28 iyul 2018 15:34
2991

Sənaye parklarının yaradılması öz səmərəliliyini göstərir

Müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması ölkədə sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. Sənaye parklarının yaradılması, həm də ölkənin qeyri neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Hazırda ölkədə 5 - Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı fəaliyyət göstərir.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlətimizin başçısı vurğulayıb ki, sənaye parklarında rezidentlərin sayı 50-yə yaxınlaşır: "Sənaye parklarının yaradılması da öz səmərəliliyini göstərmişdir. Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara yaxşı güzəştli şərtlər yaratmasaydıq indi 50-yə yaxın rezident olmazdı. Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır. Bax, investisiya təşviqi sənədi 2,5 milyard manat sərmayə gətirir, sənaye parklarına isə 3,6 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Ondan 2,6 milyard dolları artıq qoyulub. Əlbəttə ki, Azərbaycanda avtomobil istehsalı başlayıb. Neftçalada ildə 10 min minik avtomobili istehsal ediləcək. Biz Gəncə avtomobil zavodunda 10 mininci traktorun istifadəyə verilməsini qeyd etmişik. Yəni, əminəm ki, sənaye parklarının fəaliyyəti uğurlu olacaq. İndi bir neçə şəhərdə parklar yaradılır. Təkliflər verilməlidir ki, gələn il biz bu siyasəti hansı şəhərlərdə davam etdirə bilərik."

Nazirlər Kabinetinin iclasında verilən tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında nazir Şahin Mustafayev iqtisadiyyatın aparıcı sahələrindən olan sənayenin inkişafı istiqamətində görülən işlərdən danışaraq bildirib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir: "Sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə investisiya qoyuluşunun 3,6 milyard dollara çatdırılması və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcək."

Həmçinin bildirilib ki, ölkəmizdə "yaşıl iqtisadiyyat"ın inkişaf etdirilməsi məqsədi ilə yaradılan Balaxanı Sənaye Parkının hazırda 14 rezidenti var: "Bunlardan 5-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə, 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Parkın ərazisi 8,3 hektaradək genişləndirilib. Balaxanı Sənaye Parkında ilkin mərhələdə 400-ə yaxın daimi iş yeri yaradılıb. İkinci mərhələdə daha 9 istehsal sahəsinin tikintisinə başlanacaq. Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. İlin sonuna istifadəyə veriləcək şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da yaradacaq. Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub."

Qeyri-neft sektorunun inkişafında xüsusi əhəmiyyəti olan sənaye zonalarının fəaliyyəti barədə məlumat verən Ş.Mustafayev qeyd edib ki, ölkədə ilk sənaye zonası olan Neftçala Sənaye Məhəlləsində 8 müəssisə artıq fəaliyyətə başlayıb, bu müəssisələr üzrə 45 milyon manatdan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri yaradılıb. Bu ilin mart ayının sonunda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Neftçala Sənaye Məhəlləsində açılmış "Xəzər" avtomobil zavodunda ildə 10 min avtomobil istehsal olunacaq. Bu avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcək. Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb, Hacıqabul və Sabirabad Sənaye məhəllələri ilin sonunadək istifadəyə veriləcək.

Qeyd etmək yerinə düşər ki, hazırda digər rayonlarda da yeni sənaye parkları və məhəllələrinin yaradılması imkanları araşdırılır. İqtisadiyyat naziri Şahin Mustafayev bu istiqamətdə işlərin sürətləndirilməsi, araşdırmaların regionların potensialı nəzərə alınmaqla coğrafiyasının genişləndirilməsi barədə Nazirliyin müvafiq qurumlarına konkret  tapşırıqlar verib.

Ümumiyyətlə, ölkəmizdə mövcud olan sənaye parklarının və zonalarının bir əhəmiyyəti də ondadır ki, burada inşa edilən müəssisələr respublikamızın iqtisadi inkişafına öz töhfələrini verəcək, istehsal olunan məhsullar kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradacaq, onlarla yeni istehsal sahələrinin yaradılmasına və inkişafına təkan verəcək. Həmçinin regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı baxımından sənaye zonalarının yaradılması mühüm önəm daşıyır.

Orxan Vahidoğlu,

"İki sahil"