07 may 2020 10:22
1464

Ulu Öndərin müəllifi olduğu məhkəmə-hüquq islahatları keyfiyyətcə yeni mərhələdə davam etdirilir

Dünya təcrübəsinə istinadən bu fikri böyük inam və qətiyyətlə ifadə edə bilərik ki, yalnız milli iradənin, ənənələrin, düşüncə sisteminin parlaq təzahürü kimi yaranmış dövlətçilik modeli tarixin sərt sınaqlarından uğurla çıxaraq inkişafın, tərəqqinin əsasına çevrilir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev təkamülə əsaslanan tərəqqi yolunun alternativsizliyini çoxşaxəli fəaliyyəti ilə təsdiqləməklə yanaşı, dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi prinsiplər əsasında müəyyənləşdirmişdir.

Anadan olmasının 97-ci ildönümünü böyük təntənə ilə qeyd etdiyimiz ulu öndər Heydər Əliyev dərin zəkası, lider xarizması, milli ideallara, adət-ənənələrə sıx bağlılığı, zəngin idarəçilik keyfiyyətləri ilə hələ imperiyanın ideoloji repressiya maşınının sərtliklə işə düşdüyü bir dövrdə -ötən əsrin 70-80-ci illərində “Qoy, ədalət zəfər çalsın!” şüarını dövrünün ictimai çağırışına çevirməyi bacarmışdır. O, qanunçuluğun, hüquq sisteminin möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atmış, xalqın bəşəri hüquqlarının müdafiəçisinə çevrilməklə, milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmlənməsinə nail olmuşdur. Bugünümüzdən dünənimizə baxdıqda Sovet rejiminin ideoloji qəliblərinin hökm sürdüyü həmin illərdə ulu öndər Heydər Əliyevin xalqının hüquqlarını qoruyan, milliləşdirmə siyasəti aparmaqla ziyalı elitasını sərt təqiblərdən qoruyan fenomenal lider keyfiyyətləri daha qabarıq şəkildə özünü büruzə verir. Azərbaycan xalqı Ümummilli Liderin rəhbərliyi ilə yüksək iradə nümayiş etdirməklə, milli yaddaşını, mənəvi-əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumuş, dövlət müstəqilliyi üçün zəruri potensial formalaşdırmışdır.

Böyük şəxsiyyət bütün maneələri dəf edərək Azərbaycanın milli inkişaf konsepsiyasını irəli sürmüş, ictimai şüurdakı ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Bir sıra müttəfiq respublikalardan fərqli olaraq o illərdə Azərbaycanda tanınmış ziyalı və şairlər xalqda özünüdərk hissinə ciddi impulslar verən əsərlər yazmış, Ulu Öndərin milliliyi, xalqına bağlılığı onları həbs olunmaq təhlükəsindən xilas etmişdir.

Ulu Öndər Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində qanunla tənzimləndiyi, insani dəyər və azadlıqların maksimum dərəcədə qorunduğu, hümanizm ideyalarının möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin yaradılması, demokratik ənənələrin ictimai şüuarda möhkəmlənməsi uğrunda misilsiz xidmətlər göstərmişdir. Ümummilli lider Heydər Əliyevin ən nəcib mənəvi keyfiyyətlərindən biri də məhz siyasi fəaliyyətinin bütün mərhələlərində sosial ədalət, düzgünlük və hümanizm prinsiplərinə əsaslanması, bu mənəvi-əxlaqi meyarların ictimai şüuarda möhkəmlənməsinə nail olmasıdır. Bu dəyərlərə sadiqlik, ilk növbədə, Heydər Əliyevin yüksək daxili demokratizmindən, hər kəsə örnək ola biləcək vətəndaşlıq məsuliyyətindən qaynaqlanmışdır. Ümummilli Lider hər bir fərdin maraq və mənafeyinin müdafiəsini, qanunun aliliyinin qorunmasını dövlətin fundamental vəzifəsi kimi diqqətdə saxlamışdır.

Məhz bu zəngin mənəvi keyfiyyətləri sayəsində ulu öndər Heydər Əliyev həm də ictimai fikirdə xilaskarlıq mücəssəməsinə çevrildi. 1993-cü ilin iyununda müstəqilliyimizin itirilməsi, vətəndaş qarşıdurması təhlükəsi yaşandığı, xoas və anarxiyanın baş alıb getdiyi bir zamanda xalqımız çıxış yolunu məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qaydışında gördü. Ümummilli Lider xalqın təkidli tələbi ilə hakimiyyət qayıtdı, qısa müddətdə vətəndaş həmrəyliyinə, respublikamızın başı üstünü almış təhlükələrin aradan qaldırılmasına nail oldu, gələcəyə hesablanmış milli inkişaf konsepsiyasını hazırladı. Bu model unikallığı ilə fərqlənərək, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə ehtiva etmişdir.

Dahi şəxsiyyət ədalətli idarəçilik sistemi yaratmadan cəmiyyətin dövlətə etimad və inamının formalaşdırılmasını qeyri-mümkün hesab edərək, bunun üçün, ilk növbədə, məhkəmə-hüquq sistemində dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılmasına nail olmuşdur. Yüksək humanizm, şəxsiyyətə inam və hörmət, insanpərvərlik prinsiplərini önə çəkən ümummilli lider Heydər Əliyev Avratlantik məkana inteqrasiya yolunda qətiyyətli addımlar atmışdır. Qanunçuluq və hüquq qaydalarının tam təsbit olunmadığı bir dövrdə, 1993-cü ildə ölüm hökmü cəzasının tətbiqi üzərində monitoriumun qoyulması, 1998-ci ilin 10 fevralında Şərqdə ilk dəfə olaraq bu hökmün ləğv edilməsi, eləcə də Avropa Şurasına üzvlük istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi bu gün də dahi şəxsiyyətin yüksək hümanizminin təzahürü kimi diqqətəlayiqdir.

Ulu öndər Heydər Əliyevin böyüklüyü onun bağışlamağı bacaran, böyük qəlbə malik, humanist və nəcib şəxsiyyət olması ilə şərtlənmişdir. Ümummilli Lider əfvetmə institutunu bərpa etməklə, vətəndaşların dövlətə, onun rəhbərinə güvəncini, ümid və etimadını artırmışdır. 1993-2003-cü illərdə 32 əfv, 8 Amnistiya aktı imzalamaqla cəzanın adekvatlığı və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşdığını sübuta yetirmişdir. Bu məqsədlə, eyni zamanda, məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqinə, habelə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına çalışmışdır.

1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyası demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən etmişdir. Bu ali sənədin qəbulu ilə Azərbaycanda siyasi sistemin formalaşmasına başlanılmış, hüquqi-siyasi islahatların aparılmasına fundamental baza yaradılmış, hakimiyyət bölgüsü prinsipləri təsbit edilmişdir. Ali Qanunda əksini tapmış müddəaların üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Həmçinin Konstitusiyada təsbit edilmiş bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə ciddi hüquqi təminat yaratmaqla yanaşı, bu sahədə yeni dövrün tələblərinə uyğun islahatların həyata keçirilməsi, ədalət mühakiməsinin keyfiyyətcə yüksəldilməsi prosesinə ciddi təkan vermişdir. İctimai münasibətlər sisteminin qanunauyğun qaydada tənzimlənməsində, insan və vətəndaş hüquq və azadlıqlarının təminatında mühüm rol oynayan məhkəmə hakimiyyətində kompleks islahatların həyata keçirilməsi Ulu Öndərin daim xüsusi diqqət mərkəzində olmuşdur. Konstitusiyaya əsasən, hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyəti dünyanın mütərəqqi təcrübəsinə əsaslanan modeldə formalaşdırılmışdır. Bu modelə əsasən, respublikada birinci instansiya, apellyasiya və kassasiya instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. Bu sistem birinci instansiya məhkəməsinin buraxdığı hər hansı səhvin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə düzgün və obyektiv həllinə şərait yaratmış olur.

Ümummilli Liderin 1998-ci il dekabrın 1-də imzaladığı Fərmanla qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” Qanun bu sahədə qanunvericiliyin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addım olmuşdur. Ümumiyyətlə, sözügedən qanun əsasında həyata keçirilən islahatlar nəticəsində yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan hüquqlarının müdafiəsinə daha etibarlı təminat yaradan üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Həmçinin həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin görülməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmiş, məhkəmələr üzərində prokuror nəzarəti ləğv edilmiş, istintaqa məhkəmə nəzarəti, habelə təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətlərindən məhkəməyə şikayət hüququ müəyyən olunmuşdur.

2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında - test üsulu ilə seçilmiş, nəticədə hakim korpusu təkmilləşmişdir. 2002-ci ilin 24 avqustunda Konstitusiyaya ümumxalq referendumu ilə edilmiş əlavə və dəyişikliklərin bir qismi də məhz məhkəmə hakimiyyətinin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət etmişdir. Konstitusiyada ilk dəfə olaraq hər kəsin onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə şikayət vermək hüququ təsbit olunmuşdur.

Dahi şəxsiyyətin idarəçilik məharəti ictimai inkişafın mövcud mərhələlərinə uyğun olaraq insanların idarəçilikdə iştirakı formalarını müəyyənləşdirmək bacarığında müəyyən olunur. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı ilk gündən Ulu Öndərin iqtisadi, siyasi və hüquqi islahatlar kursunu inamla davam etdirmişdir. Məhz bu siyasətə sadiqliyin, hər bir vədini əməli işdə təsdiqinin nəticəsidir ki, cənab İlham Əliyev növbəti -2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində qələbəsini təkrarlamışdır. 2018-ci ildə keçirilən prezident seçkilərində qələbə qazanan cənab İlham Əliyevin Prezidentliyi Konstitusiyaya edilən əlavə və dəyişiklərə əsasən artıq 5 il deyil, 7 il müddətinə seçilib. Bu müdrik seçim nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən ulu öndər Heydər Əliyevin siyasi kursunun davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifariş amilinə əsaslandığını bir daha sübuta yetirmişdir. Milyonlarla insanın cənab İlham Əliyevi növbəti 7 ildə ölkə Prezidenti görmək istəyi mövcud siyasi strategiyanın varisliyinin təmin olunmasının obyektiv ictimai zərurətə çevrildiyini deməyə ciddi əsaslar yaradır. Hər bir vətəndaşın mənafeyinə xidmət edən mütərəqqi məhkəmə-hüquq islahatlarını 2003-cü ilin oktyabrından xüsusi diqqət mərkəzində saxlayan möhtərəm Prezidentimiz İlham Əliyev, ilk növbədə, qanunvericiliyin daha da müasirləşdirilməsi və yeni dövrün tələblərinə uyğunlaşdırılması məsələlərini diqqətdə saxlamışdır. Bu məqsədlə Azərbaycan-Avropa Şurası birgə İşçi Qrupları yaradılaraq onun tərkibinə nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanaraq həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində “Məhkəmələr və hakimlər haqqında” Qanun əsaslı şəkildə yenilənmiş, “Məhkəmə-Hüquq Şurası haqqında” yeni Qanun, “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”, “Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları”, Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul edilmişdir.

19 yanvar 2006-cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərman respublikanın məhkəmə sistemində fundamental yeniliklər üçün baza rolunu oynamışdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn həmin Fərman əsasında bölgələrdə yeni Apellyasiya və İqtisad məhkəmələri yaradılmışdır. Fərman əsasında, həmçinin Ədliyyə Akademiyası yaradılmış, Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlənmiş, məhkəmələrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə təcrübəsində nəzərə alınması təmin olunmuşdur.

Məhkəmələrin iş yükünün azaldılması, işlərə nəzərdə tutulmuş qaydada və vaxtda baxılması məqsədilə hakimlərin sayının artırılması da xüsusi diqqət mərkəzində olmuşdur. Dövlətimizin başçısı İlham Əliyevin 17 avqust 2006-cı il tarixli “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” Fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat, ümumilikdə, son illərdə hakimlərin sayı 2 dəfə, məhkəmə işçilərinin sayı 75 faiz artırılmış, hər bir hakimə köməkçi ayrılmışdır. Respublika üzrə hakimlərin sayının 800 nəfər müəyyən olunması da ədalət mühakiməsinin keyfiyyətini daha da yüksəltmişdir. Bundan başqa, son illər hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsinin şəffaf və demokratik əsasları təsbit olunmuşdur.

Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 22 iyun 2010-cu il tarixdə edilmiş dəyişikliklər, habelə məhkəmə sisteminin təkmilləşdirilməsi məqsədilə ölkə Prezidentinin 15 iyul 2010-cu il və 9 avqust 2010-cu il tarixdə imzaladığı fərmanların ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rolu olmuşdur. Bu tədbirlər nəticəsində əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmini məqsədilə ölkə tarixində ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının daha 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir. Regional ağır cinayət, inzibati-iqtisadi və hərbi məhkəmələrin tezliklə fəaliyyətə başlaması üçün qısa müddət ərzində mühüm təşkilati tədbirlər həyata keçirilmiş, 2011-ci ilin yanvar ayından 12 yeni regional məhkəmə fəaliyyətə başlamışdır.

Məhkəmələr üçün yeni inzibati binaların inşası, mövcud binaların əsaslı təmir olunması, hakimlərin müasir informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə imkanlarının yaradılması ümumilikdə ölkədə ədalət mühakiməsinin səmərəliliyinin daha da yüksəldilməsinə, korrupsiyaya qarşı mübarizəyə xidmət etmişdir. Son illərdə Bakının Yasamal, Sabunçu, Nərimanov, rayonlarında, habelə habelə Gəncə, Oğuz, Gədəbəy, Şəki və İmişli rayonlarında müasir məhkəmə kompleksləri inşa edilərək istifadəyə verilmişdir.

Dövlətimizin başçısı İlham Əliyevin 13 fevral 2014-cü il tarixli “Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında” Sərəncamından irəli gələn vəzifələr də hazırda uğurla icra edilir. “Elektron məhkəmə” informasiya sistemi məhkəmələrdə İKT-nin ən son nailiyyətlərinin tətbiqinə imkan verən əlahiddə əhəmiyyətli sənəddir. Məqsəd ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmini, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsidir. Belə bir sərəncamın imzalanması “ASAN xidmət”in yaradılması ilə vətəndaş məmnunluğuna səbəb olan müasir, sivil, şəffaf xidmətlərin məhkəmə orqanlarının fəaliyyətində geniş tətbiqinə imkan verir.

Bu mühüm məqamı da qeyd edək ki, humanizm hissinin cəza siyasətində öz əksini tapması vacib məsələlərdəndir. Ölkə Prezidenti İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı bu baxımdan böyük tarixi-mənəvi dəyəri olan bir sənəddir. Bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün bir növ Strateji yol xəritəsi rolunu oynayan Sərəncam penitensiar sahənin inkişafı və cəza siyasətinin humanistləşdirilməsi baxımından bir sıra vəzifələri önə çəkir. Sərəncamla penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin təmin olunması, müasir texnoloji vasitələrin tətbiqi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradılmışdır. Yeni xidmətin yaradılmasında məqsəd cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına səmərəli nəzarətin təşkili və bu sahədə idarəetmənin təkmilləşdirilməsidir.

Ölkənin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar dövlətimizin başçısı İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının qəbul edilməsini şərtləndirmişdir. Bu sənəd məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasının və məhkəmə-hüquq islahatlarının davamlılığının real göstəricisidir. Fərmanın məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesinin sürətləndirilməsidir. Nəzərdə tutulan məqsədə nail olunması üçün vətəndaşların məhkəməyə müraciət etmək imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının səmərəliliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsi kimi vəzifələr qarşıya qoyulmuşdur.

Azərbaycanda cəzaların icrası siyasətinin təkmilləşdirilməsində, humanizm prinsiplərinin bərqərar olmasında, insan hüquqlarının dövlət qurumları ilə yanaşı, eyni zamanda, vətəndaş cəmiyyəti institutları tərəfindən də qorunmasında, bu sahədə faydalı ictimai təşəbbüslərin irəli sürülməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da böyük xidmətləri vardır. Mehriban xanım Əliyevanın irəli sürdüyü 4 Amnistiya aktı layihəsi əsasında minlərlə məhbus azadlığa qovuşmuşdur.

Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri cənab Fikrət Məmmədov tərəfindən atılan addımlar beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Belə ki, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası (CEPEJ) öz hesabatlarında Azərbaycanda hakimlərin seçki və təyinatı sahəsində islahatları bir çox Avropa dövlətləri üçün nümunə göstərmişdir. Ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin də mükafatçısı olmuşdur.

Təbii ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günə qədər məhkəmə-hüquq sistemində aparılan islahatları, əldə olunan uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Dövlətimizin başçısı İlham Əliyevin daim bildirdiyi kimi, zaman dəyişir, qarşıya yeni-yeni vəzifələr qoyulur. Eyni zamanda, islahatlar inkişaf, tərəqqi, yeni yanaşma deməkdir. Bu nöqteyi-nəzərdən yanaşsaq, tərəqqi islahatlarsız mümkün deyil.

Keçilən yolun qısa təhlili bu ümumiləşdirəməni aparmağa əsas verir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan məhkəmə-hüquq islahatları son 16 ildən artıq dövr ərzində möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hakimiyyətin hər üç qolunda- icra, qanunvericilik və məhkəmə-hüquq sistemində təkmilləşmə ölkənin hərtərəfli inkişafını təmin edir, yeni-yeni hədəflərə yol açır. Bu inkişafın təməlində Azərbaycan vətəndaşlarına diqqət və qayğının dayanması onların hüquq və azadlıqlarının qorunmasını, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsini daim aktuallaşdırır, günün əsas mövzusuna çevirir.

Zamin İbrahimov,

Astara Rayon Məhkəməsinin sədri