11 aprel 2019 14:13
3524

Dön geri bax, dost

Yaxın keçmişə bir nəzər

Zeyqəm Hüseynovla tanışlığım 1985-ci ildən başlayıb. Mən Xaçmaz rayon Məhkəməsinə hakim təyin olunmuşdum. Zeyqəm müəllim isə həmin vaxt Zəngilan rayon Məhkəməsinin hakimi idi. Zeyqəm Hüseynov 1990-cı ildə Xaçmaz rayon məhkəməsinə sədr təyin olundu. Əsas tanışlığımız və dostluğumuz bundan sonra başladı. Elə ilk gündən söhbətimiz tutdu. Dostlaşdıq. O, çox alicənab adam idi. Dost da olsaq aramızda böyük-kiçik, sədr-hakim münasibəti qalırdı. Zeyqəm müəllim gənc hakimlərə və kollektivə olduqca qayğı, diqqət göstərirdi.

Zeyqəm Hüseynov 1949-cu il fevral ayının 24-də Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.  1976-1987-ci illərdə Zəngilan rayon məhkəməsinin, 1987-1990-cı illərdə Füzuli rayon məhkəməsinin hakimi işləyib. 1990-2000-ci illərdə Xaçmaz rayon məhkəməsinin sədri, 2000-2007-ci illərdə Ali məhkəmənin hakimi, 2007-ci ildən indiyə kimi Sumqayıt şəhər məhkəməsinin sədri işləyir.

1992-ci ildə mən Xaçmaz rayonuna Prokuror təyin olundum. Zeyqəm müəllim isə  məhkəmə sədri kimi öz işini davam etdirirdi. Yenə də hər gün görüşür, yaranan problemləri bir yerdə həll edərdik.  Sonra mən Quba, Biləsuvar Respublika prokurorluğunda və Sabirabad rayonunda prokuror işlədim. Zeyqəm müəllim isə Ali Məhkəmədə hakim işlədi. Xaçmazda bir yerdə işlədiyimiz illərdə mən onun şəxsiyyətinə, xarakterinə tam bələd oldum. Xalqın rəğbətini, məhəbbətini qazanmaq asan olmadığı kimi, təmiz adı qoruyub saxlamaq da bir o qədər də asan deyil. Ancaq Zeyqəm Hüseynov işlədiyi bütün yerlərdə qazandığı təmiz adı qoruyub saxlamağı həmişə özünün həyat amalı hesab edib. Ona hamı yaxşı adam deyir. Hansı rayonda, hansı vəzifədə işləyibsə onu bu adla çağırıblar. Başqa bir adla çağırmaq olmazdımı? Əlbəttə olardı. Ancaq xalq seçim edəndə yanılmır. Zeyqəm Hüseynov heç bir təqdimatsız, heç bir mübaliğəsiz və nəhayət heç bir xüsusi tapşırıqsız özü üçün əməllərinə, şəxsiyyətinə, qabiliyyətinə yaraşam bir titul qazanıb. Bu elə bir tituldur ki, onu ancaq ətraf sənə bağışlayır, özü də səndən xəbərsiz, səndən soruşmadan.

Ədalətli hakim

İllər insana çox şey öyrədir. İnsan formalaşır, püxtələşir və nəhayət müdrikləşir. Öz təcrübəmdən deyə bilərəm ki, vəzifədən çox insana hörmət gətirən onun illərlə cəmiyyətdə qazandığı nüfuzudur. Zeyqəm Hüseynov həyatın mütləq həqiqətlərini dərk etmiş, dünyanın hər üzünü görmüş, yaxşını-pisdən, ağı-qaradan ayırmağı bacaram bir insandır. Zeyqəm müəllim Allahın sevdiyi, gözütox, ürəyi yumşaq, qəlbi açıq və olduqca xeyirxah adamdır. O, dörd mühüm keyfiyyəti özündə birləşdirib.

Birincisi- Dövlətə və dövlətçiliyə olduqca sədaqətlidir. Ədalətli hakimdir. Hakim kimi qəbul etdiyi qərarlar özü kimi obyektiv və ədalətli olur.

İkincisi- O, alovlu vətənpərvərdir. Dost-tanış, qohum -əqrəba üçün əlindən gələni edir.

Üçüncüsü - Xalq üçün, onun mənəvi-zehni inkişafı, iqtisadi-dirçəlişi üçün nə bacarıbsa əsirgəməyib.

Dördüncüsü- Zeyqəm müəllim mərhəmətli və imanlı insandır.  Zəngin mənəviyyat, geniş qəlb sahibidir. Sadaladığım bu dörd amil Zeyqəm Hüseynovun dünyagörüşündə və fəaliyyətində  mühüm yer tutur. Belə adamların bir adı var. –BÜTÖV ADAM.

Zeyqəm Hüseynov sözün həqiqi mənasında bütöv adamdır. Rastlaşdığım, təmasda olduğum adamlarda görmədiyim bir çox müsbət keyfiyyətlər var ki, mən bunları Zeyqəm müəllimdə kəşf etmişəm. O çox səbirli və təmkinli adamdır.  Atalar belə insanlar haqqında deyiblər: “Dərin sular bulanmaz” Zeyqəm müəllim də sanki dərin bir dəryadır. Hər dalğanın onu bulandırmağa gücü çatmaz.

Xoşbəxt taleli adam

Ucalıq...Ucalıq deyəndə göz önünə ilk dəfə həqiqi coğrafi yüksəklik-dağlar, zirvələr gəlir. Günəşi ilk dəfə görən və sonuncu vidalaşan da uca yerlər, uca nöqtələrdir. Ancaq bu ifadəni təkcə coğrafi mənada düşünmək düzgün deyil. Dilimizdə bir insan ucalığı deyilən  məna da var. Hər insana ucalmaq nəsib olmur. Bu bir tərəfdən Allahın yazısı olsa da, digər tərəfdən insanın özündən zəhmət tələb edir. Zeyqəm Hüseynov da məhz öz zəhməti, hesabına bu ucalığı fəth edib. Zeyqəm Hüseynov xoşbəxt adamdır. Xoşbəxt adam olmağın bəlkə də düsturları çoxdur. Ancaq yəqin ki, onların ən ümdələrindən biri “həmişə sevilən adam” olmaqdır. Zeyqəm müəllim  həmişə sevilib, bu gün də sevilir, bundan sonra da nə qədər ömür yaşayacaq yenə də seviləcək.

Əl tutmaq Əlidən qalıb

Əl tutmaq təkcə kiməsə maddi yardım etmək demək deyil. Məncə əl tutmaq eyni zamanda ədalətli hakim, ədalətli prokuror olmaq deməkdir. İnsan çətinliyə düşəndə onun son ümid yeri məhkəmə olur. Zeyqəm Hüseynov hakim işlədiyi bu əlli ildə həmişə ədalətin tərəfində olub, haqqı qoruyub. Dünya kiməsə kömək etməkdən məmnunluq duyan adamlardan heç vaxt xalı olmayıb.  Zeyqəm Hüseynov ziyalıdır. Əsl ziyalı üçün isə ən vacib olan əsas keyfiyyətlərdən biri dövrün ictimai-siyasi proseslərinə münasibətdə düzgün mövqe tutmaqdır. Azərbaycan xalqının böhranlı  günlər yaşadığı dövrdə o,  ən düzgün yolu-böyük tarixi şəxsiyyət Heydər Əliyevin yolunu seçdi və bu gün də öz məsləkinə, əqidəsinə sadiqdir. Bu sadiqlik təkcə söz olaraq bitmir. O, həm də düşünür ki, hansısa adama edilən yaxşılıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi kursa az da olsa köməkdir. Həmin adamın dövlətinə inamının daha da artmasıdır.  

Ömür də bir dövlətdir

Bir dəqiqə də insan ömrüdür. Bəzən bir şəxsin kimliyini bilmək üçün elə bir dəqiqə də kifayət edir. Zeyqəm müəllimin insanlarla ünsiyyət yaratmaq bacarığı, nikbinliyi, həmsöhbətini dinləmək məharəti, yüksək mədəniyyəti adamda qibtə hissi doğurur. Onun ömür kitabının  hər səhifəsində ləyaqətli bir hakim ömrünün dəqiqələri canlanır. Həmişə ləyaqətini, şəxsiyyətini bütün maddi nemətlərdən üstün tutan insanlar xalqın doğmalarına çevrilirlər. Bu keyfiyyətlər həmin  şəxsləri xalqa daha da doğmalaşdırır.

Zeyqəm Hüseynov insana qarşı çox diqqətlidir. Onunla həmsöhbət olduqda görürsən ki, o, təkcə gözəl dost, yoldaş deyil, həmçinin kövrək, səmimi, səxavətli, həssas insandır.

Sözlərim heç kimə qəribə gəlməsin, bu sözlərin ünvanı səhv düşməyib. Ömür də bir var-dövlətdir, xərclənə-xərclənə qurtarır. Nası olsan boşuna, ayıq olsan üslub-üslub xeyirli, faydalı işlərə xərcləyərsən ömrünü. Yararlısı odur ki, böyük-böyük məqsədlər yolunda, haqq uğrunda təbii axarından çıxmadan, gələcəyinə, nəslinə kök ola –ola xərcləyəsən ömrünü Zeyqəm Hüseynov kimi.

Xaçmazın fəxri vətəndaşı

Zeyqəm Hüseynov Xaçmazda işlədiyi illərdə xaçmazlıların ümid, Inam yeri olmuşdur. O Xaçmazın fəxri vətəndaşıdır. Bu gün də onlarla əlaqə saxlayır. Xaçmazlılar ona “Bizim Zeyqəm müəllim” deyirlər.

Bütövlük-cəmi bircə kəlmə söz. Bu ifadə dəyəri, məzmunu və mahiyyəti ilə Zeyqəm Hüseynova layiq təşbehdir. O, sözün həqiqi mənasında bütöv insandır. Zeyqəm Hüseynov qibtə olunası adamdır. Bunu Xaçmazda bir yerdə işlədiyimiz zaman çox  müşahidə etmişəm. O, istər rayon, şəhər məhkəmələrində, istərsə də Ali Məhkəmədə işləyərkən həmişə qərəzsiz, obyektiv və ədalətli hakim olub. Xudbinlik və ambisiya ona yaddır. Sağlam  düşüncəli və yüksək səviyyəli bir insan kimi o, xırda hislərdən, şəxsi qərəzlik  məsələlərindən çox-çox uzaqdır. O, nə qədər tələbkardırsa, bir o qədər də ədalətli, xeyirxah və alicənabdır.

Zirvədən geriyə baxanda

Adam var ki, ötən günləri yada salanda heyfsilənir, və təəssüf  hissi keçirir. Amma hesab edirəm ki, Zeyqəm Hüseynov keçdiyi ömür yolunun zirvəsindən geriyə baxanda qürur hissi keçirir. Çünki arxada qalan illər ona şərəf gətirib. O illər ki, onun ağrısı-acısı, sevinci –kədəri olub. Elə Zeyqəm Hüseynovu da yaşadan, sabaha bir addım da aparan həmin ümidli günlərdi. O günlər ki, orada xoşbəxt ailə, xoşbəxt övladlar və nəvələr var. Onun nəvələri ona hər gün bir dünya sevinc bəxş edir. Zeyqəm müəllim deyir ki, əsəbi vaxtlarımda, narahat məqamlarımda nəvələrimi görəndə hər şeyi unuduram və dünya mənim gözümdə daha gözəl görünür.

70-in mübarək 

Fevral ayının 23-də Zeyqəm Hüseynovun 70 yaşı tamam oldu.

70 yaş... Götürəndə bir o qədər də zaman kəsiyi deyil. Təbii ki, say baxımından. Ancaq 70 yaşın  insan ömründəki izlərini, çalarlarını göz önünə gətirəndə istər-istəməz bir an əlini  çənənə söykəyib fikrə getməli olursan. Bu 70  yaşın  içində uşaqlıq, gənclik orta yaş...

Dahilərdən biri deyib ki, yaş insanı qocaltmır-müdrikləşdirir. İndi Zeyqəm Hüseynov daha məğrur, daha qürurlu görünür. Onu belə qürurlu edən keçdiyi şərəfli ömür yoludur. Bu gün Azərbaycanın tanınmış bir Ədliyyə işçisi, dövlət xadimi, böyük bir kollektivin rəhbəri 70 yaşdan sonrakı qapını açıb içəri keçir. Bundan sonra nələr olacaq, nələr gələcək? Mənə elə gəlir ki,  Zeyqəm Hüseynov bu barədə bir o qədər də narahat deyil. Çünki 70 illik bünövrə var və bundan sonra nə  gələcəksə o bünövrənin üstünə gələcək. Özül möhkəm olandan sonra qorxmağa, çəkinməyə dəyməz. Bütün səni sevənlər adından, dostların, tanışların adından deyirəm -70-in mübarək. Sən keçdiyin ömür yolu ilə həmişə fəxr edə bilərsən. Dön geri bax, əziz dost!.

Seyfəddin Həsənov,

Təqaüddə olan Prokuror, Baş Ədliyyə müşaviri, Prokurorluğun Fəxri işçisi