08 noyabr 2018 22:22
3057

“Cənub Qaz Dəhlizi”: yeni inkişaf mərhələsinin başlanğıcı

Enerji təminatında mürəkkəb vəziyyətlə üz-üzə qalan Avropa ölkələri  enerji təhlükəsizliyinin və şaxələndirilməsinin təmin edilməsində və alternativ mənbələrə çıxışda Azərbaycanı özünün əsas tərəfdaşı kimi qiymətləndirir. Bu da məlumdur ki, məlum geosiyasi proseslərin təsiri ilə hazırda Avropada enerji daşıyıcılarına tələbat gündən-günə artır. Avropa ölkələri bu tələbatı ödəmək üçün Azərbaycan ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı gündən-günə genişləndirirlər. Məhz buna görə də uzun illər Azərbaycan qazının Avropaya nəqli istiqamətində davam edən müzakirələr ən etibarlı yol olan Trans-Anadolu qaz kəməri (TANAP) marşrutunun seçilməsi ilə nəticələnmişdir.

“Cənub Qaz Dəhlizi” marşrutunun mühüm seqmentlərindən biri olan TANAP layihəsini reallaşdırmaq məqsədilə 2012-ci il iyun ayının 26-da İstanbul şəhərində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” sazişə imza atılıb.  TANAP layihəsi Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz Boru Kəmərini Avropa Birliyi ölkələrinə xidmət edən bir neçə kəmərlə əlaqələndirəcək. Layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlkin dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr qazın 10 milyard  kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Bu məqsədlə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, dənizin 550 metrədək dərinliyində quraşdırılacaq 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası, iki yarımdalma qazma qurğusundan 26 sualtı quyunun qazılması və Səngəçal terminalının genişləndirilməsi işləri uğurla həyata keçirilir

 Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasında yalnız enerji marşrutlarının deyil, enerji mənbələrinin də şaxələndirilməsinin vacib olduğunu bir daha bəyan edib: “Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz-Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır”.

Qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək, milli iqtisadiyyatın inkişafında mühüm amil olacaq “Cənub Qaz Dəhlizi” ölkəmizi bütün dünyaya etibarlı tranzit ölkə kimi təqdim edib. Bu nəhəng layihə, həmçinin Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi amilə çevriləcək, region ölkələrinin öz enerji ehtiyatlarını dünya bazarına çıxarmaq üçün yeni mənbə rolunu oynayacaq. “Qoca qitə”nin enerji təhlükəsizliyi strategiyası, enerji resurslarının şaxələndirilməsi və tədarükü üzrə əsas layihə kimi dəyərələndirilən, öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən “Cənub Qaz Dəhlizi” regionda təhlükəzilyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək. Bu nəhəng layihədə iştirak edən bütün ölkələr, şirkətlər böyük mənfəət əldə edəcək, yeni iş yerləri yaradılacaq, insanların rifahının yüksəlməsinə böyük töhfələr verəvək.

Zahid Rza, “İki sahil”