Son vaxtlar yuxudan belə həyəcanla oyanmağım yadıma gəlmir. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gedirdik. Bu kənd indi ölkəmizdə çox məşhurdur, hətta sorağı sərhədlərimizi də aşıb. Aprel döyüşlərinə qədər daim erməni silahlı qüvvələrinin atəşi altında olan, 24 il sonra azadlığına, sakinlərinə qovuşan bu kəndi ziyarət edənlərin ardı-arası kəsilmir. Bu baxımdan bizim də arzumuz gerçəkləşdi. Aprelin 3-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Cocuq Mərcanlı kəndinə səfərə çıxdıq. Avtobusumuz səhər tezdən YAP Səbail rayon təşkilatının qərargahının qarşısından yola düşdü.
Rahat yollarla Cocuq Mərcanlıya doğru şütüyən avtobusla nəhayət 6 saatlıq uzun yoldan sonra məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşən bu məşhur kəndə çatdıq. Qəribə hisslər keçirirdim. Axı, gözümüzün önündəki mənzərə tamamilə fərqli idi: rahat yollar, səliqə ilə sıralanmış evlər, müasir yaşayış məskəni və bu ulu yurdun halal sakinləri...
Hər kəsin qəti mövqeyi belədir ki, bu kənd cənab Prezident İlham Əliyevin güclü siyasi iradəsinin və qətiyyətinin təcəssümüdür... 2016-cı ilin aprel ayında Ermənistanın cəbhə bölgəsində növbəti təxribatına cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz tutarlı cavab verdi və layiqli qələbə qazandıq. Minlərlə hektar torpağımızın işğaldan azad olunması, strateji əhəmiyyətli Lələtəpə və digər yüksəkliklərin ordumuzun nəzarəti altına keçməsi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əsarətdən qurtulması bu gün də qəlbimizi olduqca fərəhləndirir.
Belə ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 1994-cü ildə həyata keçirilən uğurlu “Horadiz əməliyyatı” zamanı Füzuli rayonunun 20-dən çox yaşayış məntəqəsi ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edildi. Lakin kəndin yaxınlığındakı böyük strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi erməni işğalçılarının nəzarətində olması kənd sakinlərinin ora qayıtmasını mümkünsüz edirdi. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyi erməni işğalından azad edildi və nəticədə kənddə insanların təhlükəsiz yaşaması mümkün oldu. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş ərazidə əsaslı yenidənqurma işlərinə başlanıldı.
Cocuq Mərcanlı kəndinə ilkin mərhələdə 50 ailə, ikinci mərhələdə isə 70 ailə köçürüldü. Ümumilikdə, 1428 nəfərin köçürüldüyü kəndə daha 30 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulub.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə burada aparılan misilsiz quruculuq işləri, Cocuq mərcanlıların doğma yurda dönüşü yaxın tariximizin qəlbimizi qürurla dolduran hadisələridir. Bu qüruru Cocuq Mərcanlıda - göz yaşlarına qərq olan sevinclə bir daha yaşayırıq.
Lələtəpə yüksəkliyindəki üçrəngli bayrağımız mənə Azərbaycan Ordusu qədər qüdrətli, güclü görünür. Hətta o qədər güclü ki, üçrəngli bayrağımız yüksəklikdə məğrurcasına düşmənə meydan oxuyur, sakinlərə dəyanət verir, əminlik bəxş edir. Qəsəbənin girişindəki böyük yol nişanına baxanda gözlərim dolur. Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına, Şuşaya, Xankəndinə aparan yolların məsafəsi bu lövhədə əks olunub.
Cocuq Mərcanlı kəndindəki şəhid Novruz Aslanov adına tam orta məktəbdə şagirdlər üçün gözəl şərait yaradılıb. Bu müasir təhsil ocağında hazırda 100-ə yaxın şagird oxuyur. 2017-ci ildə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilən Cocuq Mərcanlı məscidində isə dilimizdə ancaq bir dua səslənir: “Tezliklə Şuşa məscidini ziyarət edək...”
Səfər çərçivəsində ziyarət etdiyimiz Füzuli rayonunun Alıxanlı kənd qəbristanlığında uyuyan balaca Zəhranın və nənəsinin məzarı önündə isə hamımız susuruq. Zəhranın daşa həkk olunan gül çöhrəsi, məsum baxışları adamın ürəyini parçalayır! Leyla Əliyevanın misralarını xatırlayıram: “Bağışla ki, mən səni tanımırdım...”
Gün başa çatır, elə Cocuq Mərcanlıya ziyarətimiz də... Sanki Kəbəni ziyarət etdik. Bu qələbəyə, bu ziyarətə və nəhayət bu sevinci bizə bəxş etdiyinə görə Prezident İlham Əliyevə borcluyuq! Var olun, cənab Ali Baş Komandan! Sizin müdrikliyiniz, sizin qüdrətinizlə belə zəfərlərimiz, belə ziyarətlərimiz hələ çox olacaq...
Cavid Əkbərov,
Bakı-Cəbrayıl-Bakı