14 dekabr 2018 14:28
4754

Dilimizi sevək və qoruyaq!

Ümummilli liderimiz  Heydər  Əliyevin qeyd etdiyi kimi, hər bir xalqın dili onun milli sərvətidir. Dil  xalqın  mövcudluğunun əsas  göstəricilərindən  biridir. Buna görə də hər bir xalqın ana dili onun qürur mənbəyidir.  Ana dilimiz də dövlət rəmzlərimiz olan gerbimiz, bayrağımız, himnimiz kimi müqəddəsdir.

Azərbaycan dili zəngin və ahənginə görə qeyri-adi gözəlliyə malik bir dildir. Əcdadlarımızın bizə miras qoyub  getdikləri bayatılarımızdan, nağıllarımızdan, laylalarımızdan, dastanlarımızdan, bizə gəlib çatan qədim abidələrimizdən başlayaraq, İ.Nəsimi,  Ş.İ.Xətai,  M.Füzuli, M.P.Vaqif,  M.F.Axundzadə,  S.Vurğun kimi dahi  yazıçılarımızın yaradıcılığı dilimizin zənginliyinə sübutdur.

Müstəqillik illərində Azərbaycan dili tarixinin öyrənilməsi, tədqiqatı geniş vüsət almışdır. Dilimizin inkişaf etdirilməsi ilə bağlı müxtəlif tarixlərdə bir sıra addımlar atılmışdır.

1921-ci ildə ərəb əlifbasını daha uyğun bir əlifba ilə əvəz etmək məqsədilə Əlifba komitəsi yaradıldı və həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırıldı. Bir qədər sonra isə yeni əlifbaya keçildi.

1926-cı ildə Bakıda birinci beynəlxalq türkoloji qurultay çağırıldı. Bu,  türk dünyası üçün böyük tarixi əhəmiyyəti olan hadisə idi.

1939-cu ildə latın qrafikalı əlifbadan kiril qrafikası əsasında yaradılmış yeni Azərbaycan yazısına qəti və məcburi keçmək haqqında qərar verildi.

1995-ci il noyabrın 12-də isə  müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz təsdiqini tapdı. Konstitusiyanın 21-ci bəndində belə deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin etməlidir.”

2018-ci il noyabrın 1-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərman dilimizin, onun tarixinin, mənşəyinin öyrənilməsinə daha çox diqqət yetirilməsi məsələləri öz əksini tapmışdır.

Bakı Slavyan Universitetinin  dosenti Firuzə  Kərimova  “İki sahil” ə mövzu ilə bağlı  açıqlamasında bildirdi ki, dilimiz çox  zəngin dildir. Bunu əcdadlarımızın yaradıcılığında görmək mümkündür:  “Yazıçı və şairlərimizin  müxtəlif  janrlarda yazdığı əsərlər dilimizin zənginliyinin sübutudur. Dilimiz tarixi boyunca müxtəlif dəyişikliklərə məruz qalmışdır. Bu dəyişikliklərə baxmayaraq müstəqil dövlətimiz dilimizin  saflığının qorunması üçün ciddi addımlar atır və müsbət nəticələr görür. Dövlətimizlə yanaşı  biz də dilimizin saflığını qoruyub saxlamalıyıq. Bunun üçün  yazılı və şifahi dilimizdə müəyyən qaydalara əməl etməliyik. Müasir dövrümüzdə sosial şəbəkələrdən istifadədə virtual məkanda, radio və televiziyada, mətbuatda  və dövlət idarələrində dilimizdən istifadə edərkən,  həmçinin  dilimizin saflığının qorunması da düşündürücü  məqamlardan  biridir. Bunun üçün də biz doğma dilimizin qrammatik, leksik qaydalarına riayət edərək ondan istifadə etməliyik ki, doğma dilimizin saflığı pozulmasın. Biz ana dilimiz olan Azərbaycan dilinə qayğı göstərməli, onu sevməli və qorumalıyıq.”

Röya Rasimqızı