18 noyabr 2026 14:02
99

SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Böyük Britaniyanın BP və İsrailin "NewMed Energy" şirkətlərindən ibarət konsorsium Aralıq dənizində İsrailin müstəsna iqtisadi zonasındakı I-6 müqavilə sahəsində seysmik tədqiqatları başa çatdırıb.

“İki sahil” "NewMed Energy"ə istinadən xəbər verir ki, noyabr ayında Aralıq dənizində İsrailin müstəsna iqtisadi zonasındakı I Zonanın müqavilə sahələrində ikiölçülü və üçölçülü (2D və 3D) seysmik tədqiqatlar başa çatıb.

Bildirilib ki, 2D və 3D seysmik kəşfiyyat işləri, xüsusilə I Zonanın lisenziyalarının əhatə etdiyi sahələrdə (4, 5, 6, 7, 8 və 11-ci blokların ərazisində) aparılıb. Bu istiqamətdə işlərə 2026-cı ilin oktyabr ayının əvvəlində başlanılıb, layihə operatoru (SOCAR) isə bu işlərin yerinə yetirilməsi üçün beynəlxalq podratçı ilə müqaviləni cari ilin iyulunda bağlayıb.

Konsorsiumun iştirakçıları sözügedən seysmik kəşfiyyat işlərinin aparılması üçün ümumi büdcəni təxminən 25 milyon ABŞ dolları (layihənin 100 %-i) məbləğində təsdiqləyiblər, "NewMed Energy" şirkətinin payı isə təxminən 8,3 milyon ABŞ dolları təşkil edir.

Hazırda toplanmış məlumatlar emal olunur, tədqiqatların yekun nəticələrinin 2027-ci ildə əldə edilməsi gözlənilir.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında SOCAR, BP və "NewMed Energy" konsorsiumu "Leviafan" qaz yatağının yaxınlığında yerləşən I-6 Zonasında geoloji kəşfiyyat işlərinin aparılması üçün lisenziyaların alınması ilə bağlı İsrail Energetika Nazirliyinin elan etdiyi tenderin qalibi olub. Lisenziya 2025-ci il martın 17-də verilib.

Bu layihə SOCAR və BP üçün İsrailin qaz sektorunda debütü olub.

Konsorsiumda SOCAR (layihə operatoru) 33,34 %, BP və "NewMed Energy" isə ayrı-ayrılıqda 33,33 % pay sahibidir.