22 iyun 2019 08:16
651

Xalq artisti Məlik Dadaşovun xatirəsi yad edilib

İyunun 21-də Dövlət Film Fondunda Xalq artisti Məlik Dadaşovun 95 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, gecədə Məlik Dadaşovun çəkildiyi filmlərdən ibarət slayd-şou göstərilib, sənət yoldaşları öz çıxışlarında aktyorla bağlı fikirlərini bölüşüblər.
Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, Məlik Dadaşov Azərbaycanda ilk rolunu 1947-ci ildə “Fətəli xan“ filmində oynayıb. Bu rol kiçik də olsa, yaddaqalan olub. Məhz bu tarixi gündən sonra o, kinomuzda onlarla yaddaqalan, maraqlı, zəngin, özünəməxsus dəstxəti ilə seçilən obrazlar yaradıb. “Məlik Dadaşovun Azərbaycan kinosunda yaratdığı hər bir obrazın özünəməxsus tarixçəsi var. İllər keçdikcə bu rollar daha da müasirləşir və tamaşaçıların rəğbətini qazanır”, - deyə C.Quliyev qeyd edib.
Kinorejissor, Əməkdar incəsənət xadimi Cahangir Mehdiyev aktyorla bağlı xatirələrini bölüşüb, onun milli kinomuzun inkişafında göstərdiyi xidmətlərdən danışıb.
Tədbirdə kinoşünas, Əməkdar mədəniyyət işçisi Əlisəftər Hüseynov çıxışında Məlik Dadaşovu Azərbaycan aktyorluq məktəbinin formalaşmasında, inkişaf etməsində və yeni mərhələyə qalxmasında çox böyük xidmətləri olan qüdrətli sənətkar kimi xarakterizə edib. Onun yaratdığı obrazların kiçik-böyük, mənfi-müsbət, zəif-qüvvətli prinsipləri ilə təsnif etməyin mümkün olmadığını bildirən Ə.Hüseynov aktyorun yaratdıqlarını yüksək sənətkarlıqla ortaya qoyduğunu diqqətə çatdırıb. Kinoşünas bildirib ki, o, Azərbaycanın həm teatr sənətinin, eyni zamanda kinonun inkişafında misilsiz xidmətləri olan bir şəxsiyyətdir. İstər epizodik rolda, istərsə də baş rolda çəkilməyin Məlik Dadaşov üçün heç bir əhəmiyyəti yox idi. “Onun üçün əsas, yaratdığı obrazı tamaşaçının yaddaşına hopdurmaq, həmin obrazın qısa zaman kəsiyində tərcümeyi-halını ortaya qoymaq olub. Bu mənada Məlik Dadaşovla Azərbaycan aktyorluq sənətində rəqabət aparacaq insan azdır”, - deyə Ə.Hüseynov bildirib.
Qeyd edilib ki, M.Dadaşov tarixi keçmişimizdən bəhs edən “Dəli Kür” bədii filmində bir sıra xarakterik obrazları oynayıb, onların daxili aləmini məharətlə açıb. Həmin filmdə onun böyük sənətkarlıqla canlandırdığı obraz Molla Sadıqdır. O, “Qarlı aşırım” filmində əvvəlki personajlardan tam fərqli olan Qəmlo obrazını da böyük sənətkarlıqla oynayıb. Görkəmli aktyor kinoda N.Nərimanov (“Birisi gün, gecəyarı”), Şeyx Nəsrullah (“O dünyadan salam”), Armen Xaçaturyans (“Fəryad”) Ohan yüzbaşı (“Hacı Qara”), müstəntiq (“Güllələnmə təxirə salınır”) kimi yaddaqalan, maraqlı obrazlara da ekran həyatı verib. Aktyorun yaradıcılığında Şeyx Nəsrullah və Qəmlo obrazları zirvədə dayanır.