KÖŞƏ

Qvami Məhəbbətoğlu

Videokonfranslar: Koronavirus dönəminin ünsiyyət forması

22 may 2020 10:15
1569

Koronavirus pandemiyası ilə əlaqədar ölkələr arasında sərhədlərin bağlandığı, sosial məsafələrin saxlanılmasının vacibliyinin vurğulandığı bir dönəmdə müasir texnologiyaların imkanlarından geniş istifadə etmək günün tələbinə çevrildi. Bu zərurəti reallaşdıran, daha doğrusu, ənənəvi ünsiyyət formasına yeni bir forma gətirən ilk ölkə isə Azərbaycan oldu. Belə ki, son bir neçə ayda Prezident İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri, həmçinin digər tədbirlər keçirildi. Bununla da ölkəmiz beynəlxalq aləmdə cərəyan edən hadisələrə təsir göstərmək imkanı olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda, respublikamız göstərdi ki, belə çətin məqamlarda beynəlxalq əməkdaşlıq çox önəmlidir və əməkdaşlıq üçün heç bir maneə ola bilməz. Siyasətçilərin fikrincə, Azərbaycan belə addımla beynəlxalq münasibətlərdə virtual diplomatiya ənənəsinin əsasını qoydu. Ölkəmizin təşəbbüsü ilə keçirilən bu videokonfranslar daha sonra digər dövlətlər və beynəlxalq qurumlar tərəfindən də təkrarlandı. Hazırda beynəlxalq münasibətlər sistemində bu cür onlayn konfransların keçirilməsi artıq ənənəyə çevrilib.

Yeri gəlmişkən qeyd edək ki, əgər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü bir neçə dövləti əhatə edirdisə, ikinci tədbirdə iştirakçıların sayı qırxdan artıq idi. Orada, həmçinin beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirdilər. Bu isə o deməkdir ki, texniki nöqteyi-nəzərdən belə tədbirlərin təşkili heç də asan deyildir. Şühbəsiz, bu cür tədbirlər koronavirus bəlası ilə üzləşdiyimiz bir dönəmdə ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun müasir tələblərə cavab verdiyini, daha doğrusu, Azərbaycan innovasiyalar ölkəsi kimi tanındığını bir daha ortaya qoydu.

Mayın 15-də Prezident İlham Əliyevlə CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və bu qurumun rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda da ölkəmizdə bu istiqamətdə görülən işlər təqdir edildi. Hətta həmin tədbirdə xanım Kelli Kramer Prezident İlham Əliyevə bildirdi ki, Sizin kimi liderin texnologiyaya belə açıq olması və onun ölkə üzrə tətbiqinə hazır olması məmnunedici haldır. Bununla da o, Prezident İlham Əliyevi təkcə regionda deyil, dünya miqyasında da texnologiyaya dəstək verən lider kimi xarakterizə etdi. CISCO şirkətinin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Spərrou isə təmsil etdiyi şirkətin Azərbaycanla əməkdaşlığının fantastik olduğunu və bu əməkdaşlığın davamlı olacağını arzuladı. “Əminəm ki, bizim strateji tərəfdaşlığımız yalnız güclənəcək. Çünki bizim ölkənin müasirləşdirilməsi ilə bağlı gündəliyimiz, sizin isə texnologiyanız var” deyən Prezident İlham Əliyev də bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğuladı.

Yeri gəlmişkən, dünyanın texnologiya sahəsində ən böyük şirkətlərindən birinin rəhbərliyində təmsil olunan xanım Kelli Kramerin: “Əslində, yaxşı və xoş təəssürat bağışlayan haldır ki, COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərinizi nümayiş etdirdiniz. Çox böyük təəssürat bağışladı. Bir daha bu işlərə rəhbərlik etdiyinizə görə Sizə minnətdarıq” sözləri ilə Prezidenti İlham Əliyevin təşəbbüslərinə yüksək qiymət verdi.

Qeyd edək ki, pandemiya dövründə Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən hər iki Zirvə görüşü CISCO-nun teleiştirak texnologiyasından istifadə edilməklə təşkil olunmuşdu. Bu transmilli hesab olunan şirkət Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “ASAN xidmət”lə yaxından əməkdaşlıq edir.

Hazırda bu şirkətin iştirakı ilə ölkəmizdə “Ağıllı şəhər” layihəsi həyata keçirilir. İndi isə sözügedən şirkət “Smart ölkə” ideyası ilə çıxış edib. Bu, təhsili, kibertəhlükəsizliyi, səhiyyəni, kənd təsərrüfatını və su ehtiyatlarının idarə olunmasını əhatə edir. Bütün bunlara münasibət bildirən Prezident İlham Əliyev “Smart ölkə” layihəsinin inkişaf gündəliyi üzrə tam tədqiqatın, bir növ “yol xəritəsi”nin hazırlanmasının vacibliyini qeyd etmişdir. Şübhəsiz, həyata keçiriləcək bu layihələr ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da güclənməsinə şərait yaradacaq.

Yaqut Ağaşahqızı
Biz birlikdə güclüyük!
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?