24 yanvar 2019 17:13
3018

“Azəriqaz” Nizami rayonunda təbii qaz xətlərini yeniləyir

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) paytaxtın Nizami rayonunda təbii qaz xətlərini yeniləyir.

İB-dən bildirilib ki, iqtisadiyyatın digər sektorları ilə yanaşı, qaz təchizatı sahəsinin dinamik inkişafı və modernləşdirilməsi, göstərilən xidmətlərin tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsi məqsədilə “Azəriqaz” tərəfindən Bakıda təbii qaz təchizatı şəbəkəsinin yenidən qurulması istiqamətində görülən işlər şəhərin sosial-iqtisadi inkişafı nöqteyi-nəzərindən mühüm yer tutur. Həyata keçirilən layihələr paytaxtın qaz təchizatı şəbəkəsinin hazırkı gücünü artıraraq abonentlərin tələbatının ödənilməsi, istehlakçılarin təbii qazla fasiləsiz təmin edilməsi, qaz təsərrüfatı sisteminin etibarlılığının artırılması, təhlükəsizlik şərtlərinin beynəlxalq standartlara uyğunlaşdırılması və yüksəldilməsi, qaz itkisinin qarşısının alınması, monitorinq və nəzarət sisteminin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, həmçinin istismar və sazlama konsepsiyasının ən müasir səviyyədə qurulması məqsədini daşıyır.

Paytaxtın qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Nizami rayonunda aparılan işlərdə bu qəbildəndir. Belə ki, rayonun Azər Manafov küçəsindən başlayaraq Tofiq Abbasov küçəsi ilə ümumi uzunluğu 1400 metr olan yeni diametri 315 və 200 millimetrlik polietilen qaz kəmərlərinin çəkilməsi, istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılması məqsədilə qaz tənzimləyici şkafların və siyirtmələrin quraşdırılması nəzərdə tutulub. Artıq həmin ərazidə aparılan işlərin böyük hissəsi yerinə yetirilib. Aparılan işlərin qısa zaman ərzində başa çatdırılması nəzərdə tutulur. İşlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazidə yaşayan istehlakçıların normativ təzyiqlə, dayanıqlı və fasiləsiz təbii qazla təminatı üçün əlavə imkan yaradacaq.