25 yanvar 2021 18:16
1317

Xəzərdə əməkdaşlıq və qarşılıqlı etimad mühitinin gücləndirilməsinə böyük töhfə

Cari ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zirvə toplantısı ərəfəsində  Anlaşma Memorandumunun imzalanması Xəzəryanı dövlətlər arasında  əməkdaşlığın daha da  genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələndirilir

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasına müəlliflik edən Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra  dünyaya bu reallığı da çatdırdı ki, beynəlxalq hüquq normaları mövcuddur, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir dövlət bu prinsiplərə əməl etməlidir. Bir sözlə, Azərbaycan dünyanın xarici siyasətində də yeniliklərin edilməsinə nail oldu. Azərbaycanın 2019-cu ildə 55  ölkədən 500-dən çox nümayəndənin  iştirakı ilə evsahibliyi etdiyi  VII Qlobal Bakı Forumunun  “Dünyanın yeni xarici siyasəti” mövzusuna həsr edilməsi istər ölkə, istərsə də dünya mətbuatında, xarici ekspertlərin müzakirələrində ölkəmizin böyük uğuru kimi dəyərləndirilmişdir. Bu baxımdan ki, dünyanın yeni xarici siyasətinin, qlobal və regional əhəmiyyət daşıyan məsələlərin ölkəmizdə müzakirə olunması xarici siyasətimizin böyük uğuru kimi qəbul olundu. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Azərbaycanın xarici siyasəti əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, dövlətimizin milli maraqlarına əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir.

Yanvarın 21-də Azərbaycan  Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması da qlobal səviyyədə çox mühüm əhəmiyyət kəsb edir. Memoranduma 2020-ci ildə Azərbaycanın yaratdığı  yeni reallıqlar fonundan   yanaşan ekspertlər bildirirlər ki, sənədin  reallaşdırılması həm iki ölkə arasındakı münasibətlərə, həm regional, həm də qlobal əməkdaşlığa verəcəyi töhfələrə işıq salacaq.

Məlum olduğu kimi,  Xəzərin hüquqi statusu Azərbaycanın xarici siyasətində  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən sonra ikinci əsas məsələ kimi öndə idi. Artıq hər iki məsələ öz həllini tapıb.  Sovetlər birliyinin dağılmasından sonra  Xəzər regionunda yeni müstəqil dövlətlərin yaranmasından sonra davam edən   müzakirələr, danışıqlar 2018-ci ildə  müsbət sonluqla başa çatdı. Belə ki, həmin il  Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə Toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu mühüm sənədin Xəzəryanı dövlətlərə gətirəcəyi iqtisadi və siyasi dividendlər geniş müzakirə olundu.  Müxtəlif fikirlərin fonunda  ümumi rəy bu oldu ki,  Konvesiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın, bölgədə sülhün, təhlükəsizliyin daha da möhkəmlənməsinə təkan verəcək.  BMT rəsmiləri  Konvensiyanı alqışlayaraq, onu  region ölkələrinə uzunmüddətli mübahisələrin həllində  kömək edəcək tarixi sənəd adlandırdılar. Bu tarixi sənədin beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi üçün zəruri olan regional əməkdaşlığın vacibliyini nümayiş etdirdiyi diqqətə çatdırılırdı. Konvensiya  Xəzər dənizinin sahil dövlətləri arasında çoxdankı problemin geniş spektrinin nizamlanması üçün əvəzsiz bir alət, həmçinin regional gərginliyin aradan qaldırılmasında  əhəmiyyətli addım kimi dəyərləndirildi. 

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  Azərbaycan Xəzəryanı ölkələr arasında  əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. Prezidentlər, eyni zamanda, xarici işlər nazirləri səviyyəsində danışıqların aparılması, ikitərəfli razılaşmalar əsasında  imzalanan əməkdaşlıq sazişləri də deyilənlərin təsdiqidir.

Uzun illər ərzində 5 Xəzəryanı dövlətin - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın  Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı ümumi razılığa gələ bilməmələr  və yekun Konvensiyanın qəbul olunmaması  səbəbindən bu problem  Xəzəryanı dövlətlər arasında əsas müzakirə mövzusu olaraq qalırdı. Bu məsələnin həlli istiqamətində ulu öndər Heydər Əliyevin səyləri daim yüksək dəyərləndirilir. Ümummilli Lider  daim bəyan edirdi ki, Xəzər  sülh, əməkdaşlıq dənizi olmalıdır. Xəzərin hüquqi statusu məsələsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmasının tərəfdarı olduğunu bəyan edən rəsmi Bakı mütəmadi olaraq Xəzəryanı dövlətlərlə  ikitərəfli və çoxtərəfli çərçivədə danışıqlar aparırdı.

Konvensiyanın imzalanmasında  ilk növbədə  Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələrin stimulverici amil rolu önə çəkildi. Belə ki, illər keçdikcə İran və Türkmənistan ilə aparılan danışıqlar onların mövqelərinin beynəlxalq hüquq normalarına uyğun formalaşmasına səbəb oldu. Ölkəmizin Xəzəryanı dövlətlərlə ikitərəfli əməkdaşlığının bugünkü səviyyəsi göz önündədir.  Xəzərin hüquqi statusu ilə bağlı imzalanan Konvensiya  ilk növbədə  Xəzər regionunda böyük həcmdə enerji ehtiyatlarının sərbəst istismarına və istifadəsinə, həmin ehtiyatların dünya bazarına daşınmasına, regionun enerji təhlükəsizliyinin, eyni zamanda burada dövlətlərin iqtisadi, siyasi maraqlarının təmin edilməsinə, bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına öz təsirini göstərir. Bu gün əminliklə qeyd edirik ki,     Xəzəryanı ölkələr arasında geniş əməkdaşlıq münasibətləri mövcuddur. Eyni zamanda,  Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar, əməkdaşlıq formatları gələcək üçün geniş imkanlar açır.

Azərbaycan öz təbii resurslarından səmərəli istifadə etməklə həm iqtisadi  imkanlarını artırır, həm də siyasi mövqeyini möhkəmləndirir. Günümüzün əsas reallıqlarından biri də budur ki, ölkəmizin iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycanın qarşısında açdığı imkanlar göz önündədir. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək Azərbaycanın enerji sektorunda qazandığı uğurlara diqqət yetirmək kifayətdir. Artıq əməkdaşlıq regional çərçivədən çıxaraq  beynəlxalq səviyyədə inkişaf etdirilir. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən, “Əsrin müqaviləsi”nin 20 illiyində təməli qoyulan, 2020-ci il dekabrın 31-də artıq dördüncü seqmenti  istifadəyə verilən Cənub Qaz Dəhlizi bir daha Azərbaycanın malik olduğu  iqtisadi imkanların, eyni zamanda, beynəlxalq münasibətlər sistemində yeri və rolunun təqdimatı oldu. Hər başa çatan layihə yeni bir  layihənin gündəmə gətirilməsini zərurətə çevirir. Azərbaycanın malik olduğu neft-qaz ehtiyatları da yeni layihənin nəinki gündəmə gətirilməsini, həmçinin uğurlu sonluqla başa çatmasını şərtləndirir. Ulu öndər Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasından öncə dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən heç bir dövlət təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Təbii ki, “Əsrin müqaviləsi” bunu bir daha təsdiqlədi. Məhz uğurlu əməkdaşlığın nəticəsində müqavilənin müddəti uzadılaraq 2017-ci  ildə “Yeni əsrin müqaviləsi” imzalandı.   İqtisadi və siyasi mövqeyini möhkəmləndirmiş, imkanları artmış Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə əksər ölkələrin, xüsusən də region ölkələrinin marağı da artır.  Azərbaycan tranzit ölkə kimi nüfuzunu artırır. Əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan  Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin bu mövqeyini bir daha təsdiqlədi.  Strateji əhəmiyyətə malik olan bu layihənin reallaşdırılması region ölkələri kimi Azərbaycan və Türkiyə ilə yanaşı, Türkmənistana da müəyyən  üstünlüklər verir. Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla  videokonfrans formatında keçirilən  görüşdə dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, nəqliyyat sahəsində əməkdaşlıq həm bizim ölkələr, həm də qonşularımız üçün böyük perspektivlər açır. Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanları yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Bu əminlik ifadə edilmişdir ki,  ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq. Bu,  bütün tərəfdaşlarımız və qonşularımız üçün əlavə imkanlar yaradacaq. Bu baxımdan Memorandumun imzalanması  əlamətdar hadisədir və bu mühüm sənəd müsbət nəticələrə yol açacaq. Regional əməkdaşlıq məsələsinə gəldikdə isə  Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib.

Bir sözlə,  Xəzərin hüquqi statusunun müəyyənləşməsinə sanballı töhfələr verən Azərbaycan, həmçinin dənizin karbohidrogen resurslarının qarşılıqlı əməkdaşlıq çərçivəsində işlənməsi istiqamətində bir ilkə imza atıb.  Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı “Dostluq” yatağı zəngin neft-qaz ehtiyatlarına malikdir. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə uzun illər onun işlənməsi mümkün olmayıb, məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb.  Dövlət başçılarının qarşılıqlı səfərləri iki dost ölkə arasında  bütün məsələlərin hər iki tərəf üçün yüksək səviyyədə həllinə etibarlı zəmin yaradıb. Sözügedən sənədin imzalanması bir daha  sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər.

Yeganə Əliyeva, “İki sahil”