![]() AMEA Naxçıvan Bölməsinin sədri, akademik |
Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü tamam olur. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 21 yanvar 2019-cu ildə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nı təsdiq etmişdir. Tədbirlər Planında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə bağlı müxtəlif tədbirlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuşdur.
1921-ci ildə Azərbaycanın tərkibində muxtariyyət statusu qazanan Naxçıvan diyarında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası yaradılmışdır. Naxçıvan diyarının muxtariyyət statusu qazanmasının əhəmiyyətindən bəhs edən ümummilli lider Heydər Əliyev demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm, əhəmiyyətli hadisəsidir. Bununla Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış və şərəfli inkişaf yolu keçmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında oynadığı rolu qiymətləndirərək demişdir: “Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır. Naxçıvan əhalisinin milli-istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik olan muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçıdır...”.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, çətin və keşməkeşli tarixi inkişaf yolu keçmişdir. Vaxtilə coğrafi cəhətdən ölkəmizin mərkəzi ərazilərindən olan Naxçıvan XX əsrin əvvəllərində Azərbaycandan ayrı düşmüş, onunla sərhəd ərazisini itirmişdir. Böyük kapitalist dövlətlərinin, xüsusilə bolşevik Rusiyasının məqsədi Naxçıvanı Ermənistana vermək, bununla türk dünyasının bir-biri ilə əlaqəsini kəsmək idi. Erməni daşnakları isə yaranmış şəraitdən istifadə edərək Azərbaycanın bir sıra torpaqlarını “böyük Ermənistan”a qatmaq siyasəti aparmışlar. Onların bu niyyətlərində Naxçıvanın zəbt edilməsi ilk planda dururdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ingilislərin və amerikanların dəstək və yardımlarından istifadə edən erməni millətçiləri Naxçıvanı işğal etməyə çalışmışlar. Lakin qəhrəman naxçıvanlıların mərdlik və igidliklə apardıqları mübarizə məkrli düşmənlərin niyyətlərinin reallaşmasına imkan verməmişdir. Naxçıvanın qəhrəman əhalisi bu diyarı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab etmiş, Ana Vətənə birləşmək uğrunda inadla mübarizə aparmışdır.
Naxçıvanlıların qəhrəmanlığından bəhs edən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli 1919-cu il avqustun 18-də Azərbaycan Parlamentindəki çıxışında demişdir: “İgid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa - Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar”.
XX əsrin 20-ci illəri, xüsusilə 1918-1920-ci illər Naxçıvan diyarı üçün çətin inkişaf dövrü olmuşdu. Çarizm devrildikdən sonra imperiyanın əksər əyalətlərində olduğu kimi, Naxçıvan diyarında da ikihakimiyyətlilik yaranmış, bir sıra kapitalist dövlətləri yaranmış mürəkkəb vəziyyətdən istifadə edərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu diyara yiyələnmək üçün cəhdlər etmişlər.
Milli burjuaziyanın və demokratik ziyalıların təşəbbüsü ilə Naxçıvanda Müsəlman Milli Şurası yaradılmışdı. Bu şura yalnız Naxçıvanda deyil, eləcə də Mehridən Uluxanlıya qədər ərazidə yaşayan azərbaycanlıları ermənilərin silahlı quldur basqınlarından qoruyurdu.
Bu dövrdə Naxçıvan məsələsi beynəlxalq və məhəlli mənafelərin toqquşduğu, ziddiyyətlərin kəsişdiyi kəskin düyün nöqtələrindən biri olmuşdu. Erməni millətçilərin təqsiri üzündən Naxçıvan diyarında baş verən ictimai-siyasi hadisələr faciəli bir vəziyyətə çatmışdı. Ona görə də Naxçıvan məsələsi beynəlxalq aləmi düşündürən mühüm bir problemə çevrilmiş, dəfələrlə müxtəlif yerlərdə və təşkilatlarda müzakirə edilmiş, dəfələrlə müxtəlif yerlərdə və təşkilatlarda müzakirə edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanı müstəqil dövlət elan etməsi Naxçıvan diyarı əhalisində müəyyən ümidlər yaratmışdı. Naxçıvan diyarının qarşılaşdığı problemləri həll etmək və çətinlikləri aradan qaldırmaq üçün istər yerli əhali və onun başçıları, istərsə də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən müəyyən işlər görülmüş, erməni daşnaklarının torpaq iddialarının və etnik təmizləmə siyasətinin reallaşdırılması istiqamətində ilkin cəhdləri dəf olunmuşdu. Lakin Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb və çətin vəziyyətə düşən Naxçıvan diyarının Azərbaycanın tarixi torpaqları olduğunu elan etməyə imkan tapa bilməmişdi.
Bundan istifadə edən Ermənistan (Ararat Respublikası) Naxçıvan diyarına yiyələnmək üçün öz fəaliyyətini daha da genişləndirdi. Erməni silahlı quldur dəstələri bölgədə dinc azərbaycanlı əhaliyə divan tutur, yerli azərbaycanlıların sayını süni surətdə azaltmaq üçün hər cür vasitəyə əl atırdı.
Ermənistanın Naxçıvan diyarına olan iddialarının artdığı bir dövrdə - 1918-ci il iyulun 7-də Kazım Qarabəkir Paşanın başçılığı ilə türk ordusu Naxçıvana gəldi və erməni özbaşınalığının qarşısını almaq üçün əhaliyə kömək göstərdi. İyulun 17-də Naxçıvan Müsəlman Milli Şurası Bələdiyyə idarəsi ilə əvəz edildi. Naxçıvanda Türkiyənin nəzarəti gücləndi. Türkiyənin Naxçıvana gəlmiş XI Qafqaz Ordusu yerli özünümüdafiə qüvvələri ilə erməni daşnaklarına sarsıdıcı zərbə vurdular. Birinci Dünya müharibəsində məğlub olduğuna və 1918-ci il oktyabrın 30-da imzaladığı Mudros müqaviləsinin şərtlərinə görə türk qoşunları Azərbaycanı, eləcə də Naxçıvan diyarını tərk etməli oldu. Bu zaman naxçıvanlılar qarşısında çıxış edən Kazım Qarabəkir Paşa bildirdi ki, “Naxçıvanın gələcək müqəddəratını təmin etmək üçün burada bir hökumət qurulması vacib və zəruridir. Zatən siz naxçıvanlılar milli azadlıq mübarizəsində tarixə şanlı səhifələr yazmışsınız. Dövlətçilik hüququna və ləyaqətinə maliksiniz. Siz bu hüququ, haqqı döyüş meydanlarında düşmənə qələbə çalaraq qazanmışsınız. Şərqin qapısında, Naxçıvanda bir cümhuriyyət qurulmalıdır”.
Naxçıvanlılar bu diyarı erməni işğalından qorumaq üçün 1918-ci il noyabrın 3-də Araz-Türk Respublikası adlı cümhuriyyət yaratdılar. Araz-Türk Respublikası hökumətinin tərkibi sədrdən və 6 nazirdən ibarət idi. Hökumətin sədri Əmir bəy Nərimanbəyov, nazirlər isə İbrahim bəy Cahangiroğlu (hərbi), Bağır bəy Rzazadə (inzibati), Qənbərəli bəy Bənəniyarlı (maliyyə), Məmməd Bəyzadə (ədliyyə), Həsənağa Şəfizadə (xarici işlər), Mirzəhüseyn Mirzə Həsənzadə və Lütfi Xoca Ekid Əfəndi (şeyxülislam) idi. Paytaxtı Naxçıvan şəhəri olan bu respublikanın ərazisinə Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzaları, Üçmüəzin qəzasının bir hissəsi, Ordubad dairəsi, Sərdarabad, Uluxanlı, Qəmərli, Vedibasar, Uluxanlı, Mehri və başqa bölgələr daxil idi. Sahəsi 8696 kv.km-ə çatırdı. Əhalisi bir milyon nəfərdən artıq idi.
Araz-Türk Respublikasının yaradılmasında başlıca məqsəd bölgənin erməni işğalı altına düşməsinə imkan verməmək idi. Hökumət bu istiqamətdə fəal iş aparırdı. Araz-Türk Respublikasının hərbi qüvvələrinin yaradılması və formalasdırılmasında hərbi nazir İbrahim bəy Cahangiroğlunun böyük əməyi olmuşdur. Onun köməyi ilə qısa müddətdə silahlı qüvvələr təşkil edilmiş, 500 nəfərlik süvari alayı yaradılmışdır. Könüllü xalq dəstələri təxminən 20 tabordan (hər taborda 250-500 könüllü var idi) ibarət idi. Taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, qalanları isə Zəngibasar, Vedibasar, Qəmərli və başqa əzarilərdə yerləşdirilmişdi.
Baş Noraşen, Düdəngə və Zeyvədə yerləşən taborlara Fətulla Hüseynov, Şərurda, Sədərəkdə yerləşən taborlara Həsən Şahverdioğlu, Yengicə qüvvələrinə Məşədi Ələsgər ağa, Ordubaddakı tabora İbrahimxəlil Axundov, Nehrəm taboruna Kəblə Muxtar, Cəhri taboruna Kəblə Kərim, Dizə taboruna Məmmədrza bəy, şəhər taboruna Hüseyn Əliyev komandanlıq edirdi. Diyar əhalisinin öz təhlükəsizliyini qorumaq əzmi o qədər böyük idi ki, doğma ocaq və torpaqlarını müdafiə edən könüllü dəstələr işğalçıları təkcə darmadağın etmir, eyni zamanda İrəvanın özünü qorxuya salırdı.
Naxçıvan ərazisində milis idarələri və onların sahə şöbələri də yaradılmışdı. Bütün qüvvələr Naxçıvanın qorunmasına və idarə olunmasına yönəlmişdi. Könüllü müqavimət dəstələri erməni daşnaklarına layiqli cavab vermişdi. Xüsusilə Şərur-Dərələyəz mahalındakı Zeyvə kəndi yaxınlığında baş verən döyüşdə Kalbalı xanın rəhbərliyi ilə 6 min nəfərlik könüllü müqavimət dəstələri erməni hərbi qüvvələrini darmadağın etmişdilər.
Araz-Türk Respublikasının əhəmiyyətinə və onun qısamüddətli fəaliyyətinin nəticələrinə gəldikdə isə o, Azərbaycan üçün çox gərgin bir dövrdə bölgənin azərbaycanlı əhalisinin qüvvələrinin düşmənlərə qarşı birgə mübarizə aparılması məqsədilə birləşdirilməsində müəyyən rol oynadı və ən başlıcası isə diyarın ermənilərin əlinə keçməsinə imkan verməməklə onun toxunulmazlığını qorudu, bununla da Azərbaycanın ərazi bütövlüyü təmin edildi.
Aralarındakı müəyyən fikir ayrılıqlarına baxmayaraq, Naxçıvanın müdafiəsində, onun erməni daşnaklarının əlinə keçməməsində Cəfərqulu xan, Rəhim xan, Kamran xan və yerli ziyalılar çox böyük xidmətlər göstərmişlər. Kalbalı xan respublika silahlı dəstələrinə komandanlıq edir, erməni hücumlarının qarşısını alır, əlverişli şərait yaradaraq onlara layiqli cavab verirdi.
1919-cu ilin yanvarında ingilislər Naxçıvana gəldilər və burada general qubernatorluq yaratdılar. Bir aydan sonra Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələri də Naxçıvana gəlib çıxdılar. Keçirilən müzakirələrdə siyasi, hərbi, iqtisadi, maddi və mədəni məsələləri özündə birləşdirən akt tərtib edildi. Bu akt Naxçıvanın könüllü surətdə Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsi haqqında idi. Akt hökumət üzvləri, Milli Şura üzvləri və yerli əhalinin nümayəndələri tərəfindən imzalanmışdır.
Naxçıvana gələn ingilislərin məqsədi buranı Ermənistana vermək idi. Lakin Naxçıvan əhalisi diyarın ingilislər tərəfindən Ermənistana verilməsinə qarşı mübarizəyə qalxdı. Bununla əlaqədar Naxçıvan Müsəlman Milli Şurasının üzvləri ingilis general-qubernatoruna məktub göndərərək öz qəti etirazlarını bildirdilər. Məktubda Araz-Türk Respublikası əhalisinin “bütün dünyanın və bütün mədəni qüvvələrin azad həyat, xalqların öz müqəddəratını həll etmək hüququ haqqında qışqırdıqları bir vaxtda azərbaycanlılar bizdən heç bir cəhətdən üstün olmayan, əksinə bir çox hallarda bizdən geri qalan ermənilərin qulu ola bilməzlər” fikrinə gəlməsi faktı və səbəbləri öz əksini tapmışdır.
Naxçıvandakı ingilis missiyası ermənilərin respublika hüdudlarına hücumuna mane olmurdu və onların fəaliyyətində ikili siyasət özünü açıq-aşkar göstərirdi. İngilislər bir tərəfdən Naxçıvanın Azərbaycanın bir hissəsi olduğunu tanıyır, maliyyə və silah vəd edir, digər tərəfdən isə diyarın daşnak Ermənistanın hakimiyyətinə verilməsi təklifi ilə çıxış edirdilər. Naxçıvan əhalisi bu siyasətə qarşı inadla mübarizə aparırdı.
Naxçıvan Milli Şurasının sədri Cəfərqulu xan Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi məktubda yazırdı: “Biz özümüzü Azərbaycanın ayrılmaz hissəsi hesab edirik və əminik ki, hər hansı səbəbdən hərbi qüvvə ilə kömək edə bilməsə də, heç olmasa top, tüfəng və patronla Azərbaycan bizə kömək edəcəkdir. Hətta Azərbaycan bundan da imtina etsə, biz bu yolda canımızdan keçəsi olsaq belə, müqəddəs vədimizi yerinə yetirəcəyik”.
İngilis nümayəndələri Naxçıvanı erməni “idarəçiliyinə” vermək üçün çox canfəşanlıq göstərirdi. Müsəlman Milli Şurası və Naxçıvan əhalisi buna qəti etiraz edirdilər. Əhalinin bir müraciətində deyilirdi: “Ermənilərə tabe olmaqla biz təkcə özümüzü yox, həm də ömrüboyu bizə lənətlər oxuyacaq nəslimizi alçalmağa və təhqirə məruz qoyuruq və buna görə də əlahəzrət general Devinin bizim Naxçıvan, Şərur və Vedibasar rayonlarımızın müvəqqəti də olsa, erməni hökumətinin idarəsinə verməsinə biz Allah tərəfindən bütün diyarın əhalisinə bəxş edilmiş azadlıq, arzu və meyillər üzərində zorakılıq faktı kimi baxırıq”.
İngilis komandanlığının və Ermənistan hökumətinin qərarlarına tabe olmayan naxçıvanlılar erməni işğalçılarına qarşı silahlı mübarizə aparırdılar. Respublikada süvari dəstələrindən, top və pulemyotları olan 6 min əsgərdən ibarət yarınizami qoşun yaradılmışdı. Hərbi əməliyyatlar zamanı onların sayı təxminən 10 min əsgərə və silahlı könüllülərə çatırdı.
Erməni qoşunları dəfələrlə Naxçıvana hücum etmiş və layiqli cavablarını almışdılar. Naxçıvanın şəhər və kəndlərinə hücumlarda təkcə düşmənin nizami qoşunları deyil, erməni əhalisi də iştirak edirdi. Ermənilər general-qubernatorluq elan etsələr də, nə ingilis nümayəndələri, nə də general-qubernator qorxudan şəhərdə yerləşə bilməmiş, şəhərdən 3 kilometr uzaqdakı hərbi kazarmaya yığışmışdılar. Kalbalı xanın başçılığı ilə xalq qoşunu daşnak qüvvələrini darmadağın edib Naxçıvandan və onun ətrafından qovdular.
Bu zaman ermənilər bir neçə min adam, 2 top, 8 pulemyot və bir zirehli qatar itirdilər. 800 erməni əsgəri və 8 zabiti əsir alındı. Bundan istifadə edən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz nümayəndəsi Səməd bəy Cəmillinskini müvəqqəti general-qubernator təyin etdi, diyarı idarə etmək üçün zəruri olan dövlət idarələri yaradıldı. S.Cəmillinskinin əmri ilə Xəlil bəy diyar qoşunlarının baş komandanı, Kalbalı xan isə onun köməkçisi, eyni zamanda, Naxçıvan qoşun dəstəsinin komandiri təyin olundu.
1919-cu ilin yayında Naxçıvanda olan amerikalı polkovnik Rey Naxçıvan Milli Şurasının sədri Cəfərqulu xanla danışıqlar apardı. Polkovnik V.Haskel Naxçıvan, Şərur-Dərələyəz qəzalarında xüsusi zona və bu ərazidə Amerika general-qubernatorluğu yaratmaq istəyirdi. Bununla əlaqədar V.Haskel öz layihəsini hökumət başçısı N.Yusifbəyliyə təqdim etdi. Bu xəbəri eşidən Cənub-Qərbi Azərbaycan müsəlmanlarının ümumi iclasının sədri Əli Səbri Qasımov, yerlilər cəmiyyətinin sədri Z.Məmmədov və nümayəndə heyətinin üzvü A.Nəcəfov hazırladıqları 10 maddəlik tələbnaməni N.Yusifbəyliyə təqdim etdilər. Bu tələblərin əsasında Naxçıvanı Azərbaycanın tərkibində saxlamaq fikri dayanırdı.
1919-cu il sentyabrın əvvəllərində Naxçıvan nümayəndələri Ə.S.Qasımov və K.M.Əsgərov polkovnik V.Haskelə 10 bəndlik memorandumu təqdim etdilər. Görüş zamanı V.Haskel Ə.S.Qasımovdan soruşdu ki, Naxçıvanın və digər regionların əhalisi bu ərazilərin erməni hökumətinə verilməsinə necə baxar? Əli Səbri Qasımov bildirdi ki, “əldə silah ləyaqətli ölümü üstün tutaraq bu hökuməti var qüvvələri ilə rədd edərlər”.
Naxçıvan əhalisi polkovnik Reyə bildirdilər ki, onlar azərbaycanlı general-qubernatordan başqa heç kimi tanımaq istəmirlər, əhalisi Azərbaycan türkləri olan Naxçıvan, Şərur, Dərələyəz rayonları, Vedibasar və Milistan Azərbaycanın ayrılmaz hissəsidir.
Delli və Reyin missiyası süquta uğradı, amerikanların Naxçıvanda möhkəmlənmək cəhdi baş tutmadı.
r Davamı 11-ci səhifədə
r Əvvəli 12-ci səhifədə
1920-ci ilin martında türk hərbi dəstələri Naxçıvana gəldilər. Kalbalı xan Türkiyənin yüksək hərbi ordeni ilə təltif edildi. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirliyi isə daşnaklarla döyüşlərdə göstərdiyi igidliyə görə ona general-mayor hərbi rütbəsi verdi.
1920-ci ilin aprelində Azərbaycan Xİ Qırmızı Ordu tərəfindən işğal olundu. Azərbaycan Xalq Cümhuriyyəti devrildi və Azərbaycanda Sovet hakimiyyəti bərqərar edildi. Naxçıvanda Sovet hakimiyyəti iyulun 28-də elan edildi və Hərbi İnqilab Komitəsi yaradıldı. Bir neçə gündən sonra avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri M.Bektaşov Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri N.Nərimanova belə bir məktubla müraciət etdi: “Naxçıvan xalqının böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkəsi özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi hesab edir”.
Çox qəribə idi ki, Naxçıvanda olan bolşevik ordusu həm Ermənistanla müharibə aparır, həm də onlarla siyasi və diplomatik danışıqları davam etdirirdi. Bu danışıqlarda Azərbaycanın hətta mübahisəsiz torpaqlarının Ermənistana verilməsi məsələsi müzakirə olunurdu. Bundan xəbər tutan N.Nərimanov Leninə göndərdiyi məktubda yazırdı: “Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstanın və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda həmin mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir...”
Naxçıvanın azərbaycanlı əhalisinin qətiyyətli mövqeyi və mübarizəsi ermənilərin Naxçıvanla bağlı planlarını pozdu. Bu işdə böyük dövlətlər də onlara kömək göstərə bilmədilər. Məkrli niyyətlərini hələlik pərdələyən ermənilər və Ermənistan İnqilab Komitəsi 1920-ci il dekabrın 28-də Naxçıvanı müstəqil (Azərbaycanın tərkibində yox - İ.H.) Sovet respublikası kimi tanımış və bu diyar ilə əlaqədar iddialarından imtina etmişdilər.
Beləliklə, bölgə əhalisi 1918-1920-ci illərdə misilsiz çətinliklərə, təqiblərə, müsibətlərə sinə gərərək milli ləyaqəti uca tutdular, diz çökmədilər, erməni silahlı quldur dəstələrinə layiqli cavab verdilər. Bu məsələdən danışan Ermənistanın baş naziri O.Kaçaznuni 1923-cü ildə etiraf edirdi ki, “Müsəlman Naxçıvanı və Şərurunda..., müsəlman rayonlarında inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik, silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın törətməyə məcbur olduq. Vedibasar, Şərur, Naxçıvan kimi mühüm yerlərdə öz hakimiyyətimizi hətta silah gücünə qura bilmədik, məğlub olduq və geri çəkildik”.
Naxçıvan diyarının əhalisi özlərini Azərbaycandan ayrı təsəvvür etmirdilər. Onlar hələ o vaxt öz qəti fikirlərini belə ifadə etmişdilər: “Bu xalq mədəni dövlətlərin alovlarında məhv olmağa razı olar, amma Azərbaycandan ayrılmaz”.
İstər sovetləşməyə qədər, istərsə də sovetləşmədən sonra ermənilər yaranmış vəziyyətdən istifadə edərək Azərbaycanın bir sıra bölgələrinə sahib olmaq üçün ərazi iddiaları irəli sürmüşlər. Bu sahədə bolşeviklər ermənilərin ən yaxın müttəfiqləri olmuş, “böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi istiqamətində onlara hər cür yardım etmişdir. Nəticədə ermənilərin “...torpaq iddiaları bolşevik işğalından sonra daha da güclənmiş, bu dəfə Azərbaycan Zəngəzur mahalını itirməli olmuşdur”. Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan Azərbaycandan ayrı düşmüş, onunla heç bir sərhəd xətti olmamışdır. Belə olan halda Azərbaycanın tərkibində Naxçıvan muxtariyyət uğrunda mübarizəyə başlamışdır. Görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin qeyd etdiyi kimi, “...əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”.
Naxçıvanda əhalinin narazılığı get-gedə artırdı. Bununla əlaqədar Azərbaycan İnqilab Komitəsinin üzvü, ədliyyə komissarı Behbud ağa Şahtaxtinski 1920-ci il dekabrın 15-də Naxçıvana göndərildi. O, Naxçıvanda, Ordubadda, Şərurda və başqa yerlərdə əhali ilə görüşlər keçirir, Naxçıvanın Azərbaycanın tərkibində saxlanması üçün əhalini təlimatlandırırdı. Əhalinin əksəriyyəti Azərbaycanın tərkibində Naxçıvana ərazi muxtariyyətinin verilməsini tələb edirdilər. 1921-ci ilin yanvarın əvvəlində Naxçıvanda onun Azərbaycan SSR tərkibində saxlanması barədə rəy sorğusu-referendum keçirildi. Rəy sorğusunda Naxçıvanın 90 faizdən çox əhalisi vilayətin muxtar respublika hüququnda Azərbaycanın tərkibində qalmasına səs verdi.
Naxçıvanın Azərbaycanın tərkibində qalmasında və ona muxtariyyət statusunun verilməsində B.Şahtaxtinskinin əməyi xüsusi qeyd edilməlidir. Onun RSFSR XKS-in sədri V.İ.Leninə yazdığı 13 avqust, 20 sentyabr, 7 oktyabr 1920-ci il və xüsusən 1 mart 1921-ci il tarixli məktub və teleqramlarında, əlavə etdiyi arayışlarda bolşevik hakimiyyətinin Şərq siyasəti, bu zaman yol verilən səhvlər, Rusiya-Türkiyə münasibətlərinin qurulması və bunun Rusiya üçün əhəmiyyəti, Azərbaycan-Rusiya münasibətləri, Azərbaycanın ərazi bütövlüyü problemi, Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması və ona muxtariyyət statusu verilməsi və başqa məsələləri çatdırmış, təklif və mülahizələrini bildirmişdi. O, yazmışdı ki, “Naxçıvanın Ermənistana verilməsi xalqın özünütəyin prinsipini və Sovet Azərbaycanının hüquqlarını pozur”.
Beləliklə, referendumun nəticəsi, B.Şahtaxtinskinin təklifləri, Naxçıvan məsələsində Türkiyə tərəfinin obyektiv mövqe tutması nəticəsində Moskvanın Naxçıvan məsələsinə münasibətini dəyişməsinə və nəticə etibarilə Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə təsir etdi.
Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında 1921-ci il martın 16-da imzalanan Moskva müqaviləsində təsbit edildi. Tərəflər həmin müqavilənin üçüncü maddəsinə əsasən, Naxçıvan vilayəti Azərbaycan Respublikasının himayəsi altında və həmin vilayətin Azərbaycan tərəfindən heç bir üçüncü dövlətə güzəşt edilməməsi şərti ilə muxtar ərazi təşkil etməsinə razıdırlar. Müqaviləni I (C) əlavəsində isə Naxçıvan əzazisinin sərhədləri verilmişdi.
Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında imzalanan Qars müqaviləsində (1921, 13 oktyabr) Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdur. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin beşinci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdir. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdu.
Beləliklə, 1917-ci ildən mübarizə aparan naxçıvanlıların arzuları gerçəkləşdi, diyarın ərazi mənsubiyyəti məsələsi beynəlxalq müqavilələrlə Azərbaycan üçün qanuni və ədalətli qaydada həll olundu.
1921-ci ildən 1924-cü ilədək, yəni muxtariyyət statusundan muxtar respublikanın təşkilinə kimi çoxsaylı müzakirələr aparılmışdı. Bu müzakirələrdə bir məsələ aydın idi ki, Azərbaycanın daxilində Naxçıvanın muxtariyyət təşkil etməsi bölgənin spesifik ərazi vəziyyəti-geosiyasi şəraiti ilə bağlı idi. Naxçıvanın Azərbaycandan ayrı düşməsi, heç bir sərhədə malik olmaması onun inzibati idarəçiliyinin qəza və ya rayon hüquqlarında təşkil etməyə imkan vermirdi. 1923-cü il iyunun 16-da Naxçıvan muxtar diyarı (ölkə) adlandırıldı. 1924-cü il yanvarın 4-də Zaqafqaziya MİK onu Naxçıvan MSSR elan etdi. 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan MSSR-ə çevrilməsi haqqında dekret qəbul etdi. Bu 95-ci ildönümünü qeyd etdiyimiz muxtar respublikanın yaranma tarixidir.
Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində təsdiq edilmiş Əsasnamə və 1926-ci il aprelin 18-də qəbul olunmuş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının birinci Konstitusiyası ilə təsbit edildi. Konstitusiyanın ikinci maddəsində deyilirdi: “Naxçıvan Sovet Sosialist Respublikası Azərbaycan Sovet Sosialist Respublikasının protektoratlığında olmaqla onun tərkib hissəsidir”. Naxçıvan MSSR-in sonrakı konstitusiyalarında da Naxçıvan Azərbaycan SSR-in tərkibində muxtar respublika kimi göstərilmişdir.
Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsində 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikası Konstitusiyasının mühüm rolu oldu. Konstitusiyanın 134-cü maddəsinin ilk bəndində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Naxçıvan Muxtar Respublikasının 1998-ci il yeni Konstitusiyasında Naxçıvan muxtar dövlət kimi ifadə olunmuş və onun Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublika olduğu təsbit edilmişdir.
Müxtəlif dövrlərdə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının ildönümləri dövlət səviyyəsində qeyd olunmuş, 1949-cu ildə muxtar respublikanın 25, 1964-cü ildə 40, 1974-cü ildə 50, 1984-cü ildə 60 illik yubileyləri keçirilmişdir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin 1999-cu il 4 fevral tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi qeyd edilmişdir. Yubiley tədbirlərində iştirak edən və təntənəli yubiley iclasında nitq söyləyən ümummilli lider Heydər Əliyev demişdir: “Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və Türkiyə Cümhuriyyətinin imzaladığı Qars müqaviləsinin burada böyük əhəmiyyəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Ulu öndər Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunması, muxtar respublikanın yubileylərinin keçirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 80 illik, 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə 85 illik yubileylərinin ölkəmizdə geniş qeyd olunması bunun bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 yanvar tarixli Sərəncamında qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyası tarixinin mühüm əhəmiyyətli hadisəsidir.
Naxçıvan Muxtar Respublikasının yubiley tədbirlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvanın muxtariyyət statusunun ölkəmizin müstəqillik tarixində mühüm əhəmiyyətə malik olduğunu bildirərək demişdir: “Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil etmişdir. Bu status imkan verirdi ki, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdəki siyasi fəaliyyəti dövründə Naxçıvan xalqının suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilsin”.
Hazırda muxtar respublikanın statusunun və sərhədlərinin beynəlxalq təşkilatlar səviyyəsində tanıdılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 2012-ci il oktyabrın 16-18-də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 23-cü plenar sessiyasında qəbul olunan sənədlərin birində Naxçıvan Muxtar Respublikası ilə bağlı çox mühüm və tarixi əhəmiyyət daşıya biləcək məqam əks olunmuşdur. Sənəddə həmin hissə Ali Məclis Sədrinin tövsiyəsi ilə hazırlanmış və nümayəndə heyəti tərəfindən Memoranduma daxil edilmişdir. Sənəddə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının konstitusion-hüquqi statusu Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına, habelə hazırda qüvvədə olan iki beynəlxalq müqaviləyə əsaslanır. Bundan başqa qeyd edilmişdir ki, muxtar respublikanın statusu həm milli qanunvericilik, həm də beynəlxalq müqavilələrlə müəyyən olunmuşdur. Maddənin həmin sənədə salınması Azərbaycan, xüsusilə Naxçıvan Muxtar Respublikası üçün böyük siyasi əhəmiyyət kəsb edir.
İlk dəfədir ki, Naxçıvan Muxtar Respublikasının statusunu, sərhədlərini müəyyən edən 1921-ci il Moskva və Qars beynəlxalq müqavilələri beynəlxalq təşkilatın sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilir. Ölkəmiz, o cümlədən muxtar respublikamız üçün mühüm olan beynəlxalq müqavilənin hüquqi qüvvəsinin Avropa Şurası kimi nüfuzlu bir beynəlxalq təşkilat tərəfindən tanınması, şübhəsiz ki, ölkə və muxtar respublika rəhbərliyinin bu sahədə apardığı fəal diplomatik fəaliyyətin məntiqi nəticəsidir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etmiş, regionu çiçəklənən diyara çevirmişdir.
Naxçıvanın muxtar respublika statusu bu bölgənin 95 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir. Ölkə Prezidentinin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir.”
Naxçıvan Muxtar Respublikası 95 illik tarixi inkişaf yolunun ən dinamik və dayanıqlı inkişaf dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika 20 ildən artıq bir dövrdə hərtərəfli inkişafa nail olmuş, əsl intibah səviyyəsinə yüksəlmişdir. Həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş vermiş və bu işlər bu gün də sürətlə və ardıcıl olaraq davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədri olduğu “Caspian European Club” ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirir. Naxçıvan Muxtar Respublikası artıq ikinci dəfədir ki, Azərbaycan Respublikasının regionları arasında ən yüksək ümumi bal toplayaraq 2017 və 2018-ci illərdə investisiya reytinqində lider adını qazanıb.
Naxçıvan Muxtar Respublikası 95 illik tarixi inkişaf dövründə heç vaxt indiki qədər inkişafa, uğurlara, nailiyyətlərə imza atmamışdır. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində ölkəmizin daha böyük inkişafına doğru inamla və qətiyyətlə irəliləyir, çiçəklənən bir diyara çevrilir.