11 aprel 2019 17:59
1212

Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri təsdiqlənib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

“iki sahil” xəbər verir ki, fərmanla Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında əsasnamədə deyilir: 

1. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinə tam uyğun şəkildə, ikiüzlü qumaşdan hazırlanır və eninin uzunluğuna nisbəti 1:2-dir.
2. Bayrağın hər iki üzünün ortasında Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının emblemi təsvir edilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli həriflərlə “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı kənarı boyu yaşıl zolaqda isə “SİLAHLI QÜVVƏLƏRİNİN ALİ BAŞ KOMANDANI” sözləri yazılmışdır.
3. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının emblemi tiyələri yuxarı yönəlmiş çarpazlaşdırılmış qılıncların iti ucları arasında yerləşən Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirindən ibarətdir. Qılıncların tiyələrinin aşağı əsaslarından uclarına doğru hər iki tərəfə dəfnə budaqları yönəlmişdir. Dəfnə budaqları və qılıncların dəstəkləri qızılı, tiyələri isə gümüşü rəngdədir.
4. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının dirəyi girdə taxtadandır. Dirək tünd qəhvəyi boya ilə rənglənir, laklanır və yuxarı ucu aypara ilə səkkizguşəli ulduz formalı nikellənmiş metal başlıqla örtülür.