14 iyun 2019 15:07
807

Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı Azərbaycan elmini də xilas etdi

Azərbaycan xalqının tarixi taleyində mühüm rol oynayan günlərdən biri də iyunun 15-dir. 1993-cü il iyunun 15-də Azərbaycanda yenidən siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev xalqımızı məhv olmaq təhlükəsindən xilas edib. Ona görə də Azərbaycan xalqı 15 iyunu Milli Qurtuluş Günü kimi qeyd edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın müxbir üzvü Əlövsət Quliyev deyib.

Alim bildirib ki, ümummilli lider Heydər Əliyev fərqli siyasi sistemlərdə millətinin qurtuluşuna nail olan yeganə dövlət xadimidir. Ulu Öndərimizin ölkəmizə rəhbərlik dövr xalqımızın Qurtuluş tarixinə çevrilib.

Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründə ağır iqtisadi, siyasi, mənəvi böhran keçirən Azərbaycanı keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevirdi. Azərbaycanın bugünkü müstəqilliyinin təməli məhz həmin dövrdə qoyuldu.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz əgər ötən əsrin 70-80-ci illərində Azərbaycanı böyük bəlalardan qurtararaq onu müstəqilliyə hazırlamışdısa, 1990-cı ilin noyabr ayında Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində tarixi qərarlar qəbul edərək müstəqil dövlətçiliyin əsasını qoydu. Ümummilli Liderin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi dövlət müstəqilliyimizin bərpası istiqamətində tarixi qərarlar qəbul edib. Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli bayrağı ilk dəfə ümummilli liderin sədrliyi ilə Naxçıvan parlamentində qaldırılıb, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılıb.

Azərbaycan 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Ölkəmizdə anarxiya və xaos hökm sürürdü. Torpaqlarımız işğal olunur, Azərbaycan məhvə sürüklənirdi. Ulu öndər Heydər Əliyev 1990-1993-cü illərin Azərbaycanını belə xarakterizə edib: “Gərək heç kəs bunu unutmasın ki, 1993-cü ildə Azərbaycan parçalanmaq, bir ölkə kimi, müstəqil dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi. Azərbaycanda vətəndaş müharibəsi baş vermişdi. Bundan istifadə edən bəzi qüvvələr, həmin o Xalq Cəbhəsinin içərisindən çıxmış qüvvələr Azərbaycanın cənubunda yeni bir “cümhuriyyət” yaratmağa çalışdılar. Şimalda yeni hərəkat başladı, separatçılıq meyilləri artıq özünü göstərdi. Bir tərəfdən də Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlamış təcavüzü, müharibə və Azərbaycanın daxili vəziyyətinin bu qədər ağır, bu qədər çətin olması, idarə oluna bilməməsi. Bundan istifadə edərək Ermənistan silahlı qüvvələri çox hallarda heç bir müqavimətə rast gəlmədən Azərbaycanın torpaqlarını sürətlə işğal etməyə başladılar. 1993-cü ildə Azərbaycan yanırdı”.

Həmin dövrdə Azərbaycan real olaraq parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Əgər 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, müstəqilliyimiz itiriləcək, Azərbaycan bir dövlət kimi yer üzündən silinəcəkdi.

Dahi şəxsiyyət Heydər Əliyev hakimiyytə qayıtdıqdan sonra milli istiqlalımızın qorunub saxlanması və möhkəmləndirilməsi üçün misilsiz işlər görüb. Müdrik rəhbərin uzaqgörən siyasəti nəticəsində ölkədəki özbaşınalıq, anarxiya aradan qaldırılıb, vətəndaş həmrəyliyi bərpa olunub, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub.

Ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycanda bütün sahələrdə yüksək inkişafa nail olub. Ulu Öndərin hələ 1970-1980-ci illərdə əsasını qoyduğu kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar müstəqillik illərində davam etdirilib, bu sahədə inqilabi dəyişiklik baş verib. Ümummilli Lideriin rəhbərliyi ilə ölkədə aparılan torpaq islahatı kənd təsərrüfatının inkişafına zəmin yaradıb. Torpağın sahibinə çevrilən kənd adamları onu daha həvəslə əkib-becərir, gün güzəranını yaxşılaşdırır. Torpaqların əkilib-becərilməsinin, ekoloji cəhətdən təmiz məhsul istehsalının, məhsuldarlığın artırılmasının təmin edlməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib. Suvarma sistemlərinin yaxşılaşdırılması, torpaqlarının erroziyasının, şoranlaşmasının qarşısının alınması istiqamətində görülən işlər kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayıb. Bu gün ölkə əhalisinin əsas kənd təsərrüfatı məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilıməsi Milli Qurtuluş Gününün bəhrələrindən biridir.

Əlövsət Quliyev bildirib ki, Ulu Öndəriin siyasi hakimiyyətə qayıdışı Azərbaycan elmini də xilas edib: “Ötən əsrin 90-cı illərinin əvvələrində hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Elmlər Akademiyasını bağlamağı təklif edirdilər. Təsəvvürünüzə gətirin ki, Elmlər Akademiyası bağlansa idi, bu gün Azərbaycan elmi hansı səviyyədə olardı. Ancaq Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra ilk görüşlərindən birini məhz elm adamları ilə keçirdi, Elmlər Akademiyasına Milli Elmlər Akademiyası statusu verdi. Bununla da Azərbaycan elminin inkişaf və tərəqqi dövrü başlandı.

Professor deyib ki, Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.

“Bu gün hər birimiz sevinir və qürur hissi keçiririk ki, müstəqilliyin yolları ilə inamla irəliləyən Azərbaycanda Ulu Öndərin amal və əməlləri əzmlə həyata keçirilir. Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlar qazanır”, - deyə alim bildirib.