlcə Sizi və ailənizi müqəddəs Ramazan bayramı və Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Allah Sizi bu xalqa çox görməsin. Hələ ki, dərmanı tapılmayan COVID-19 xəstəliyi bütün dünyanı çətin vəziyyətə saldı. Azərbaycanın nisbətən sabit ölkələr arasında olması bizi nikbin düşünməyə sövq edir. Sizin dəstəyiniz və təşəbbüsləriniz, qabaqlayıcı tədbirləriniz nəticəsində bu bəlaya qarşı mübarizəmizi uğurla davam etdiririk. Hörmətli cənab Prezident, mən də hazırkı dövrdə işləmək imkanı olmayan bir şəxs kimi Sizin aztəminatlı ailələr üçün ayırdığınız 190 manat vəsaiti və Heydər Əliyev Fondunun ərzaq yardımını almışam. Bu yardımlar olmasaydı, ailəmi, iki uşağımı dolandırmaqda çətinlik çəkərdim. Allah ömrünüzü uzun etsin.”

İsmayıllı rayonunun Aşağıbaş kəndindən Pərvin Hüseynov: “Hörmətli cənab Prezident! Sizin Azərbaycan dövlətinin inkişafında, ölkəmizin çiçəklənməsində rolunuz əvəzedilməzdir. Xalqımızın rifahı, ölkəmizin inkişafı daim Sizin diqqətinizin mərkəzində olub. Siz hər zamankı kimi, bu çətin günlərdə də xalqın yanında oldunuz. Aztəminatlı ailələrə ayırdığınız 190 manat məbləğində birdəfəlik ödəmə Sizin qayğınızın göstəricisidir. Ailəmiz də bu qayğıdan bəhrələndiyinə görə Sizə təşəkkür edirik. Allah Sizi daim sevindirsin. Uca rəbbimizdən Sizə uzun ömür, cansağlığı arzulayıram.”

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsindən Sevcan Qarayeva: “Çox hörmətli cənab Prezident! Mən Türkiyədə oxuyan tələbəyəm. Sizinlə fəxr edirəm. Sizin xalqımız, dövlətimiz yolunda çəkdiyiniz zəhməti görürəm və yüksək qiymətləndirirəm. Koronavirusa qarşı gördüyünüz qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə ölüm halları çox aşağıdır. Tikdirdiyiniz xəstəxanalarla insanların sağlamlığına önəm verdiyinizi bir daha sübut edirsiniz. Fəxr edirəm ki, azərbaycanlıyam. Virusla əlaqədar biz tələbələrin ölkəmizə qayıtması üçün təşkil edilən çarter reysinə görə çox sağ olun. Nə yaxşı ki, varsınız və hər zaman var olun!”

Qazax rayonunun Yuxarı Salahlı kəndindən Afaq Vəliyeva: “Hörmətli cənab Prezident! Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik. Dünyanı cənginə alan koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün bir çox tədbirlər gördünüz. Bu tədbirlərin sayəsində qorxulu xəstəlikdən itkilərimiz başqa ölkələrlə müqayisədə daha azdır. Uzaqgörən siyasətinizə, aztəminatlı ailələrə edilən yardımlara görə Sizə minnətdarlığımı bildirir, "Çox sağ olun!" deyirik. Allah Sizi qorusun.”