20 sentyabr 2019 18:31
1881

Türkün dünyasında Nizami Cəfərov

Akademik Nizami Cəfərovun 60 illik yubileyinə

Dilin kıymetini “arif” olandan

Gözün kıymetini “âmâ” olandan

Sözün kıymetini “lâl” olandan

Ekmeğin kıymetini “aç” olandan

Aşk`ın kıymetini “hiç” olandan öğren!

- deyib Şəms-i Təbrizi. Bu gün bizlər də gənc tədqiqatçı olaraq dilimizin qədrini arif insanlardan, dilimizin təəssübünü çəkən alimlərimizdən öyrənirik. 21 sentyabr 2019-cu il tarixində 60 yaşı tamam olan belə alimlərimizdən biri akademik Nizami Cəfərovdur. Ömrünün, Türkiyə türkcəsində desək, “şimdilik” 42 ilini elmə sərf edən akademikin yaradıcılığı boyunca dilin müxtəlif sahələrini araşdırdığını görə bilərik. İlk tədqiqat işini qrammatikanın ən mürəkkəb bölməsi – sintaksisə həsr edən alim bununla elm aləminə ilk iri addımını atmışdır. Onu həm dilçi, həm də ədəbiyyatşünas olaraq tanıyırıq. Amma mənim aləmimdə Nizami Cəfərov dedikdə ilk olaraq türk dili, Türkiyə, türk dünyası canlanır. Türk dili uğrunda mübarizə aparan dünyaca məşhur dilçi, türkoloqlarımızın başında Mirzə Kazım Bəy, müasir dövrümüzə doğru getdikcə İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Ahmet Caferoğlu, Tahsin Banguoğlu, Bəkir Çobanzadə, Xalid Səid Xocayev, Rəşid Rəhməti Arat, Zəki Vəlidi Toğan, Əbdüləzəl Dəmirçizadə, Fərhad Zeynalov, Tofiq Hacıyev, Əlisa Şükürlü durur. Bu gün bu alimlərin ənənələrini davam etdirən və türk dilinin, tarixinin təəssübünü çəkən alimlərdəndir Nizami Cəfərov. Müstəqil bir türk etnosunun yaranmasından müasir dövrümüzə qədər keçdiyi tarixi dövrləri araşdıran Nizami müəllim yazılarında hər nə qədər obyektiv olmağa çalışsa da, içindəki türk sevgisini mülahizələrində oxucu mütləq hiss edir. O, e.ə. II minilliyin sonunda Altay dağlarının ətəklərində müstəqil türk etnosunun yarandığını desə də, daha sonra Altay etnosunun da hansısa bir tarixi varisliyin daşıyıcısı olduğunu vurğulayır. Yəni türk etnosunun tarixini daha da qədimlərə aparır. Nizami Cəfərov türk, türk milləti, onun tarixi haqqında deyilmiş hər bir mülahizəyə öz fikrini bildirir. Buna onu vicdanı səsləyir. Lev Qumilyovun “Qədim türklər” adlı kitabını incələyən müəllif, doğrudur, kitabdakı tarixi səhvləri də qeyd edir, lakin hələ Sovet dövründə qələmə alınan bu əsəri və müəllifin ona sərf etdiyi gücünü, cəsarətini yüksək qiymətləndirir. Nizami müəllim türklərə məhəbbəti olan Lev Qumilyovun kitab boyunca riayət etdiyi prinsipi xüsusi olaraq qeyd edir: “Xalqın tarixini istisnasız şəkildə onun əleyhdarlarının mövqeyindən öyrənmək olmaz”. Bunu dedikdə, o, Çin salnamələrindəki türkləri, onların ordu baxımından vəziyyətlərini necə qiymətləndirmələrini nəzərdə tuturdu. Hətta müəllif bildirirdi ki, “salnamədə müvəffəqiyyətə nail ola bilməyib” deyilirsə, deməli söhbət Çin ordusunun tamamilə darmadağın edilməsindən gedir. Türklərin tarixinə xüsusi həssaslıqla yanaşan Nizami müəllim Qumilyovun əsərindəki polemik məqamları xüsusi olaraq qeyd edir və onu əslində rus-Sovet siyasi-ideoloji konyukturundan yaxa qurtara bilməməsində görürdü. Nizami müəllim Qumilyovun türk xalqları haqqında işlətdiyi “yox oldular” fikrini öz əlində bayraq edən yerli tarixçilərimizi də qınayır.

Nizami Cəfərov Türk dünyasının şair-mütəfəkkiri olan Oljas Süleymanovun “hər bir xristian üçün qürurverici olan bir hadisə - Vladivastok (Şərqin zəbti) varsa, hər bir müsəlman üçün də Vladizapad (Qərbin zəbti) - İstanbul vardır” fikrini genişləndirərək, müasir dövrdə, artıq, İstanbul başda müsəlmanlar olmaqla, bütün dünya dinlərinə ehtiramla yanaşan Türk dünyasının paytaxtıdır, deyir.

O, türk dünyasına, türk dili, tarixi, ədəbiyyatına bir damla belə olsa töhvə vermiş insanları diqqətindən kənarda qoymayıb. Məsələn, Azərbaycan kökənli, əslən gəncəli  olan Türkiyə alimi Əbdülbegi Gölpınarı Fuad Köprülünün tələbəsi olmaqla ən böyük nemətə sahib olub, deyə düşünür. Onun əsasən Mövlana Cəlaləddin Rumi ilə Yunus Əmrə haqqında araşdırmalarını yüksək səviyyədə aparmasının səbəbini onun türk dili ilə yanaşı ərəb və fars dillərini də dərindən bilməsi olduğunu qeyd edir.

Nizami Cəfərovun hələ 1996-cı ildə yazdığı kiçik bir məqalədə ortaq türk ədəbi dili məsələsinə toxunduğunu da görürük. O qeyd edir ki, artıq neçə illərdir türkoloji konfranslarda belə bir sual yaranır - “Ümumtürk ədəbi dili yaratmaq mümkündürmü?” Çoxlarının “yox mümkün deyil” deyə cavablandırdığı bu suala Nizami müəllim sualla özü cavab verir: “Kim öz türkcəsini buraxıb “seçilmiş” bir dilə üstünülük verəcəkdir?” Bu əslində ritorik sualdır, o buna cavab gözləmir. Nizami Cəfərov o zaman istehza ilə bildirir: “Elə isə gəlin özbəklə, qazaxla, qırğızla, tatarla, başqırdla... rusca danışmağa davam edək”. Bu “yox” cavabı verənlərə tutarlı zərbədir.

Bu zaman Ziya Gökalpın “Lisan” şeiri yada düşür:

Turan`ın bir ili var

Ve yalnız bir dili var

Başka dil var diyenin

Başka bir emeli var

Türklüğün vicdanı bir

Dini bir, vatanı bir

Fakat hepsi ayrılır

Olmazsa lisanı bir.

Bu şeir parçasıyla yazımı bitirmək istəyirəm. Nizami müəllimə Türk dünyası uğrunda etdiklərinə görə minnətdarlığımı bildirir və ona bu çətin yolu davam etdirmək naminə can sağlığı və uzun ömür diləyirəm.   

fil.ü.f.d

Turan Hüseynova