12 noyabr 2018 22:08
2514

Azərbaycanda kifayət qədər müstəqil media formalaşıb

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin Azərbaycan mediası haqqında dedikləri absurd fikirlər sərsəmliyin bir nümunəsidir. Mən onun dedikləri ilə qətiyyən razı deyiləm. Bu onun subyektiv fikri ola bilər amma söylədikləri obyektivlikdən uzaq bir fikirdir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktorun sözlərinə görə, bu gün Azərbaycanda kifayət qədər müstəqil media formalaşıb: “Azərbaycan mediası kifayət qədər dövlətin dəstəyi ilə əhatə olunub. Eləcə də medianın rolu və ictimai fikrə təsiri danılmaz bir faktdır. Ona görə də Azərbaycan mediası artıq bir model olaraq dünyaya təqdim olunur. Azərbaycanda həm elektron media qurumlarının, həm də çap mətbuatının inkişafı çox sürətlə gedir. Həmçinin texniki avadanlıqların artırılması, həm də jurnalis peşəsinin artırılması yönümdə kifayət qədər uğurlu işlər qurulub və bütün bunlar göz önündədir. Hesab edirəm ki, aparılan siyasət də çox düzgün siyasətdir. Bu onların yalnız öz şəxsi təfəkkürləri, təxəyyüləri ilə ortaya atdıqları fikirlərdir. Mən onları qətiyyətlə rədd edirəm. Azərbaycanda həqiqi mənada peşəkar jurnalistika ordusu və media orqanları formalaşıb.

Hazırda media siyasətini həyata keçirənlər KİV-lərin fəaliyyətini dövlət maraqarının, milli mənafelərin müdafiəsinə, xalqa və dövlətə xidmətə istiqamətləndiriblər. Görünür Sorosun burdakı sözçüləri bundan narahatdırlar. Arif Əliyev kimiləri KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirə və şəxsi qazanc mənbəyinə çevirə bilmədiklərinə görə narazıdırlar”.