26 fevral 2019 19:34
1549

İstanbulda Xocalı qurbanları anılıb - FOTO

Fevralın 26-da İstanbul Bağcılar rayonunda Xocalı faciəsinin 27-ci  ildönümü geniş xalq kütlələrinin iştirakıyla anılıb. "OLAYLAR"-ın Türkiyə bürosu xəbər verir ki, Bağcılar meydanından insan seli Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə qədər yürüş edib.  Xocalı soyqırımının qurbanlarının anım mərasimində Azərbaycan Respublikasının Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov, millət vəkilləri Elman Məmmədov, Qənirə Paşayeva, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, AKP-nin İstanbuldan olan millət vəkilləri Şamil Ayrım, Sara Yılmaz,  Bağcılar valiliyinin rəhbəri Mustafa Eldiven, elm, sənət və iş dünyasının nümayəndələri, eləcə də Istanbuldakı Azərbaycan icmasının fəal üzvləri iştirak edib. Mərasim iki qardaş ölkənin dövlət himnlərinin səslənməsiylə başlayıb. Açılış mərasimini  Bağcılar valisi edib. AKP-nin İstanbul millət vəkilləri Sara Yılmaz və Şamil Ayrım çıxış edərək xalqlarımızın qədim tarixə dayanan qardaşlığı və birgə azadlıq mübarizəsindən danışıblar. Abidənin açılmasında  Azərbaycanın İstanbul baş konsulu Məsim Hacıyevın və Mustafa Eldivenin müstəsna xidmətləri vurğulanıb.

Mərasimdə çıxış edən Əli Həsənov xalqlarımızın azadlıq yolunda verdiyi qurbanlardan və  ermənilərin vəhşiliklərindən danışıb. Ölkəmizin və Türkiyə rəhbərliyinin uğurlu daxili və xarici siyasətindən də söz açan Əli Həsənov Azərbaycanın bu günlərə çətinliklərlə və neçə-neçə qurbanlar verməklə gəldiyini ifadə edib. Mərasimin sonunda şəhidlərimiz üçün dualar edilib. Quran oxunub. Xocalıda şəhid olanların xatirəsinə Dostluq Parkında 613-cü ağac əkilib.