“Əlbəttə, bizim bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və bu istiqamətdə ardıcıl addımlar atılır. Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı” söyləyən dövlətimizin başçısı İlham Əliyev həyata keçirilən siyasətin təməlində vətəndaş amilinin dayandığını atdığı davamlı addımları ilə təsdiqləyir. Bildirir ki, əgər görülən işlərdən xalq razıdırsa, o halda mən də razı olaram.
2003-cü ildən yeni keyfiyyətlə davam etdirilən sosial siyasət nəticəsində Azərbaycan dünyada ən sürətli inkişaf edən ölkələrdən biri oldu. Bu günlərdə açıqlanan Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı da ölkəmizin təkmil sosial-iqtisadi islahatlarının uğurlu nəticələrinə işıq saldı. Belə ki, hesabatda Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi nufuz qazanıb. Cənab İlham Əliyev çıxışlarında ölkəmizin beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini önə çəkərkən, bu fikri də bildirir ki, biz reytinq üçün çalışmırıq. Amma bu qiymətləndirmələr, reytinqlər gələcək üçün bir siqnaldır.
Uğurlarımızın düzgün qiymətləndirilməsi fonunda yeni-yeni hədəflərin müəyyənləşdirilməsi davamlı inkişaf üçün əsasdır. Azərbaycanın bu gün dünyada sosial dövlət kimi tanınması və nüfuz qazanması, yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunması dövrün tələbinə uyğun olaraq həyata keçirilən təkmilləşmənin, yeniləşmənin nəticəsidir. İnkişafın Azərbaycan modeli artıq özünü təsdiqləmiş, müsbət təcrübə kimi öyrənilir. “Bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan beynəlxalq aləmdə də ən böyük zirvələrə çata bilmişdir. Ümumi daxili məhsulun üç dəfədən çox artması, qarşıdakı dövr üçün daha iki dəfədən çox artıma nail olmaq hədəfimizin müəyyənləşdirilməsi də deyilənlərin təsdiqidir. Son 15 ildə ümumilikdə qəbul olunan 202 Proqramın uğurlu icrası hərtərəfli inkişafa geniş yol açıb. Bunlardan 12-si Konsepsiya, 12-si Milli Strategiya, 12-si Strateji Yol Xəritəsi, 95-i Dövlət Proqramı, 10-u Milli Fəaliyyət Planı, 23-ü Tədbirlər Planı, 21-i Tədbirlər Proqramı, 17-si Milli Plan və Proqramlardır. Ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın vəsait yatırılıb. Qeyri-neft sektoruna yatırılan vəsait 100 milyard manatdan çoxdur. 2003-2018-ci illərdə Azərbaycanın qeyri-neft sektoru 3,2 dəfə, qeyri-neft sənayesi 2,6 dəfə, kənd təsərrüfatı 1,8 dəfə, rabitə 4,9 dəfə, turizm 20,2 dəfə artıb. Ölkədə işsizlik səviyyəsi 5 faizə enib. 1,9 milyon yeni iş yeri yaradılıb. Azərbaycan işsizliyin aşağı səviyyəsinə görə dünyada ilk onluqda olan ölkələrdəndir. Həmçinin yoxsulluğun səviyyəsi son 15 ildə 5 faizədək endirilib. Bu da onu göstərir ki, ölkədə aparılan iqtisadi siyasət sosialyönümlüdür. Əldə olunmuş iqtisadi gəlirlər yoxsulluğun azaldılması və orta sinfin güclənməsi ilə müşayiət edilib. İnfrastrukturun istər nəqliyyat-logistika, istər sosial sahədə təkmilləşdirilməsi nəticəsində bu gün Azərbaycanın bütün rayonlarında, kənd və qəsəbələrində elektrik və təbii qazla təminat, su-kanalizasiya sisteminin yenilənməsi, yolların, körpülərin, uşaq bağçalarının, xəstəxanaların, məktəblərin tikintisi həyata keçirilib.
Bazar iqtisadiyyatı prinsiplərinə əməl olunan Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün addımların atılması insanların yaşayış tərzini xeyli yaxşılaşdırmışdır. Sosial ədalət prinsipinə sadiq qalan ölkəmizdə əmək haqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində iqtisadi tərəqqinin insanların gündəlik həyatında öz əksini tapacağını, əmək haqqının, pensiyaların ildə ən azı iki dəfə artacağını bildirmişdi. Bu vəd də konkret əməli işdə öz təsdiqini tapıb.
Dövlətimizin başçısı İlham Əliyev mütəmadi olaraq bölgələrdə olur, ictimaiyyət nümayəndələri ilə görüşləri zamanı təklifləri bilavasitə onların özündən öyrənir. Ölkə Prezidenti ilk növbədə yerlərdə infrastrukturun yaradılması, yolların çəkilməsi, təhsil, səhiyyə, mədəni- məişlət obyektlərinin tikintisi ilə bağlı istəklərə başlıca tələb kimi diqqətlə yanaşır. Təkcə ölkə Prezidentinin bölgələrə son səfərlərindən sonra infrastrukturun yenilənməsinə xidmət edən fərman və sərəncamlarına diqqət yetirmək kifayətdir.
Dövlət başçısının tapşırığına əsasən, nazir və komitə sədrlərinin bölgələrdə əhali ilə görüşlərinin əsasında da insanlara qayğı, vətəndaş amili, onların arzu və istəklərinin öyrənilib yerinə yetirilməsi dayanır. Ölkədə korrupsiya və rüşvətxorluq hallarına qarşı davamlı mübarizənin gücləndirilməsi, sistem xarakterli islahatların aparılması Prezident İlham Əliyevin siyasi iradə və qətiyyətinin əyani təzahürüdür. Dünyanı bürüyən maliyyə və iqtisadi böhranın ağır nəticələrinin yaşandığı bir vaxtda, digər ölkələrdə sosial ödəmələr azaldığı halda ölkəmizdə ayrı-ayrı sahələrdə çalışanların əmək haqlarının, pensiyaların artırılması sosial müdafiənin dövlət siyasətinin əsasında dayandığını bir daha nümayiş etdirdi.
Yeni iş yerlərinin yaradılmasını qeyri-neft sektorunun, bölgələrin inkişafı kimi dəyərləndirən ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu məqsədə uyğun olaraq birinci Dövlət Proqramının əhatə etdiyi 2004-2008-ci illərdə 600 min yeni iş yeri açıldı. Ümumilikdə üç Dövlət proqramından irəli gələn vəzifələrin icrasının nəticələrindən bəhs ediriksə, bu halda yeni iş yerlərinin 3 dəfədən çox artdığını görərik. Təkcə 2018-ci ilin 9 ayında 85 min daimi iş yeri açılıb.
Onu da qeyd edək ki, ölkəmizin bu uğurlarını beynəlxalq maliyyə qurumlarının hesabatlarında yeri və mövqeyi də təsdiqləyir. Dünya Bankının açıqladığı “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” hesabatında bildirilir ki, Azərbaycanda inamla reallaşdırılan islahatlar, böyük investisiya layihələləri iqtisadiyyatın müxtəlif sahələrində dönüş yaradır. Bunu ölkəmizin həmin hesabatda 65-ci yerdən 57-ci yerə yüksəlməsi bir daha təsdiqləyir. Ölkəmiz həmçinin Minilliyin İnkişaf məqsədləri üzrə bir çox hədəflərə nail olmuş və Birləşmiş Millətlər Təşkilatının 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur.
Dövlətimizin başçısı əhalinin artımını nəzərə alaraq, iş yerlərinin yaradılmasının daimi proses olmasının vacibliyini bildirir. Ən əsası 2003-cü ildə yoxsulluq kimi sosial bəlanın tamamilə aradan qaldırılacağı vəd olunmuşdur. Son 15 ildə yoxsulluq həddinin 49 faizdən 5 faizə enməsi görülən işlərin, təkmil sosial-iqtisadi islahatların nəticəsidir. Təkcə cari ilin 9 ayının sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Ümumi daxili məhsul 0,8 faiz artıb. Qeyri-neft sektorunda artım 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. İnflyasiya 2,6 faiz, əhalinin gəlirləri 9,5 faizdir. Ölkə iqtisadiyyatına cari ilin ötən dövründə 9 milyard dollar sərmayə qoyulub. Bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna yatırılıb.
Özünüməşğulluğun təminatının prioritetliyi, ailə təsərrüfatlarının inkişafına göstərilən dəstək də hədəf kimi irəli sürülən qeyri-neft sektorunun inkişafına xidmət edir. “Bizim özünüməşğulluq proqramına böyük ümidlərimiz var” söyləyən ölkə Prezidenti bildirir ki, hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaq, ailələrini saxlayacaq və ölkə iqtisadiyyatına töhfələr verəcəklər.
Yeganə Əliyeva, “İki sahil”