15 fevral 2019 18:16
1428

Təmizlik və yüksək keyfiyyət - FOTO

Dəniz neftçilərinin keyfiyyətli şəkildə qidalanması üçün lazım olan bütün tədbirlər həyata keçirilir

Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaş, insan amili dayanır. Görülən işlər, reallaşdırılan layihələr ölkəmizin sosial-iqtisadi inkişafına, insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəlib.

Son günlər ölkə gündəmində yadda qalan məqamlardan biri Prezident İlham Əliyevin regionlara səfəri, sakinlərlə görüşü, onların istək və arzularını dinləməsi, mövcud problemlərə dərhal reaksiya və yerində tapşırıq verməsidir. Bu amil bir daha onu göstərir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır.   

Ölkə iqtisadiyyatının inkişafında mühüm payı olan neftçilər də daim dövlətin diqqət qayğısı ilə əhatə olunurlar. Xüsusilə dənizdə, Neft Daşlarında çalışan işçilərin rahat yaşaması və fəaliyyəti üçün lazım olan bütün mühüm tədbirlər həyata keçirilir.

Dəniz neftçilərinin normal şəkildə qidalanması isə ən çox diqqət yetirilən vacib məqamlardan biridir. Bu gün Neft Daşlarının müxtəlif sahələrində, SDÖ-lərdə yeməkxanalar fəaliyyət göstərir. Burada eyni vaxtda yüzlərlə insan yemək yeyir. “Xəzər iaşə” MMC-nin Neft Daşları üzrə 1 saylı yeməkxanasının müdiri Akif Əhmədovun sözlərinə görə, neftçilərin keyfiyyətli şəkildə qidalanması üçün həmişə lazım olan bütün tədbirlər həyata keçirilir. Neftçilərə gün ərzində 3 dəfə yemək verilir. Menyuya isti yeməklər, salatlar, meyvə şirələri və mineral sular daxildir. 

Akif Əhmədov vurğulayır ki, yeməkxanalara gətirilən qida və ərzaq məhsulları ciddi yoxlamalardan keçirilir. Yaradılan komissiya gündəlik ərzaqların, yeməklərin keyfiyyətini yoxlayır, rəy bildirir. Əsas şərt isə təbii ki, yüksək keyfiyyətdir.

Qeyd edək ki, yeməkxanalarda şikayət və təkliflər üçün jurnallar mövcuddur. Yemək yeyən hər bir insan öz şikayət və təkliflərini bu jurnallarda qeyd edə bilər. Akif Əhmədov bildirir ki, jurnallar mütəmadi olaraq nəzərdən keçirilir, əsaslı, haqlı şikayət və təkliflər araşdırılır, tədbir görülür. “Azneft” İstehsalat Birliyinin, eyni zamanda “Neft Daşları” NQÇİ-nin rəhbərliyi bu məsələləri xüsusi olaraq diqqət mərkəzində saxlayır. Bu mənada möcuzələr adasında çalışan hər bir insan yeməkxanalarda təmizlikdən, yeməklərin keyfiyyətindən razı olduqlarını dilə gətirirlər.