Sənubər Məmmədova: Müəllimlik mənim üçün bir missiyadır
Müəllim olmaq – sadəcə bilik ötürmək deyil. O, həm də gözə görünməyən yaraları sağaltmaq, düşünməyə öyrətmək, qaranlıqda yol göstərmək, ruhlara toxunmaqdır. Yəni, müəllimlik sadəcə bir peşə deyil, bir missiyadır. Bu missiyanı ömrü boyu sevgi və məsuliyyətlə daşıyanlardan biri də Sənubər Məmmədovadır. Onun müəllimlik yoluna atılması isə təsadüfi deyil. Bu, içdən gələn bir çağırış, dəyərə çevrilmiş bir marağın davamı idi. Sənubər müəllimin 35 illik pedaqoji fəaliyyəti, yüzlərlə məzunun həyatına işıq tutması, müxtəlif elmi və layihəvi uğurları göstərir ki, bu yol bir peşədən daha çox bir həyat tərzidir.
-İstərdik ki, özünüz barədə oxucularımıza məlumat verəsiniz…
- Məmmədova Sənubər Abdulrəhim qızı. 1964-cü il iyunun 10-da Sumqayıt şəhərində doğulmuşam. 1981-ci ildə Sumqayıt şəhərindəki 13 nömrəli orta məktəbi əla qiymətlərlə bitirib ekstern yolu ilə BDU-nun (sovetlər dövründə S.M.Kirov adına ADU) tətbiqi-riyaziyyat fakultəsinə daxil olmuşam. Universiteti bitirdikdən sonra ilk iş yerim Sumqayit şəhərində “Neftximavtomat EİB” olub. 1990-cı ildə öz istəyimlə məktəb həyatına qatılmışam və bu günə kimi öz peşəmi professional şəkildə icra edirəm. Hal-hazırda Bakı şəhəri E.Həmidov adına 267 nömrəli məktəb- liseydə informatika müəllimi kimi çalışıram. Çox sayda ölkədaxili və beynəlxalq layihələrin qalibi olmuşam. Hər zaman öyrənmək və öyrəndiyimi bölüşməyi bacarmaq olub amalım. İnsanlar yaranışından son anına kimi ətraf mühit və soçiumdan nələrisə öyrənir və bu öyrənmələr inkişaf yönümlü olduqca insanlar həyatda nəyəsə müvəffəq olur, uğur qazanır.
- Niyə məhz müəllimlik? Müəllimliyə marağınız necə yaranıb?
-Mən həmişə müəllimliyə böyük maraq göstərmişəm. Müəllimin cəmiyyətin inkişafında rolu danılmazdır. O, gələcək nəsli yetişdirən, cəmiyyətin inkişafına təkan verən əsas şəxsdir. Məhz özünü inkişaf etdirən müəllim cəmiyyətin gələcəyini formalaşdıran, bilikli, düşünən, məsuliyyətli və sosial cəhətdən aktiv vətəndaş yetişdirə bilər. Zənnimcə, müəllimin rolu təkcə bilik ötürməkdən ibarət deyil, həm də şəxsiyyət formalaşdırmaq, motivasiya vermək və cəmiyyətə faydalı fərdlər yetişdirməkdir. Müəllim peşəsini seçməmdə özlərinə və əməklərinə dərin hörmət bəslədiyim əziz müəllimlərimin təsiri olub. Ümumiyyətlə, maraq dairəm və fəaliyyətim çoxşaxəlidir, yəqin ki, körpəlikdən çevrəsində olduğum ziyalı insanların həyat yolumu seçməyimdə rolu olub. Hər zaman özümü inkişafla maraq dairəmi genişləndirirəm. İnformasiya texnologiyaları və psixologiya elmi ilə dərindən maraqlanıram. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) fəlsəfə doktoru proqramı üzrə dissertantıyam. 2019-cu ildə Elm və Təhsil Nazirliyinin (o vaxtkı Təhsil Nazirliyinin) qrifi ilə çap olunmuş metodik vəsait: “Yeniyetmə və internet” (psixologiya üzrə) müəllifiyəm. Bir sıra yerli və xarici indeksli jurnallarda, saytlarda elmi işimlə bağlı məqalələrim çap olunub. 2013-2014 – cü tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşam. 2015-ci ildə gənc nəslin təlim-tərbiyəsi sahəsində göstərdiyim uğurlu pedaqoji fəaliyyətimə görə Fəxri fərmanla təltif olunmuşam. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərimə görə “Tərəqqi” medalı ilə təltif edilmişəm. Pandemiya dövründən bu günədək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətimə, müəllim və şagirdlərə göstərdiyim dəstəyə görə təhsil meneceri kimi “Təşəkkürnamə” ilə təltif olunmuşam.
-Neçə ildir müəllim kimi fəaliyyət göstərirsiniz?
-Artıq 35 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm. Bu müddət ərzində o qədər məzunlarım olub və onların arasında peşəmi sevərək davam edənlərin çoxluğu məndə böyük bir məmnuniyyət hissi yaradır.
-Bu peşə sizin üçün nə ifadə edir? Sizcə, yaxşı müəllim kimdir?
-Müəllimlik mənim üçün bir missiyadır. Yaxşı müəllim, yalnız bilikləri ötürən deyil, həm də şagirdlərinin şəxsi inkişafına yardım edən, onlara motivasiya verən şəxsdir. Öz şəxsi nümunəsi, əxlaqi dəyərləri, məsuliyyəti, dürüstlüyü ilə şagirdlərdə empatiyanı inkişaf etdirən, onlara yaxşı insan olmağı öyrədəndir. Yaxşı müəllim olmaq, düzgün nümunə göstərmək, xarakter formalaşdırmaq, ədalətli və səmimi olmaq, hər şagirdin səviyyəsinə enərək onunla bir yerdə inkişaf etməyə çalışmaq, ona düşünməyi öyrətmək, motivasiya vermək, onu daima dəyişən yeni dünyaya hazırlamaq və s. Əlbəttə, daha çox aspektlər sadalamaq olar. Amma mənim sahəm informasiya texnologiyaları ilə bağlı olduğu üçün şagirdlərimi daim dəyişən dünyaya hazırlayır, yeni texnologiyaları mənimsəməyi və yeni bacarıqlara yiyələnməyi təşviq edirəm. Kabinetimin divarında neçə illərdi bu şüarlar var: "Nəyi və necə öyrənməyi öyrənək!", "Hər şeyi təcrübədə öyrənək!".
-Özünüzü yaxşı müəllimə hesab edirsinizmi?
-Bəli, düşünürəm ki, özümü yaxşı müəllimə hesab edirəm. Şagirdlərimlə ünsiyyətim, onların inkişaflarına göstərdiyim dəstək buna dəlildir.
-İlk dərs gününüzü necə xatırlayırsınız?
-İlk dərs günü böyük bir həyəcan, eyni zamanda, sevgi hissi ilə dolu idi. Şagirdlərimlə tanış oldum, onların gözlərindəki marağı gördüm və bu məni daha da təşviq etdi. Özümü yeni ampluada sınamaq inanılmaz dərəcədə zövq verirdi. Nədənsə heç bir qorxu, yaxud həyəcan keçirmirdim, tam səmimi deyirəm. Bilirdim ki, bacaracağam.
-Peşənizin çətin tərəfləri nədir?
-Hər işdə olduğu kimi, müəllimlik peşəsinin də çətinliyi var. Bəzən şagirdlərin fərqli öyrənmə tərzləri və motivasiya çatışmazlığı ilə mübarizə aparmaq lazım gəlir. Dərs boyunca hər bir şagirdi nəzər-diqqətində saxlamaqla idarəetməni mükəmməl saxlamaq, dərsin əsas mövzusunu nəzəri və praktiki olaraq mənimsətmək, necə deyərlər, feedback alanadək obyektiv özünüqiymətləndirmə etmək. Həmçinin müasir texnologiyalardan istifadə etməyi öyrətmək də çətinliklər yarada bilir.
-Əgər müəllim olmasaydınız?..
-Əgər müəllim olmasaydım, ədliyyə işçisi olardım. Bu peşənin də insanlara yardım etmək, cəmiyyətə dəyər qatmaq imkanı olduğunu düşünürəm.
-Şagirdlərinizin sizə olan sevgisini hansılarda daha çox hiss edirsiniz?
-Şagirdlərimin sevgisini dərs zamanında onların gözlərindəki işıqda, mənə yazdıqları məktublarında görürəm. Dərslərim maraqlı və interaktiv keçir,müxtəlif əyləncəli dərs metodları istifadə edərək onların maraq dairəsini əhatə etməyə çalışıram. Hələ dərsin sonunda məni qucaqlamağa növbəyə durduqlarını bir görəsiniz... Biləsiniz ki, növbəti dərsimdə onları təəcübləndirmək üçün bu mənə ən çox motivasiya verən andır.
-Şagirdlərinizin sizi çıxılmaz vəziyyətdə qoyduğu anlar olubmu?
-Olub. Əlbəttə ki, Bilirsiniz, mən çox ciddi və tələbkar müəlliməm, şagirdlərimi də özüm kimi punktual olmağa, vaxtında və düz cavab verməyə alışdırıram. Lakin bəzən dərsə hazırlıqsız gələn, yaxud gecikən, dərsi pozmağa çalışanlar da olur. Analiz edirəm özlüyümdə, şagirdin səviyyəsinə enərək onun niyə belə etdiyini anlamağa çalışıram. Anlatmağa çalışıram ki, yalan danışmaq, yaxud dərsi pozmağa çalışmaq çıxış yolu deyil, gəl bir yerdə sənin problemini çözək. Və çözürükdə.
-Müəllim-şagird münasibətlərini necə tənzimləyirsiniz?
-Müəllim-şagird münasibətlərini dostluq, hörmət və qarşılıqlı anlaşma prinsipinə əsaslanaraq tənzimləyirəm. Şagirdlərimin ehtiyacı olduqda mənə yaxınlaşması, fikirlərini tənqidi formada bildirməsi, yaxud ünsiyyət qurmaq, məsləhət almaq, hansısa layihə çərçivəsində əməkdaşlıq etmək üçün bölüşmələrini istəyirəm. Bu, onların cəmiyyətə faydalı vətəndaşlar, gələcək liderlər, mütəxəssislər, fəal vətəndaşlar kimi yetişmələri üçün önəmli faktordur.
-Məzun olan şagirdləriniz sizi yada salırmı?
-Bəli, əlbəttə. Məktəbə gəlirlər, tez -tez yazırlar, məsləhətlər alırlar. Hər birisinin nailiyyətini izləyirəm.
-Müsahibə üçün təşəkkür edirik, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Yaqut Ağaşahqızı, “İki sahil”