29 mart 2019 10:43
2126

Parolunuzu necə qırırlar?

İnternet istifadəçilərində  narahatlıq doğuran məsələlərdən biri də parollardır. Şifrələr  özəl məlumatların   təhlükəsizliyi və qorunması baxımından çox önəmlidir.

Yəqin ki, bir çoxlarınız parolların  xakerlər tərəfindən sındırılıb, şəxsi hesablara daxil olduqlarından  xəbərdarsınız.   Bu mövzuda hər birimizi düşündürən sual isə məhz  budur: “Parollarımızı necə qırırlar?”

Bunun üçün xakerlər xüsusi metodlardan istifadə edirlər ki, bu da 6 mərhələdən ibarətdir.

İlk təxmin. Bu mərhələdə ilk ağla gələn variantlar  yoxlanılır.  Bu mərhələ nisbətən asan və sadəliyi ilə seçilir. Buraya 123456, qwerty, meymun, prenses, beysbol, şifrə, hunter2  kimi parollar daxildir. Əgər parolunuz bu və ya buna oxşardırsa, xaker hücumu olmadan dəyişdirsəniz daha yaxşı olar.

Zor gücü ilə. Xakerlər mümkün  bütün üsulları yoxlayırlar. Çətin və uzun olsa da, “uğur” əldə edən  xakerlər də olur. Əgər siz kifayət qədər mürəkkəb, hərf, rəqəm, simvollardan istifadə etmisinizsə, o  zaman çox da narahat olmayın.

Hiylə. Bu məqamda günahkar da, qurban da istifadəçi özü olur. Xakerlər  çox güclü hiylə işlədərək, istifadəçidən elektron poçtda təhlükəsizlik üçün şifrənizi yenidən təqdim etməyinizi istəyir. Nəticədə, istifadəçinin hədiyyə etdiyi paroldan rahat şəkildə faydalanır.

Fürsət. Xakerlər saxta, uzun müddət istifadə olunmayan, təhlükəsiz qaydalarına tam əməl etməyən hesabları asanlıqla ələ keçirirlər. İstifadəçilər çox vaxt müxtəlif hesabları unutmamaq üçün eyni şifrəni tətbiq edirlər. Xaker bir dəfə parolu kəşf etməklə eyni anda bütün hesablarına daxil ola bilir. Bu baxımdan  hər hesabınız üçün fərdi şifrə təyin edin.

Xüsusi proqramlar. Şifrə qırmaq üçün xakerlər pullu proqramlardan istifadə edirlər.  Qiyməti baha olan, adətən adı çox ciddi qorunan  bu proqramlar vasitəsilə əziyyət çəkmədən məsələni həll edirlər. Hətta wi-fi parollarını qırmaq üçün bir sıra pulsuz və rahat tapılan  proqramlar da var.

Standart kodlar. Bəzən xüsusi kodlar olur ki, onları  tuşladıqda avtomatik olaraq şifrə göstərilir. Xüsusi qruplara bölünən bu kodlar simvollardan, rəqəmlərdən ibarət olması ilə seçilir.

Xakerlər  çox vaxt gördükləri bu işdən pul qazanırlar. Hətta bununla bağlı xüsusi xidmətlər də yaradılıb. Son zamanlar isə “instaqram”, “facebook”, “whatsapp” şifrələnin sındırılmasına xüsusi maraq yaranıb.  Onlar tanıtım kampaniyalarını da məhz sosial şəbəkələr, xüsusən də “instaqram”dan edirlər.

Bəzi xakerlər isə sırf maraq üçün, ya da şəxsi bilgilər, gizli məlumat etmək üçün bunu edirlər.  Əsasən məşhur insanların hesablarının da tez-tez şahidi oluruq. Son zamanlar daha çox artan bu cür hadisələrdən qorunmaq üçün isə yeganə çıxış yolu çox gizli, mürəkkəb və hər hesabın özünə uyğun şifrələr təyin etmək lazımdır. Xakerlərin nə zaman və necə bir həmlə edəcəyindən heç kəs xəbərdar deyil. Ona görə də “sığortalanmaqda” fayda var. Buna görə də şifrə seçərkən çox diqqətli olmaq lazımdır.

Bəs xaker hücumlarından qorunmaq üçün hansı qaydalara əməl etməliyik?

Şəxsi məlumatların mövcud olduğu hesabların  parollarını çox insana deməyin.

Sadə sözlərdən  ibarət olan şifrə təyin etməyin.

Şifrənizi kifayət qədər uzun,  mürəkkəb, rəqəm və simvollar əsasında seçin.

Parolunuzu istəyən  hər sorğuçuya  verməyin. Xüsusi saytlar  var ki, onlar sırf bu məqsədi güdürlər.

Daxil etdiyiniz şifrəni  yaddaşa verməyin. Sizə parolunuzu daxil etdikdə,  sual verirlər: “yadda saxlanılsın?”

Müxtəlif  hesablar üçün  eyni parolu istifadə etməyin. Bu zaman  qırılan parollarla bütün hesablarınıza daxil olmaq mümkün olur.

Parolunuzu tez-tez dəyişdirin. Mütəmadi olaraq eyni paroldan uzun müddət istifadə etməyin. Parolunuzu tez-tez yeniləyin.

Parolunuzu sırf özünüzə aid  məlumatlarla təyin etməyin. Xüsusilə, ad, soyad və təvəllüd.

Yaqut Ağaşahqızı, “İki sahil”