Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan respublikasının bayrağı, gerbi və himni dövlətimizin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Milli bayraq - siyasi, ideoloji, mənəvi baxımdan milləti tanıdan, dövlətin mövcudluğunu təsdiqləyən nişanədir. Hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, milli ideologiyasının ifadəsidir. Bayraq elə bir rəmzdir ki, millət onda keçmişini və bu gününü görür, gələcəkdə atacaq addımları müəyyənləşdirir. Bayraq hər bir millətin imzasını, onun kimliyini isbat edir . Xalqımızın azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Dövlət bayrağı müqəddəs anlam daşıyır. Azərbaycanın Bayrağı süverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs və yenilməz dövlətçilik rəmzlərindən birinə çevrilib.
Bayraq sözünün etimalogiyası
Bayraq sözü ümumtürk mənşəlidir və tarixi çox qədimdir. Hələ min il bundan əvvəl böyük türk dilçi alimi Mahmud Kaşğarlının məşhur «Divanü- lüğət - it - türk”» əsərində bu söz müasir dilimizdəki mənada və BAYRAK - BATRAK fonetik variantlarında qeydə alınmışdır. Eyni zamanda tədqiqatçıların fikrincə, həmin söz “batirak” semantic – struktur təkamül modeli əsasında yaranmışdır. B ATIR (batırmaq,”sancmaq”) felindən törəmişdir. Müasir türk dilində bayraq sözü ilə yanaşı sancaq sözü də işlədilir ki, o da sancmaq felindən yaranmışdır. “Bayraq” sözü bir müstəqillik işarəsidir. Müasir anlamda bayraq dövlətimizin, millətimizin müstəqillik, suverenlik, milli azadlıq və istiqlal rəmzi funksiyasında işlənməkdədir.
Tariximizin şanlı səhifəsi: Azərbaycan Bayrağının yarandığı gün
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilmişdir. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr – şəhər Qafqaz İslam Ordusunun köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Azərbaycan Respublikası üzərində dalğalanan milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı» haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. 2009-cu ilin dekabrın 4-nü isə Milli Məclis noyabrın 9-u tarixini Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. 2010- cu il noyabrın 9-dan etibarən Azərbaycanda rəsmi olaraq həmin gün Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Günü kimi məhz bu tarixin seçilməsi Demokratik Cümhuriyyətimizin varisi olan müstəqil Azərbaycanın öz tarixinə xüsusi önəm verdiyini bir daha sübut etdi.
Üçrəngli və üçmənalı bayraq
Bayrağımızdakı mavi rəng qədim zamanlardan türk xalqlarının Əbədi Səma Tanrısına sitayişlə və Göy Tanrısına etiqatla bağlı olmuşdur. Türk xalqları Səmanın rəngini simvol kimi istifadə etmişlər. Azərbaycan xalqı da türk dünyasının bir parçası olduğundan mavi rəng bir çox dövlətlərimizdə bayrağın əsas rənglərindən biri olmuşdur. Bütün bunları nəzərə alan Azərbaycan höküməti 1918-ci ildə bayrağımızın ilk rəngini mavi seçmişdir. Azadlıq anlayışını bildirən bayrağımızdakı ikinci rəng – qırmızı isə orta əsrlərdə Azərbaycanda qalxmış Xürrəmilər hərəkatı ilə bağlı olmuşdur. Belə ki, Babək ərəb işğalçılarına qarşı mübarizədə dünya tarixində ilk dəfə azadlığın rəmzi kimi qırmızı bayraq qaldırmışlar və qırmızı paltar geyinmişlər. Qürur vericidir ki, dünya tarixində bu rəngin azadlıq simvolu kimi qəbul edilməsində Azərbaycanın rolu böyükdür. Sonralar müxtəlif vaxtlarda, başqa dövlətlər qırmızı bayraqdan azadlıq rəmzi kimi istifadə etmişlər. Məsələn, Çində monqol işğalçılarına qarşı mübarizədə, XIX əsrdə Fransada fəhlə hərəkatında, Rusiyada sosialist inqlabında, Türkiyədə milli-azadlıq hərəkatında və s. Çağdaş dövrümüzdə qırmızı rəngin əsas mənalarından biri də demokratiya və müasirlikdir. İslam mənasını verən bayrağımızdakı üçüncü rəng – yaşıl isə Azərbaycanın VII əsrdən müsəlman ölkəsi olması və Azərbaycanın tarixi dövlətlərində islami dəyərlərin mühüm yer tutması, vahid islam bloku çərçivəsində «qara donlu» kafirlərə” qarşı mübarizə aparması və bu dinin xalqımızın mənəviyyatına daha yaxın olması ilə bağlı olmuşdur. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik»” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Daim zirvələrdə...
Dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, beynəlxalq tədbirlər və irimiqyaslı ictimai-siyasi toplantılarda, idman yarışlarında qaldırılır. Bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bayrağımız – milli vəhdətimizin rəmzidir. Bu vəhdət bizim üçrəngli bayrağımızı daha uca zirvələrə qaldıracaq və Lələtəpədə düşmənə göz dağı olan bayrağımız ata yurdumuz Qarabağa qələbə müjdəçimiz olacaqdır. O gün heç də uzaqda deyildir. Xalqımızın duyduğu sevinci hissi o zaman bayrağımıza da yansıyacaq, daha məğrur və iftixarla Qarabağ göylərinə ucalacaqdır. Azərbaycanın əbədi varlığını təcəssüm etdirən Bayrağımız bir daha nəinki enməyəcək, müstəqilliyimizin və tərəqqimizin ulduzu kimi parlayacaq, daim ən yüksək zirvələrə ucalacaqdır!
Yaqut Aslanova
Qəbul edilmiş qərar ictimai nəqliyyat sahəsində idarəetmənin daha təkmil şəkildə təşkilinə yönəlib
AQTA “Doğru seçim, yüksək nəticə” adlı maarifləndirici layihəyə start verib - Video
Yeni qanun əməkhaqqı sahəsində gender bərabərliyinin daha dolğun təminatına xidmət edir