01 noyabr 2019 11:46
267

XXI əsr texnoloji mübarizə əsridir

“Bu gün dünyanın inkişafı müasir texnologiyaların inkişafından asılıdır. O ölkələr ki, bu texnologiyaları icad edir, yaxud da ki, onları tətbiq edir, o ölkələr daim uğur qazanacaqlar. XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır” söyləyən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi qüdrətinin güclənməsində xidmətləri olan informasiya texnologiyalarının inkişafına xüsusi diqqətlə yanaşır. Yalnız qüdrətli dövlətlərdə mümkün olan kosmik sənayeni yaratmaqla İKT-nin iqtisadiyyatın bütün sahələrdə tətbiqinə nail olan Azərbaycan bu sahədə də liderliyini qoruyur. 

Kosmik sənayenin inkişafı istiqamətində böyük uğurlar qazanan ölkəmizin nailiyyətləri Beynəlxalq Astronavtika Federasiyasının (BAF) Baş Assambleyasında keçirilən, ABŞ-ın vitse-prezidenti Pensin də iştirak etdiyi seçkilərdə də təsdiqləndi. Həmin seçkilərdə  Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə bağlı qərarın qəbulu siyasi, iqtisadi, diplomatiya sahəsində qazandığı uğurları ilə böyük nüfuz qazanan Azərbaycanın kosmik sənayenin inkişafındakı uğurlarının nəticəsidir.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqini əsas prioritet kimi qarşıya qoyan cənab İlham Əliyevin “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması”, “Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamları, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi, Yerüstü Peyk-İdarəetmə Mərkəzinin yaradılması ölkədə kosmik sənayenin inkişafını sürətləndirdi. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi ilə azsaylı kosmik ailənin üzvlərindən olan ölkəmizdə  “fəza elmi”nə diqqət artırıldı. Qısa müddətdə ən yüksək texnologiyaların tətbiqi, yaradılan imkanlar hesabına Azərbaycan orbitə üç peyk çıxardı. Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələrini əhatə edən “Azerspase-1”, informasiya müstəqilliyini və təhlükəsizliyini təmin edən telekommunikasiya peyki, “Azersky” müşahidə peyki, “Azerspase-2” kosmik sənayemizi inkişaf etdirməklə yanaşı, kommersiya xarakterli, ölkəmizə sərmayə qazandıran önəmli layihədir.

2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi üçün namizədliyini irəli sürən Azərbaycan kosmik ailədə bu uğurları ilə təmsil olunur. Seçkidə Bakı ilə yanaşı,  Sinqapur, Rio-de-Janeyro, Dehli şəhərləri arasında Azərbaycana üstünlük verilməsi o deməkdir ki, dinamik inkişafla dünyaya inteqrasiya edən, nüfuz qazanan ölkəmizə bütün sahələrdə göstərilən rəğbət alternativsizdir. Bir neçə gün bundan əvvəl Vaşinqtonda keçirilən həmin Konqresdə 68 ölkədən 398 üzvü birləşdirən və texniki imkanları hesabına dünyanın ən böyük qurumlarından olan BAF tərəfdaşlarının yekdil rəyi nəticəsində növbəti  Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi tarixi bir ənənənin təkrarıdır.  Prezident İlham Əliyevin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi qəbul edərkən vurğulandığı kimi Sovet İttifaqında ilk və yeganə Konqres ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda, Bakı şəhərində keçirilmişdir.

“İctimaiyyətin diqqətini bir məsələyə də cəlb etmək istəyirəm. O da odur ki, 1973-cü ildə Sovet İttifaqı dönəmində Beynəlxalq Astronavtika Konqresi Sovet İttifaqında keçirilmişdir. Cəmi bir dəfə, o da Bakı şəhərində. O vaxt ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbəri kimi böyük səylər göstərmişdir ki, Sovet İttifaqında bu Konqres məhz Bakıda keçirilsin” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, təxminən 50 ildən sonra - 2022-ci ildə növbəti Konqresin müstəqil Azərbaycanda keçirilməsi rəmzi məna daşıyır.

Ölkəmizin illərdən sonra bu şansı qazanması, Azərbaycanı zirvələrə yüksəldən respublikamızın kosmosda təmsilçiliyi üçün siyasi iradə göstərən dövlət başçımız İlham Əliyevin varislik ənənələrinə sadiqliyidir. Təxminən 6-7 min xarici qonağın iştirakının gözlənildiyi həmin Konqres ölkəmizdə kosmik sənayenin inkişafı üçün yeni imkanlar yaradacaq.

XXI əsrin texnologiyalar əsri adlandırılıması təsadüfi deyildir. Dünya ölkələrinin iqtisadi inkişafını hesabatlarında açıqlayan beynəlxalq təşkilatlar tərəqqini şərtləndirən informasiya texnologiyalarından istifadənin yaratdığı səmərəni də qeyd edirlər. Beynəlxalq aləmdə nüfuzu yüksələn, islahatçı adlandırılan,  texnoloji mübarizə yüzilliyi olan XXI əsrin çağırışlarına uğurları ilə cavab verən ölkəmizin əsas hədəflərindən biri də ən müasir texnologiyaların respublikamıza gətirilməsidir. “XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, astronavtika sahəsində əldə edilmiş uğurlar böyük biznesin dəstəyi ilə baş verir. Ölkəmizə inam onu göstərir ki, qitələr, sivlizasiyalararası körpü rolunu uğurla davam etdirən Azərbaycan kosmik sənayenin inkişafında da önəmli addımlar atır. Beynəlxalq astronavtika aləminin inanılmış üzvü kimi ölkəmizə etimad göstərilir.

Kosmik sənaye sahəsində çalışacaq mütəxəssislərin hazırlığının diqqətdə saxlanılması, ümumtəhsil müəssisələrində  informasiya texnologiyaları üzrə fənnin tədrisində əyani vəsaitlərdən istifadə, informatika kabinələrinin yaradılması, “Bir şagird, bir kompyuter”, “ Xalq kompyuteri” layihələrinin həyata keçirilməsi, Mincəçevirdə “Kür” adlı kompyuterlərin istehsalına başlanılması, ölkə əhalisinin 80 faizə qədərinin internet istifadəçisi olması Azərbaycanda informasiya texnologiyalarının tətbiqinə göstərilən diqqətdir. Hazırda ölkəmizin orta və ali təhsil müəssisələrində yaradılmış kompyuter otaqlarında ən müasir informasiya texnologiyaları vasitələri gənclərin istifadəsinə verilib.

“Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir” söyləyən cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan və dünyada analoqu olmayan layihə kimi maraq doğuran “ASAN xidmət” mərkəzlərində həyata keçirilən əməliyyatlar zamanı istifadə olunan texnologiyalar insanların həyat tərzini də asanlaşdırır. Hazırda ölkə iqtisadiyyatının 85 faizini təşkil edən qeyri-neft sektorunun inkişafında xidmətləri olan iş adamlarını maraqlandıran məlumatların sistemləşdirilməsi, vergi sistemində əməliyyatlarının internet vasitəsilə həyata keçirilməsi, “bir pəncərə” layihəsinin tətbiqi, əhalinin sosial müdafiəsi, pensiya sistemində yaranan yeniliklərin məhz internet vasitəsilə ölkə vətəndaşlarına çatdırılması respublikada  İKT-nin inkişafına göstərilən diqqət, bütün strukturların ən müasir avadanlıqlarla, genişzolaqlı internetlə təmin olunması hesabına mümkün olmuşdur. Respublikamızın ən ucqar kəndlərində yaşayan insanlar ölkəmizdə və dünyada baş verən hadisələri sosial şəbəkələr vasitəsilə öyrənir, yaxınları ilə əlaqə saxlayırlar. Tam əminliklə söyləmək olar ki, informasiya-kommunikasiya texnologiyaları həyatımızın və məişətimizin daim ehtiyac duyulan, ayrılmaz parçasıdır.

Xuraman İsmayılqızı, “İki sahil”