21 fevral 2019 19:19
1009

Fərman vətəndaşların maraqlarının təmin olunmasına xidmət edir

«Azərbaycan bu gün sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır. Bu kontekstdə isə əhalinin sosial təminatı üzrə proqramların yüksək səmərəliliklə reallaşdığını  xüsusilə vurğulamaq lazımdır.» Bu fikirləri «İki sahil» qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov deyib.

H.Şikarov qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin reallaşdırdığı hər bir proqramın mərkəzində Azərbaycan vətəndaşı, onun həyat səviyyəsinin yüksəldilməsi dayanır: «İnsan kapitalı ilk sıraya qoyulur. Dövlət başçısı hər zaman  vətəndaşları narahat edən bütün məsələləri diqqət mərkəzində saxlayaraq, ölkə həyatının bu və ya digər sahəsində mövcud olan problemlərin aradan qaldırılması istiqamətində çevik və təxirəsalınmaz tədbirlər həyata keçirir. Bunun son nümunələrindən biri ölkə Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Fərmanı oldu. Azərbaycanın sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm olan Fərman  on minlərlə ailənin sevincinə səbəb oldu. 

Dövlət başçısının imzaladığı Fərmanda bir sıra mühüm məqamlar öz əksini tapıb. Fərmanda da qeyd edildiyi kimi, istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafeləri və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsipləri əsas götürülərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək başlıca məqsəddir.  Eyni zamanda, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilir. Qeyd olunan  bütün müddəalar və problemlərin aradan qaldırılması üçün tətbiqi tələb olunan mexanizmlər birbaşa ilk növbədə Azərbaycan vətəndaşının maraqlarının təmin olunmasına, hüquqlarının qorunmasına xidmət edir. Xüsusən də mövcud çatışmazlıqları aradan qaldırmaq üçün 5 ay möhlət verilməsi həmin binalarda məskunlaşmış sakinlərin daha təhlükəsiz, daha rahat mənzillərdə yaşaması, onların maraqlarının hərtərəfli təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.  Bu isə onu deməyə əsas verir ki, Azərbaycanda əhalinin sosial müdafiəsi lazımi səviyyədə təmin edilir, bu məsələlər daim diqqətdə saxlanılır.»

Orxan Vahidoğlu, «İki sahil»