04 yanvar 2019 11:55
11140

Kitablar ən yaxın dostunuz olsun

Yaxşı kitab mehriban bir dost kimi yaxşı fikirlər və biliklər ilə dünyagörüşümüzü, düşüncəmizi zənginləşdirir. Kitablarla vaxt keçirdikdə özümüzü  tək hiss etməyimiz mümkün deyil.

“Yaxşı kitab çox qiymətli xəzinədir" deyirdi,  Həsən bəy Zərdabi. Böyük şəxsiyyətlərin yazdıqları kitablar bizə daha yaxşı insan olmaq üçün kömək edir və bizi ruhlandırır. Kitablar, həmçinin  bizə  cəmiyyətə ən yaxşı şəkildə necə xidmət edə biləcəyimizi öyrədir.

Kitab oxumaq tək qaldığımız zaman vaxtımızı səmərəli keçirməyimiz üçün ən yaxşı üsuldur. Biz özümüzü rahat hiss edə bilmək üçün də kitab oxuya bilərik.

Kitablar ən yaxın dostlarımızdır, çünki həyatda mükəmməl addımlar atmağımız üçün bizə ilham verirlər və bizə uğursuzluqlarımızdan qurtulmağa kömək edirlər. Yaxşı dostumuzdan olduğu kimi oxuduğumuz kitablardan da çox şey öyrənirik. Kitablar yaxşı və ya pis ola bilər. Dostlarımızı seçdiyimiz  kimi, onları seçmək də bizim əlimizdədir. Yaxşı kitablar oxumaq bizi yaxşı, pis kitablar oxumaqsa bizi pis insana çevirə bilər. Eynən dostluq etdiyimiz insanlar kimi.

Kitablarımız çətin zamanlarımızda, həyatımızın ən çətin günlərində hər zaman yanımızda olurlar.

Kitablar bizə həyatda gözəl şeylərin arzusunda olmağı, ümidli olmağı öyrədir. Müsbət yönlü düşüncə və dəyərlərdə yaşamağımıza kömək olur. Bəzi insanlar təbiəti, bəziləri isə kitabları sevir. Kitablar bizim təbiətdəki yol xəritəmizdir. Bir kitabın hər səhifəsi insanın ən yaxşı və müdrik  fikirlərindən ibarət qeydlər toplusudur.

Röya Rasimqızı