28 yanvar 2020 18:13
2012

Xırdalanın Heydər Əliyev prospekti yenidən qurulur

Abşeron rayonunun inzibati mərkəzi - Xırdalan şəhərinin Heydər Əliyev prospekti əsaslı şəkildə yenidən qurulur.

Prezident İlham Əliyevin sərəncamına əsasən Xırdalan şəhərinin 5,1 kilometr uzunluğu olan Heydər Əliyev prospektində yenidənqurma işləri aparılır. Prospektin 2700 metri 4 hərəkət zolaqlıdır. Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı yenisi ilə əvəzlənir, yolun hərəkət hissəsi genişləndirilir. Piyada səkiləri yenidən qurulur, zəruri olan yerlərdə yeni piyada səkiləri tikilir, kənarlarına isə yeni səki daşları düzülür.

Prospektdə işlər kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının qapaqları yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

Bundan başqa, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xırdalan şəhərinin ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrində də təmir işləri aparılır. //AZƏRTAC