01 oktyabr 2019 19:43
1182

Yaxşı əsgər həm də yaxşı düşünür

Ön xətdə, səngərlərə gedəndə bir ürək tutumunca ümidlə gedirsən, səngərdən dönəndə ümidi inam əvəzləyir; səngərdən dönüşündə inamının boyu səngərə gedişində düşüncələrini də, ürəyini də bürüyən ümidin boyundan çox-çox böyük olur. Niyə belədi, nədən belədi? - heç zaman, heç bir hərbi qulluqçudan soruşmadığım sualdı.

Özüm  gümanlarımla, düşüncələrimlə cavablandırmışam: bu  möhtəşəm inamın başlanğıcı əsgərin Hərbi anda, dövlətə, dövlətçiliyə - Vətənə sədaqətidi, yüksək döyüş və mənəvi-psixoloji hazırlığıdı. Həm də hər bir hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun “Vətənə, xalqa, dövlətə sədaqəti ömrünüzün mənası bilin” tövsiyəsinə uyğun xidmət edir. Əlbəttə ki, belə xidmət edən hərbi qulluqçuların əhatəsindən qədərsiz inamla qayıdacaqsan...

2016-cı ilin Aprel döyüşləri həm də ruhumuzun qələbəsi oldu. Azərbaycan Ordusunun gücünün, qüdrətinin təsdiqi kimi tarixləşən döyüşlərdən on-on beş gün əvvəl Cocuq Mərcanlıda ezamiyyətdəydim. Zabitin təqdimatıyla döyüş növbətçiliyindən qayıtmış əsgər Sahiblə də (familiyasını unutmuşam) söhbətləşmişdim. Səngərdə eşitdiyim hər mətləb düşüncələrimə həmişə vətənpərvərlik tutumuyla hopub. Onda Sahib demişdi ki, Lələtəpə kimi əhəmiyyətli bir yüksəklik düşmənin strateji mövqelərindəndir. Cocuq Mərcanlı kəndi düşmənin Lələtəpədən çox da uzaqda olmayan atış məsafəsindədir. Düşmən atəşkəsi bu istiqamətdən də tez-tez pozur və hər dəfə də susdurulur. Bu istiqamətdə mövqe üstünlüyünə malik olsa da düşmən bizdən çəkinir.

Son kəlmələr bura gəlincə ürəyimi silələmiş ümidin işığına dönmüşdü: Düşmən bizdən çəkinir!

Sahib fikrini belə tamamlamışdı:

- Biz onları müşahidə etdiyimiz kimi onlar da bizi müşahidə edir. Görür ki, Azərbaycan əsgəri döyüş növbətçiliyini sayıqlıqla, məsuliyyətlə aparır,  bütün tərpənişləri ciddi nəzarətdədi, istənilən tərpənişinə qarşı təlimata müvafiq tədbirlər görülür...

Həm maraqla, həm də hiddətlə Lələtəpəyə sarı baxmışdım. Baxışlarım Sahibin baxışlarıyla qoşalaşmışdı. Niyəsə “İstirahət etməliydin...”, - demişdim. Gülümsünmüşdü:

- Bu mövzuda söhbət ən gözəl istirahətdi.

- Hər halda...

- Hər halda ön xətdə əsgərin asudə vaxtı, müəyyən mənada, döyüş növbətçiliyinin davamıdı.

Mənim “hər halda” ifadəmin narahatlıqdan yarandığını duyan əsgərin dediyi kəlmələrin də işığı səngərə gələndə ürəyimi silələmiş ümidin işığına qarışmışdı.

Söz sözü çəkməmişdi, söz sözün davamı olmuşdu...

“Düşmən bizdən çəkinir” - qənaətli əsgər biz bura gəlmə ərəfəsində döyüş növbətçiliyi apardığı mövqeyə tərəf baxmışdı. O məzmunlu baxışlarda narahatlıq yox, döyüş əzmi vardı, qələbə ruhu vardı. Bu gərəkli əzmi, bu gərəkli  ruhu ümidimə tən bilmişdim  və ona inam demişdim; bu inamın böyüklüyüylə müqayisədə narahatlığımın cılızlığından utanmışdım...

Bilirdim ki, döyüş növbətçiliyinin mahiyyəti bilavasitə torpaqların müdafiəsidi: döyüş növbətçiliyi  aparılan mövqedən qarşı tərəf - düşmənin mövqesi izlənilir, şübhəli tərpənişlər hiss ediləndə gərəkli tədbirlər görülür. Düşmənin tərpənişi həmləyə hazırlığa bənzəyirsə, həmləyə hazırlığın başlanğıcıdırsa, döyüş növbətçiliyi aparan əsgər təlimata müvafiq qərar qəbul edir. Nəticə etibarilə düşmənin niyyəti çiliklənir. Söhbətimizdə bunları Sahib də demişdi. Əsgərin, bu əsgərin timsalında bütün əsgərlərin hərbi nəzəri biliyini təcrübi vərdişlərini bütövlüklə əhatələdiyinə, tamamladığına zərrəcə şübhə etməmişdim. Onda bir daha əmin olmuşdum ki, Azərbaycan əsgərinin döyüş hazırlığı elmi əsaslarla formalaşdırılır.

Sahibin dəvətiylə söhbətimizə Kərəm də müdaxilə etmişdi:

- Ötən həftə Tahir döyüş növbətçiliyi aparanda düşmənin nəzarətdə saxlanılan yan-yörəsində anlaşılmaz qarışıqlıq hiss etmişdi. Təlimata müvafiq şəkildə məruzə etmişdi. Lazımi tədbirlər görülmüşdü, düşmənin tərpənişinin qarşısı vaxtında alınmışdı. Necə deyərlər, həmişə göz gördüyündən qorxub.

Kərəmin xatırlatdığı bu fakt  Sahibin düşüncələrini bir qədər də incələşdirmişdi. Onun dediklərini bayaq eşitdiklərimizin məntiqi davamı kimi dinləmişdik:

- Ön xəttin özünəməxsus tələbləri var. Həmin tələblər burada xidmət edən əsgərlər üçün Hərbi andın, Hərbi Nizamnamələrin tələblərindən sonra yerinə yetirilməli olan ilkin şərtlər məhz döyüş növbətçiliyi ilə bağlıdır və onlar birmənalı şəkildə məsuliyyətlə yerinə yetirilir.

Sahibin  maraqla dinlədiyimiz fikirlərini Kərəm  tamamlamışdı:

- Burada xidmət edən əsgərlər üçün hər an döyüş növbətçiliyidi.

Səngərlərimizə, mövqelərimizə baxmışdım. Mənə elə gəlmişdi ki, döyüş növbətçiliyində ruhən əsgərin yanında əsgər yoldaşları, əsgər  yoldaşlarının timsalında xidmət etdiyi hərbi hissə də olur. Döyüş növbətçiliyi aparan əsgərin diqqətinin, qətiyyətinin, məsuliyyətinin qədərsizliyi  bunun nəticəsidir, yəni, mövqe belə bir möhtəşəmliklə qorunur.

Əsgərlərin baxışlarını bürüyən təbəssümü o anlarda könlümə əsgər ərməğanı bilmişdim. Müşahidələrimi zabit də təsdiqləmişdi.

Bu duyğuların eynini ön xətdə, səngərdə, mövqelərdə yenidən yaşadım. Düşüncələrim döyüş növbətçiliyi aparan əsgərlərimizin düşüncələriylə asanlıqla qoşalaşdı, bəzi məqamlarda eyniləşdi də - eyni mətləbə görə, eyni istəyə, eyni niyyətə, eyni amala görə xatırladım ki, 2016-cı ilin martın son həftəsində düşüncələrim Cocuq Mərcanlıda əsgər düşüncələrinin işığında bugünkü kimi nurlanmışdı...

Zabit Aqil Hüseynovun qürurunu qürurumla yanaşı gördüm:

- Əsgərlərimiz yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malikdir. Hər biri Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlamağa, torpaqlarımızı işğaldan azad etməyə hazırdır, - dedi. - Bu gün burada bir daha əmin oldum ki, yaxşı əsgər həm də yaxşı düşünür...

Əsgərlərin baxışları zabitin baxışlarından, mənim baxışlarım əsgərlərin baxışlarından yapışmışdı, qarşı tərəfə baxırdıq. Mənə elə gəldi ki, hamımız  eyni mövqedə döyüş növbətçiliyi aparırıq...

Rəşid FAXRALI