21 yanvar 2019 11:27
1990

SOCAR Tower-də görüş keçirilib - FOTO

SOCAR-ın ölkə xaricindəki törəmə şirkətlər ilə Baş Ofisi arasında vahid kadr siyasəti və işçi heyətləri arasında kommunikasiya tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq, “SOCAR Turkey Energy”, “Petkim PetroKimya Holding A.Ş” və “Star” neft emalı zavodunun insan resurslarının idarə edilməsi üzrə nümayəndə heyəti ilə SOCAR-ın Baş Ofisinin İnsan Resursları Departamentinin (İRD) rəhbər heyəti arasında SOCAR Tower-də görüş keçirilmişdir. Şirkətdən “İki sahil”ə verilən məlumata görə, yanvarın 16-da toplantıya SOCAR Türkiyənin İR üzrə nümayəndə heyəti SOCAR Türkiyə şirkətinin İnsan Resursları Direktoru Sibel Uğur rəhbərliyi ilə qatılmışdır.

Görüşdə, İRD-nin rəisi Asif Bəkirli nümayəndə heyətini salamlayaraq, SOCAR-da İnsan resursları (İR) prosesləri və davam etməkdə olan İR transformasiya layihəsi barədə qonaqlara geniş məlumat vermişdir. Bildirilmişdir ki, 2011-ci ildən yaradılmış SOCAR-ın İnsan Resursları Departamentinin ilk illərdə əsas hədəfi işə qəbul prosesinin tam şəffaf və ədalətli prinsiplərlə həyata keçirilməsi və müsabiqə prosesinin təkmilləşdirilməsi olsa da, sonrakı illərdə departamentin hədəfləri genişlənərək işçi işə qəbul edildikdən sonra onun işdə saxlanılması tədbiləri, yəni onun karyerasının planlaşdırılması, təlimlərin təşkili, inkişaf planlarının tərtibi, səmərəliliyinin, səriştəliliyinin və effektivliyinin təhlili, davamçıların planlaşdırılması kimi prosesləri də özündə ehtiva etmişdir. Bunun məntiqi nəticəsi olaraq 2016-cı ildən etibarən qeyd olunan funksiyaların avtomatlaşdırılmış platformada inteqrasiyasını nəzərdə tutan SAP İnsan Resursları Proseslərinin transformasiya layihəsinə start verilmiş və uğurla davam etdirilmişdir.

SOCAR Türkiyənin İR Direktoru Sibel Uğur xoş qarşılama və münasibətə görə minnətdarlıq ifadə edərək onlarda da hazırda İR sahəsində qurucluq və təkmilləşdirmə işlərinin aparıldığını və İR idarə edilməsi sahəsindəki aktual problemlərin bütün dünyada oxşar problemlər olduğunu diqqətə çatdırdı. Eyni zamanda, SOCAR-da İR sahəsində aparılan geniş miqyaslı dəyişiklikləri təqdir etmiş və əməkdaşların bu görüş nəticəsində qarşılıqlı olaraq bir çox yeni yanaşmaları öyrənəcəyini vurğulamışdır.

Daha sonra, SOCAR-ın Baş ofisinin İRD-nin şöbələrinin funksiyaları haqqında təqdimatlar keçirilmiş, nümayəndə heyətinin SOCAR-ın Baş Ofisinin İR presosesləri ilə əlaqədar maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

Bundan sonra, nümayəndə heyəti SOCAR-ın Baş Ofisinin inzibati binasını gəzmiş və Neft Muzeyi ilə tanış olmuşlar. Görüşün yekununda Türkiyədən gəlmiş qonaqlar ilə xatirə şəkli çəkdirilmişdir.