Bütün müsəlman dünyasını əhatə edən İslam Mədəniyyətinin Paytaxtı layihəsi çox geniş miqyaslı və əhatəli bir layihədir. İslami dəyərlərə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə əlaqədar hər il islam ölkələri şəhərlərindən birinin paytaxt seçilməsi ənənəsi çox da qədim tarixə malik deyildir.
Bu məsələ ilə əlaqədar qərar İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO-nun) təklifi ilə 2001-ci ilin sonlarında Qətərin paytaxtı Doha şəhərində islam ölkələri mədəniyyət nazirlərinin III konfransında qəbul olunmuşdur. İlk dəfə olaraq belə bir şəhər 2005-ci ildə İslam dünyasının mərkəzi sayılan Məkkə şəhəri olmuş, 2009-cu ildə isə bu hüquq Azərbaycanın paytaxtı Bakı şəhərinə verilmişdir. Şübhəsiz ki, fəaliyyətə başlamasından 4 il sonra dünyanın inkişaf etmiş islam ölkələrinin böyük şəhərlərinin deyil, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın paytaxtı Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi ölkəmizdə islami dəyərlərə və mədəniyyətlərarası dialoqa verilən töhfələrlə əlaqədardır.
Məlumdur ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilən VI konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Əlbəttə, bu qərar heç də təsadüfən, birdən-birə verilməmişdir. Sözsüz ki, Naxçıvan şəhərinə belə bir statusun verilməsini şərtləndirən bir sıra amillər olmuşdur. Bütün bu amilləri, bu qərarın hansı səbəbdən verilməsini aydınlaşdırmaq üçün İslam mədəniyyətinin yaranmasına, Naxçıvan şəhərinin keçdiyi tarixi inkişaf yoluna, ərazidəki tarix-mədəniyyət abidələrinə, onların qorunması, bərpası, tədqiqi və təbliği vəziyyətinə nəzər yetirmək lazımdır.
VII əsrin əvvəllərində tarix səhnəsinə çıxan İslam dini qısa müddət ərzində bir sıra ölkələrdə yayıldı, nəticədə Xilafət adlı yeni bir dövlət yarandı. Xilafətin yaranması ilə onun tərkibinə daxil olan müxtəlif xalqların mədəniyyətlərini özündə birləşdirən islam mədəniyyəti formalaşdı. VII yüzilliyin ortalarından etibarən Azərbaycan əhalisi də islam dinini qəbul etdi və islamlaşdı. Beləliklə, Azərbaycan çox geniş əraziləri əhatə edən Xilafətin tərkibinə daxil oldu. Bununla əlaqədar xalqımızın həmin vaxtadək minilliklər boyu əldə etdiyi bütün elmi-mədəni nailiyyətlər də xilafətin yaranması ilə formalaşan və dünya mədəniyyəti tarixində dərin iz buraxan ümumislam mədəniyyəti xəzinəsinə daxil oldu və onun tərkib hissəsinə çevrildi. Bundan sonra Azərbaycanda əldə olunan mədəni-elmi nailiyyətlər həm də islami mahiyyət kəsb etdi.
Xilafətin tərkibində olduğu müddətdə Yaxın və Orta Şərqin inkişaf etmiş mədəniyyət mərkəzləri ilə yaradılan və tədricən inkişaf etdirilən qarşılıqlı əlaqələr və münasibətlər Azərbaycanda mədəniyyətin inkişafına çox müsbət təsir göstərdi. Ona görə də orta əsr Azərbaycanının ictimai-siyasi və mədəni həyatında baş verən bütün hadisələrdə və dəyişikliklərdə, əldə olunan nailiyyətlərdə islam ideologiyasının təsiri vardır. Buna görə də bütövlükdə orta əsr Azərbaycan mədəniyyətini, o cümlədən elmini, təhsilini, ədəbiyyatını, memarlığını, incəsənətini və s. islam dinindən kənarda təsəvvür etmək olmaz.
2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı seçilən Naxçıvan şəhəri çox böyük inkişaf yolu keçmişdir. Son tədqiqatlara görə əsası bir yaşayış məskəni kimi 8000 il bundan əvvəl qoyulan Naxçıvan təxminən 5 min il bundan əvvəl şəhər kimi formalaşmışdır. Naxçıvan şəhəri, bütövlükdə Naxçıvan ərazisi bir sıra mədəniyyətlərin, o cümlədən Eneolit, Boyalı qablar və Kür-Araz mədəniyyətlərinin yarandığı və ətraf yerlərə yayıldığı bir mərkəzə çevrilmişdir. İlk orta əsrlər dövründə Naxçıvan şəhəri mühüm bir inzibati-siyasi mərkəz kimi də diqqəti cəlb edirdi. Ərəblərin buraya gəlişindən sonra da şəhər bu üstünlüyünü saxlamış, bu səbəbdən də ərəblər ətraf əraziləri idarə etmək üçün Naxçıvan şəhərini özləri üçün hərbi-inzibati mərkəz seçmişdilər.
Naxçıvan şəhəri, həmçinin bütün Naxçıvan ərazisi islamlaşmadan sonra, xüsusilə islamın intibah dövründə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadı, ticarət-iqtisadi cəhətdən xeyli inkişaf etdi. Hətta şəhər X-XI əsrlərdə Naxçıvanşahlıq adlı kiçik feodal dövlətinin, az sonra - 1136-cı ildə tarix səhnəsinə çıxan Azərbaycan Atabəyləri dövləti kimi nəhəng bir dövlətin paytaxtına çevrildi. Şəhər Azərbaycan memarlığının mərkəzlərindən birinə çevrildi. Naxçıvan Azərbaycan mədəniyyəti tarixinə Əcəmi Əbubəkr oğlu Naxçıvani kimi dahi bir memar bəxş etdi. Burada Azərbaycan memarlığının ən möhtəşəm qollarından olan Naxçıvan məktəbi formalaşdı. Şəhərdə və bütün Naxçıvan bölgəsində çoxlu sayda gözəl və möhtəşəm memarlıq abidələri, o cümlədən türbələr, məscidlər, xanəgahlar, mədrəsələr, hamamlar, buzxanalar, mülki binalar və bu qəbildən olan digər abidələr inşa olundu. Naxçıvan şəhərində Yusif Küseyr oğlu, Möminə Xatın, Came məscidi, Dövlətxana və s. bu kimi möhtəşəm memarlıq nümunələri meydana gəldi. Naxçıvan şəhəri yüksək inkişaf səviyyəsinə çatdı. Buna görə də gözəlliyinə və ehtişamına görə orta əsr müəllifləri onu obrazlı şəkildə “Nəqşi-Cahan” (“Dünyanın bəzəyi”) adlandırırdılar.
Bölgənin müxtəlif yerlərində Gülüstan türbəsi, Qarabağlar Türbə Kompleksi, Ziyaül-Mülk körpüsü, Darkənd günbəzi, Əlincəçay xanəgahı, Qeysəriyyə, imamzadələr kimi möhtəşəm memarlıq nümunələri yaradıldı. Beləliklə, orta əsrlər zamanı sənətkarlarımız tərəfindən Naxçıvanda memarlıq sahəsində çox zəngin bir mədəni irs yaradıldı. Ancaq Azərbaycanın hər yerində olduğu kimi onun qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanda da yaranmış bu irsə keçən yüzillikdə biganə və ögey münasibət bəslənilmiş, hətta şəxsiyyətə pərəstiş illərində onların bir qismi qəsdən dağıdılmışdır.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən, xüsusilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqımızın uzun əsrlərdən bəri yaratdığı milli mənəvi dəyərlərə, mədəni irsə dövlət səviyyəsində diqqət və qayğı artırıldı, onların bərpası, tədqiqi və təbliği sahəsində məqsədyönlü tədbirlər həyata keçirilməyə başladı. Bu baxımdan Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da çox böyük işlər görülmüşdür. Bu işlər içərisində ilk növbədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 6 dekabr 2005-ci ildə imzaladığı Sərəncama əsasən Naxçıvan bölgəsindəki tarix-mədəniyyət abidələrinin qeydə alınaraq pasportlaşdırılmasını qeyd etmək lazımdır. Böyük bir qismi Azərbaycanda islamın qəbul edilməsindən sonrakı vaxtlara aid olan bu abidələrin çoxu yarandıqları vaxtdan keçən müddət ərzində təbii qüvvələrin təsirindən güclü şəkildə aşınmış, zəmanəmizədək yarımdağılmış vəziyyətdə gəlib çatmışdır. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə çoxlu sayda müxtəlif təyinatlı tarix-mədəniyyət abidəsi bərpa olunaraq əvvəlki görkəminə salınmış, onlara yeni həyat verilmiş, tədqiqi və təbliği sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bu abidələrin əksəriyyəti məscidlər, imamzadələr, xanəgahlar, türbələr və s. islamla sıx əlaqədar olan abidələrdir. Bu istiqamətdə işlər indi də sistemli şəkildə uğurla davam etdirilir. Qeyd etmək kifayətdir ki, təkcə 2016-cı ildə Ali Məclis Sədrinin imzaladığı Sərəncamlar əsasında Azərbaycan xalqının məğlubedilməzlik rəmzi olan, Culfa rayonundakı Əlincəqalada və XII əsr Azərbaycan memarlığının təkrarolunmaz nümunələrindən sayılan Gülüstan türbəsində yüksək səviyyədə bərpa işləri aparılmışdır. Ali Məclis Sədrinin 4 iyul 2016-cı il tarixdə imzaladığı Sərəncama əsasən Kəngərli rayonunun Qarabağlar kəndindəki XII-XIV yüzilliklərə aid Türbə Kompleksində bərpa işləri aparılmaqdadır. 2016-2018-ci illərdə Şərur rayonunun Xanlıqlar (Parçı) kəndindəki imamzadə, Naxçıvan şəhərindəki İmamzadə kompleksi və Babək rayonunun Nehrəm kəndindəki İmamzadə bərpa olunmuşdur. Hazırda Şərur rayonunun Yengicə kəndindəki hamamda bərpa işləri tamamlanmaq üzrədir.
Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasında tarix-mədəniyyət abidələrinin qorunması, bərpası, tədqiqi və təbliği çox yüksək səviyyədə həll olunmuşdur. Son illərdə muxtar respublikada bir sıra yaşayış məskənlərində möhtəşəm islam memarlığı abidələri, xüsusilə məscidlər, o cümlədən Babək rayonunun Nehrəm kəndində möhtəşəm məscid tikilərək əhalinin istifadəsinə verilmişdir. Hazırda Naxçıvan şəhərinin cənub tərəfində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin və Nuh peyğəmbərin məzarüstü türbəsinin yaxınlığında, eyni zamanda 2000 nəfərin ibadət etməsi mümkün olan məscid inşa olunmaqdadır. Bütün bunlar isə dünyanın müxtəlif yerlərindən, o cümlədən müsəlman ölkələrindən muxtar respublikaya gələn alimlərin, turistlərin, dövlət nümayəndələrinin və başqa insanların diqqətindən yayınmır.
Ancaq bütün bunlar Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı olması üçün kifayət etməzdi. Əgər Naxçıvanda müasir infrastruktur yaradılmasaydı o paytaxt ola bilməzdi. Çünki İslam mədəniyyətinin paytaxtı seçilən ölkələrə dünyanın 50-dən artıq ölkəsindən müxtəlif təbəqəyə mənsub çoxlu qonaqlar gəlir. Həmin qonaqların yerləşdirilməsi üçün müasir tələblərə cavab verən, dünya standartlarına uyğun otellərin, başqa məişət obyektlərinin olması çox vacibdir. Məlumdur ki, İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) təklifi ilə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin 2004-cü il dekabrın 15-17-də Əlcəzairdə keçirilmiş IV konfransında təsdiqlənmiş “İslam mədəniyyətinin paytaxtları” proqramına əsasən hər hansı bir şəhərin İslam mədəniyyətinin paytaxtı elan olunması üçün həmin şəhər bir sıra keyfiyyətlərə malik olmalıdır. Belə ki, həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, islam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən mədəni qurumlara malik olmalıdır. Naxçıvan şəhəri isə bütün bu tələblərə cavab verir. Fikrimizcə, şəhərin İslam mədəniyyətinin paytaxtı seçilməsində son illərdə şəhərdə keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlərin, dövlət başçılarının görüşlərinin yüksək səviyyədə təşkil olunması, bu sahədə qazanılan təcrübə də öz müsbət təsirini göstərmişdir.
Şübhəsiz ki, belə bir mühüm, şərəfli və məsuliyyətli qərar heç də birdən-birə, göydəndüşmə şəkildə qəbul edilməmişdir. Bu qərarın qəbul olunmasında Naxçıvan şəhərində, bütövlükdə muxtar respublikada iyirmi ildən bəri aparılan məqsədyönlü işlər, xüsusilə geniş miqyaslı abadlıq və quruculuq işləri, milli və mənəvi dəyərlərə hörmət və ehtiram, yüksək dövlət qayğısı sayəsində onların qorunması, inkişaf etdirilməsi, Azərbaycan, eyni zamanda İslam mədəniyyətinə mənsub abidələrin bərpası, qorunub saxlanması, bu işlərin yüksək səviyyədə təbliği, beynəlxalq ictimaiyyətə çatdırılması xüsusi rol oynamışdır. Şübhəsiz ki, bütün bunlar öyrənilmiş, sonra qərar verilmişdir. Fikrimizcə, bu qərarın qəbul edilməsində Naxçıvana gələn əcnəbi qonaqların, xüsusilə müsəlman ölkələrindən gələn dövlət xadimlərinin, turistlərin, ümumiyyətlə, şəhərimizin qonaqlarının Naxçıvanda aparılan işləri yerindəcə görməsi, tanış olması və qiymətləndirməsi də öz bəhrəsini vermişdir.
Məhz bütün bunlara görə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilən VI konfransında Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar qərar qəbul edilməsi çox təbii görünür. Tam əminliklə demək olar ki, öz qədimliyi və müasirliyi ilə İslam mədəniyyəti paytaxtları üçün tələb olunan qayda və prinsiplərə cavab verən, dini, milli və etnik tolerantlıq ənənələri ilə seçilən, həmçinin artıq bir sıra beynəlxalq miqyaslı möhtəşəm tədbirlərə ev sahibliyi edən və bu sahədə böyük təcrübə qazanan Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı kimi orada keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə gerçəkləşməsinə nail olacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi “bu gözəl hadisə ilə bağlı təntənəli tədbirlər keçiriləcəkdir, çoxlu qonaqlar gələcəklər, bir daha görəcəklər ki, dünyada belə gözəl məkan var. Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi, gözəl insanları olan gözəl məkan var - bu məkanın adı Naxçıvandır”.
Hacıfəxrəddin Səfərli,
AMEA Naxçıvan Bölməsi
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, professor